Siyavuş Novruzov: "Təhsili olmayan övladı pulla işə düzəltmək düzgün deyil"
“Məmura rüşvət təklif edən şəxslər də məsuliyyət daşımalıdırlar. Çünki rüşvət təklif edən tərəf olmasa, məmurun da belə qanunsuz vəsaiti əldə etməsi mümkün olmaz. Övladlarının kifayət qədər təhsili və peşə hazırlığı olmadığı halda, müxtəlif vasitələrdən, o cümlədən pul və hədiyyələrdən istifadə edərək onları işə düzəltməyə çalışmaq düzgün deyil”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Siyavuş Novruzov bildirib.
Deputat ilk növbədə vəzifəli şəxslərin bəyannamə təqdim etməsi məsələsinə diqqət çəkib. O bildirib ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində məsuliyyətə cəlb olunan bəzi məmurların qanunsuz yollarla əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohumlarının və yaxınlarının adına rəsmiləşdirməsi halları ilə rastlaşılır:
“Bəzi şəxslər qeyri-qanuni yollarla əldə etdikləri vəsaitlərin mənbəyini izah edərkən onların guya keçmişdən qaldığını, babalarından miras olduğunu bildirirlər. Halbuki araşdırma aparıldıqda həmin sərvətin göstərilən mənbədən əldə edilmədiyi üzə çıxa bilər. Hesab edirəm ki, bəyannamələrin əvvəlcədən təqdim edilməsi bütün bu məsələlərin açıq şəkildə ortaya çıxmasına imkan verəcək”.
O, qanun layihəsinin digər mühüm tərəfinin ədalətsiz sahibkarlığın qarşısının alınması olduğunu deyib. Bildirib ki, qeyri-qanuni yollarla əldə edilən böyük vəsaitlərin ticarət, tikinti, fermer təsərrüfatı və digər sahələrə yatırılması kiçik və orta sahibkarlara ciddi maneələr yaradır:
“Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaşlar öz fəaliyyətlərini qurmaq üçün banklardan 23-24 faizlə kredit götürürlər. Digər tərəfdən, qeyri-qanuni yollarla əldə edilmiş böyük maliyyə resurslarına malik şəxslər həmin vəsaitləri biznesə yatıraraq məhsullarını maya dəyərindən aşağı qiymətə sata bilirlər. Nəticədə kiçik və orta sahibkarlar rəqabətdə uduzur. Minlərlə insan, xüsusilə kənd yerlərində yaşayanlar biznes fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum olurlar”.
S.Novruzov hesab edir ki, qanunun qəbulu sahibkarlıq mühitində ədalətli rəqabətin təmin olunmasına töhfə verəcək. Deputat çıxışında rüşvət təklif edən şəxslərin də məsuliyyət məsələsini qabardıb. Onun sözlərinə görə, korrupsiya ilə mübarizədə yalnız məmurların deyil, onlara qanunsuz təkliflər edən şəxslərin də davranışı nəzərə alınmalıdır:
“Məmura rüşvət təklif edən şəxslər də məsuliyyət daşımalıdırlar. Çünki rüşvət təklif edən tərəf olmasa, məmurun da belə qanunsuz vəsaiti əldə etməsi mümkün olmaz. Övladlarının kifayət qədər təhsili və peşə hazırlığı olmadığı halda, müxtəlif vasitələrdən, o cümlədən pul və hədiyyələrdən istifadə edərək onları işə düzəltməyə çalışmaq düzgün deyil. Bu, həm dövlətə, həm müvafiq rayonun, həm də aidiyyəti qurumun fəaliyyətinə zərər vurur”.
Siyavuş Novruzov korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsi məsələsinə də toxunub. Bildirib ki, bu istiqamətdə daha əvvəl qəbul edilmiş qanunvericilik aktı hazırkı layihə ilə əlaqəli və onun davamı kimi qiymətləndirilə bilər.
Bəsti Rəfizadə
Sfera.az






