Dövlət qulluğunda ehtiyat kadr çoxluğu: Vakant yerlər tutulmur

Azərbaycanda dövlət qulluğunda 2 800-dən çox vakant vəzifənin olduğu açıqlanıb. Eyni zamanda, müsabiqələrdə bir vakansiyaya bir neçə namizədin müraciət etməsinə baxmayaraq, təyinatların sayı vakant yerlərin yarısından da azını təşkil edir.
Bəs namizədlərin illərlə ehtiyat siyahısında qalması dövlət qulluğuna qəbul sistemində hansı problemdən xəbər verir?
Əmək bazarı üzrə ekspert Sahib Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, vakant vəzifələrin mövcud olması onların dərhal tutulacağı anlamına gəlmir.
Ekspertin sözlərinə görə, dövlət qulluğuna qəbul birinci-beşinci kateqoriyalar üzrə test imtahanı və müsahibə mərhələləri əsasında həyata keçirilir və bu proses müəyyən vaxt tələb edir:
“Bəzən bir vakant vəzifə üçün bir neçə namizəd olur və onlardan yalnız biri qəbul edilir, qalanları isə ehtiyat siyahısında qalırlar. Ola bilsin ki, müəyyən şəxslərin ixtisası bəzi peşələrə uyğun gəlmir. Bir vəzifə üzrə ehtiyat kadrlar çox, digər vəzifə üzrə isə çatışmazlıq ola bilər”.
O deyib ki, ehtiyat siyahısında qalmaq da namizədin mütləq şəkildə vakant vəzifəyə təyin olunacağı anlamına gəlmir:
“Məsələn, namizədə regionda olan vəzifə təklif edilə bilər və həmin şəxs bu vəzifəyə getməkdən imtina edə bilər. Eyni zamanda, namizədin ehtiyatda olduğu sahə mövcud vakansiyanın tələblərinə uyğun gəlməyə bilər”.

S.Məmmədov qeyd edib ki, hazırda Dövlət Qulluğu Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi gözlənilir. Onun fikrincə, nəzərdə tutulan dəyişikliklərdən biri sertifikatın qüvvədə olma müddətinin 5 ildən 2 ilə endirilməsidir:
“Ehtiyat kadrların olması hələ o demək deyil ki, onların hamısı boş vəzifələrə qəbul olunmalıdır. Bu, uzun illərdir davam edən prosesdir. Ən şəffaf işə qəbul mexanizmlərindən biri də məhz budur. Burada müəyyən problemlər var və həmin problemləri aradan qaldırmaq üçün yeni Dövlət Qulluğu Məcəlləsinin qəbul olunması nəzərdə tutulur”.
Ekspert əlavə edib ki, yeni dəyişikliklər bütün problemləri tam həll edəcəyini anlamını vermir, lakin dövlət qulluğuna qəbul prosesində maksimum obyektivliyin təmin edilməsinə imkan yaradır:
“Minlərlə, hətta on minlərlə gənc dövlət qulluğuna yalnız bilikləri, dünyagörüşü və davranış mədəniyyəti əsasında qəbul olunub, işləyir və karyera pillələri ilə inkişaf edir”.
İradə Elsevər






