Logo

Razi Nurullayev: "Fövqəladə Sosial Dəstək Fondu yaradılsın"

Razi Nurullayev: "Fövqəladə Sosial Dəstək Fondu yaradılsın"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təklif edərdim ki, dövlət büdcəsində ayrıca Fövqəladə Sosial Dəstək Fondu yaradılsın”.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, deputat Razi Nurullayev parlamentin bugünkü plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Parlamentari çıxışında sosial müdafiə sistemindəki boşluqlardan danışıb və təkliflər irəli sürüb:

“Təsəvvür edək, bir ailənin ötən il normal gəliri olub. Ancaq bu gün ailə başçısı ağır xəstələnib, işini itirib, qəza keçirib və ya ailənin başına başqa bədbəxt hadisə gəlib. Ailənin iqtisadi vəziyyəti bir neçə gün ərzində tamamilə dəyişib. Amma mövcud qiymətləndirmə mexanizmi ailənin əvvəlki dövr üzrə gəlirlərinidə nəzərə alır. Nəticədə insanın bugünkü ehtiyacı ilə sosial yardım meyarları arasında ciddi fərq yaranır.
Digər tərəfdən, elə xəstələrimiz var ki, müalicə və dərman xərclərini qarşılamaq imkanları yoxdur, bəzi zəruri xidmətlər isə icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Sosial Xidmətlər Agentliyinin xidmətlərinə ehtiyacı olan, lakin müxtəlif, o cümlədən bəzən səhlənkarlıq səbəblərindən həmin xidmətlərə çıxış əldə edə bilməyən vətəndaşlarımız da kifayət qədərdir.

Burada haqlı bir sual yaranır: mövcud sosial müdafiə mexanizmlərinə müxtəlif obyektiv və subyektiv səbəblərdən çata bilməyən, amma həqiqətən köməyə ehtiyacı olan insan nə etməlidir? Necə yaşamalı, necə sağ qalmalıdır?”.

Deputat bütün bu problemlərə görə ayrıca Fövqəladə Sosial Dəstək Fondunun yaradılmasını təklif edib:

“Bu fond ağır xəstəlik, qəza, yanğın, ailə başçısının vəfatı, qəfil gəlir itkisi və digər gözlənilməz hadisələr nəticəsində ağır vəziyyətə düşən ailələrə operativ və ünvanlı yardım göstərsin. Müraciətlərə qısa müddətdə baxılsın, təxirəsalınmaz hallarda ilkin yardımın gecikdirilməməsi təmin edilsin.
İkinci məsələ minimum pensiyaların real alıcılıq qabiliyyətidir. Pensiyanın nominal məbləğinin artırılması həmişə pensiyaçının həyat şəraitinin yaxşılaşması demək deyil. Ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri xərclərin artması nəzərə alınaraq, pensiyaların indeksləşdirilməsi mexanizminin real yaşayış xərclərinə daha həssas olması vacibdir. Xüsusilə yalnız pensiya hesabına yaşayan vətəndaşların sosial vəziyyəti xüsusi diqqət və əməli tədbirlər tələb edir. Üçüncü məsələ uzunmüddətli xəstəlik səbəbindən gəlirini itirən insanlardır. Bəzi vətəndaşlar aylarla müalicə alır, işləmək imkanını itirir, eyni zamanda ailənin gündəlik xərcləri vəmüalicə məsrəfləri davam edir. Belə hallarda mövcud müavinətlərin yetərliliyi və əhatə dairəsi yenidən qiymətləndirilməli, uzunmüddətli xəstəlik dövründə gəlir itkisini qismən kompensasiya edən əlavə sosial dəstək mexanizmi nəzərdən keçirilməlidir”.

R.Nurullayev hər il ünvanlı sosial yardım üçün müraciət edənlərin, yardım alanların, imtina cavabı alanların və şikayəti təmin olunanların sayı, eləcə də imtinaların əsas səbəbləri ictimaiyyətə açıqlanmasını tələb edib:

“Biz sistemin nə qədər vəsait xərclədiyini bilməklə yanaşı, bu vəsaitin həqiqətən ehtiyacı olan insanlara nə dərəcədə çatdığını da görməliyik. Sosial müdafiənin məqsədi yalnız pensiya və müavinət ödəməkdeyil. Əsas məqsəd insanı həyatının ən çətin anında köməksiz qoymamaqdır. Bəzən vaxtında verilən bir neçə min manatlıq yardım ailənin borca düşməsinin, müalicəsiz qalmasının və dahaağır sosial vəziyyətə yuvarlanmasının qarşısını ala bilər.
Xahiş edirəm, bu təkliflər hökumət tərəfindən kompleks şəkildə araşdırılsın, 2027-ci ilin dövlət büdcəsində əlavə sosial dəstək mexanizmləri üçün maliyyə imkanları nəzərdən keçirilsin və onların həyata keçirilməsi üçün konkret icra mexanizmləri müəyyən edilsin”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR