"Dövlət ailəyə “övlad sahibi olun” deməməlidir" - Deputat

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev gənc ailələrə dövlət dəstəyinin artırılması və ailə, valideynlik və uşaqların hüquqları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib.
Sfera.az xəbər verir ki, deputat “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” qanun layihəsinin parlamentin payız sessiyasının iş planına daxil edilməsini istəyib.
“Gənc ailə üçün övlad sahibi olmaq bir günlük qərar deyil, ən azı 18-20 il davam edən böyük məsuliyyətdir. Ona görə də dövlətin ailənin yalnız uşağın doğulduğu anda deyil, bütün bu mərhələlər boyunca yanında olmasını vacib görürəm. Dünya təcrübəsində də məsələyə yalnız pul dəstəyi kimi deyil, mənzil, uşaq baxımı, valideynlərin əmək fəaliyyəti, təhsil və gələcək maliyyə təhlükəsizliyini əhatə edən kompleks sistem kimi yanaşılır”, - Razi Nurullayev bildirib.

Deputat Azərbaycanda ailələrə və uşaqlara müxtəlif istiqamətlərdə dövlət dəstəyinin göstərildiyini, lakin mövcud imkanların müxtəlif qanunlar, proqramlar və mexanizmlər arasında dağınıq olduğunu deyib.
“Bu qanunun məqsədi mövcud dövlət dəstəyi mexanizmlərini ləğv etmək və ya hər şeyə yenidən başlamaq deyil. Əksinə, bu gün mövcud olan hüquq və xidmətləri vahid hüquqi çərçivədə toplamaq, sistemləşdirmək və vətəndaş üçün daha aydın, əlçatan etmək, bununla bərabər digər yeni kompleks xidmətləri də əlavə etməkdir”, - deputat qeyd edib.
Razi Nurullayev gənc ailələrin mənzil, uşaq baxımı, məşğulluq və təhsil məsələlərinin də yeni qanun çərçivəsində nəzərə alınmasını təklif edib.
Onun sözlərinə görə, güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilkin ödənişə dövlət dəstəyi, uşaqlı ailələr üçün əlavə mexanizmlər, bağçaların əlçatanlığı və valideynlər üçün uyğun əmək şəraiti bu siyasətin əsas istiqamətlərindən ola bilər.
Deputat vurğulayıb ki, demoqrafik problemləri yalnız inzibati çağırışlarla həll etmək mümkün deyil.
“Ən vacibi isə budur: dövlət ailəyə “övlad sahibi olun” deyən tərəf kimi yox, bu qərarın məsuliyyətini bölüşən bir tərəf kimi çıxış etməlidir. Məqsədimiz sadəcə daha çox uşağın dünyaya gəlməsi olmamalıdır. Məqsədimiz daha təhlükəsiz, daha imkanlı və övladını gələcəyə inamla böyüdə bilən ailələr yaratmaq olmalıdır”, - Razi Nurullayev əlavə edib.
Firuzə Əliyeva






