Tədris ilinin mayın sonunda bitməsi müsbət haldır? - Turizm ekspertindən TƏKLİF

Azərbaycanda tədris ilinin müddəti və yay tətilinin daha səmərəli təşkili ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Dərs proqramlarının daha intensiv şəkildə təşkil olunaraq may ayının sonuna qədər başa çatdırılması və yay tətilinin daha erkən başlaması ilə bağlı yanaşmalar da gündəmdədir.
Belə dəyişikliklərin şagirdlərin istirahəti ilə yanaşı, turizm sektoruna da təsir göstərə biləcəyi maraq doğurur. Bəs tədris ilinin daha erkən başa çatdırılması və il ərzində ara tətillərin artırılması turizm sektoruna hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, dərs ilinin son hissəsinin daha intensiv təşkil olunması və tətil müddətinin daha səmərəli planlaşdırılması turizm baxımından müəyyən imkanlar yarada bilər:

“Ümumiyyətlə, insanlar artıq sentyabrın 5-dən, 10-dan məktəb və dərslə bağlı hazırlıqlara başlayırlar. Ailələr öz yaşadıqları yerə və planlarına uyğun olaraq dərs ili ilə bağlı hazırlıqlarını qururlar. Amma mən düşünürəm ki, bunun əvəzinə, məsələn, yay tətili zamanı dərslərin iyunun 15-nə qədər davam etməsindənsə, dərslərin may ayının sonuna qədər bitirilməsi daha praktik olar. Bu, mənim şəxsi düşüncəmdir. Çünki faktiki olaraq biz məktəblərdən də görürük ki, dərslər əslində may ayının sonunda başa çatır. Hər birimizin evində övladlar məktəbə gedir, dərs oxuyur və iyunun 15-nə qədər bir çox təhsil müəssisəsində yalnız müəyyən dərslərin təkrarı aparılır. Bir çox hallarda proqram artıq başa çatmış olur və sadəcə təkrar prosesinə vaxt ayrılır. Mən düşünürəm ki, tədris ilinin son hissəsini, məsələn, may ayını daha intensivləşdirməklə dərsləri may ayının sonunda, iyunun əvvəlində başa çatdırmaq olar. Beləliklə, həm də yay mövsümüdür və turizmin daha dinamik olduğu dövrdür. İnsanlar həmin vaxtdan istirahət və turizm mövsümü kimi daha çox faydalana bilərlər. Bu da turizm mövsümünə müsbət təsir göstərə bilər”.
Ekspert əlavə edib ki, tətil sistemində alternativ yanaşmalardan biri də il ərzində qısamüddətli ara tətillərin artırılmasıdır:
“Çünki burada nəzərə alınmalı müəyyən məsələlər var. Amma istənilən halda bu, maraqlı yanaşmadır. Düşünürəm ki, təhsil bizim üçün vacibdir, amma təhsilin keyfiyyəti daha vacibdir. Bu mənada zamanın uzun müddət olması yox, əslində həmin müddətdə nə qədər keyfiyyətli təhsil aldığımız və ya təhsil verə bildiyimiz daha önəmlidir. Buna fokuslanmağımız vacibdir. İkinci bir baxış da var ki, adətən artıq dünyada bir trenddir: insanlar uzunmüddətli tətil əvəzinə il ərzində qısamüddətli ara tətillər götürürlər. Bu da turizm üçün müəyyən qədər stimul yarada bilər. Yay tətili daha qısa olur, amma ara tətillərinin il ərzində bölüşdürülməsi ilə istirahət və turistik səyahət imkanları yaranır”.
Bəsti Rəfizadə






