Avtomobil idxalı kəskin azaldı: Maşınlar bahalaşacaq?

Avtomobil idxalı kəskin azaldı: Maşınlar bahalaşacaq?
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 955 milyon 359,58 min ABŞ dolları dəyərində 48 min 398 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 30,8 faiz və 35 faiz azdır.

Bəs avtomobil idxalında 30 faizdən çox azalmanın əsas səbəbləri nələrdir? İdxalın azalması fonunda avtomobillərin bahalaşması gözlənilirmi? Bu tendensiya davam edərsə, qiymətlərin daha da artacağını proqnozlaşdırmaq olarmı? Əsasən hansı avtomobillərin qiymətində artım müşahidə edilə bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən “MasterClass” layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, avtomobil idxalının azalmasına bir sıra amillər təsir edir.


Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri subsidiyaların və güzəştlərin azalmasıdır:


“Bizdə artıq hibrid avtomobillərə tətbiq olunan güzəştlərin götürülməsi də bu məsələdə rol oynayır. Bu, təbii olaraq qiymətlərə təsir edir. Eyni zamanda, Çindən əvvəlki illərdə olduğu qədər rahat avtomobil gətirmək mümkün deyil. Çində də müəyyən markalara tətbiq olunan subsidiyalar azaldılıb. Bundan başqa, sıfır avtomobillərin ixracı ilə bağlı müəyyən tələblər var və avtomobilin müəyyən yürüş qət etməsindən sonra göndərilməsi məsələsi ortaya çıxır”.


Raqif Raufoğlu avtomobil bazarına təsir edən digər mühüm amilin logistika problemləri olduğunu deyib. O qeyd edib ki, mövcud geosiyasi vəziyyət və müxtəlif marşrutlarda yaranan çətinliklər daşınma xərclərini artırır:


“Bu gün dünyanın ən ciddi problemlərindən biri logistika məsələsidir. Marşrutlara baxanda artıq işlək olan, demək olar ki, bir əsas dəhliz qalıb. Hörmüz boğazı ilə bağlı problemlər və digər amillər də təsir göstərir. Üstəlik, Rusiyada yanacaq böhranı var. Buna görə yük maşınları əvvəlki kimi rahat hərəkət edə bilmirlər”.


Ekspertin sözlərinə görə, logistika ilə bağlı risklərin artması şirkətləri alternativ daşıma üsullarına yönəldir. Bu isə avtomobillərin Azərbaycana çatdırılma müddətinin və maya dəyərinin yüksəlməsinə səbəb olur:


“Şirkətlər dəmir yolu daşımalarına və digər uyğun marşrutlara, o cümlədən gəmi daşımalarına üstünlük verirlər. Amma həmin marşrutlar daha uzun məsafələrin qət edilməsini tələb edir və risklər artır. Risk artanda, təbii ki, daşınma xərcləri də yüksəlir. Bir sözlə, avtomobil əvvəlkindən daha baha qiymətə Azərbaycana gəlib çıxır. Buna həm subsidiyaların azalması, həm də logistika problemləri təsir edir”.


Raqif Raufoğlu hazırda bazarda ciddi avtomobil qıtlığının müşahidə olunmadığını bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətdə tələb-təklif nisbəti də qiymətlərə təsir edən əsas amillərdəndir:


“Hələ ki bazarda ciddi qıtlıq müşahidə olunmur. Tələb-təklif məsələsi öz sözünü deyir. Ötən ildən qalan və ilin əvvəlində gətirilən avtomobillər var. Həmin vaxt xatırlayırsınızsa, bazarda kifayət qədər avtomobilin olduğu və onların satılmasında çətinlik yaşandığı deyilirdi. İndi isə həmin avtomobillər artıq satılmağa başlayıb. Amma kim daha yeni, xüsusilə də cari ilin avtomobilini almaq istəyirsə, bunun üçün daha çox pul ödəməli olur”.


Ekspert ikinci əl avtomobil bazarında da müəyyən canlanmanın müşahidə edildiyini diqqətə çatdırıb. O bildirib ki, Amerikadan avtomobil gətirilməsinə marağın yenidən artması Çindən idxal olunan avtomobillərə alternativ formalaşdırır:


“Yaxşı tərəfi odur ki, daxili bazarda ikinci əl avtomobil bazarı işləyir. Amerikadan avtomobil gətirilməsinə marağın yenidən artdığını görürük. Sürücü baxır ki, aşağı-yuxarı Çindən gətirilən avtomobillə Amerikadan gətirilən avtomobil ona eyni qiymətə başa gəlir. Buna görə də artıq alternativ variantlara nəzər salır. Amma əsas məsələ subsidiyaların ləğvi və logistika problemləridir. Hazırda bazarda müşahidə etdiyimiz mənzərəyə bunlar ciddi təsir göstərir”.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR