Uşağın bağçaya asan adaptasiyası necə olmalıdır? - Neyropsixoloqdan AÇIQLAMA

Uşağın bağçaya asan adaptasiyası necə olmalıdır? - Neyropsixoloqdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

1 sentyabrdan etibarən bağçalarda yeni tədris ili başlayıb. İlk dəfə bağçaya gedən uşaqlar üçün isə bu dövr sadəcə yeni bir təhsil mərhələsi deyil, onların həyatında böyük bir dəyişiklikdir.

Yeni insanlar, yeni məkan, fərqli qaydalar, valideyndən ayrılmaq, tanımadığı səslər və gündəlik rejimin dəyişməsi uşaqlarda hansı dəyişikliklərə səbəb olacağı maraq doğurur. Böyük bir insan üçün adi görünən bu dəyişikliklər kiçik bir uşağın beyni üçün kifayət qədər böyük stress mənbəyi ola bilər.


Bəs uşaqların bağçaya adaptasiya dövrü necə olmalıdır? Körpələrdə qorxu və uzunmüddətli mənfi təcrübələrin yaranmaması üçün həm valideynlər, həm də bağça müəllimləri nə etməlidir?


Mövzu ilə bağlı açıqlama verən neyropsixoloq Aytəkin Aslan Sfera.az-a açıqlama verib. O, hər bir uşağın bağçaya adaptasiya dövrünün fərqli olduğunu bildirib:

“Neyropsixoloji baxımdan uşağın adaptasiyasının əsas şərti məlumatı nə qədər tez öyrənməsi deyil, özünü nə qədər təhlükəsiz hiss etməsidir. Uşaq özünü təhlükəsiz hiss etdikdə beyin tədricən sakitləşir, ətrafı müşahidə etməyə, insanlarla əlaqə qurmağa və öyrənməyə başlayır. Lakin qorxu və güclü stress vəziyyətində uşağın diqqəti öyrənməyə deyil, təhlükəni hiss etməyə yönəlir. Məhz buna görə də ilk günlərdə uşağın “Niyə hələ alışmadı?”, “Niyə ağlayır?”, “Digər uşaqlar ağlamır axı” deyə müqayisə edilməsi doğru yanaşma deyil. Hər uşağın temperamentinə, əvvəlki təcrübələrinə və emosional inkişafına uyğun fərqli adaptasiya tempi var. Valideynlər üçün ən vacib məsələ budur ki, öz həyəcanınızı uşağa ötürməyin. Bağçaya başlayan zaman yalnız uşaq həyəcan keçirmir. Əslində bir çox valideyn də övladından ayrılmaqla bağlı narahatlıq yaşayır”.


Ekspert valideynləri ən çox narahat edən məsələlərə də toxunaraq psixoloji tərəflərini və həll yollarını izah edib:


“Valideynləri ən çox düşündürən məsələlər sırasında uşağın çox ağlaması, travma yaşaması və ya bağçada ona yaxşı baxılıb-baxılmaması kimi suallardır. Bu suallar valideyn üçün tamamilə təbiidir. Lakin uşaqlar valideynin sözlərindən daha çox onun emosional vəziyyətini hiss edirlər. Valideyn uşağa təskinlik verərəkən özü də həyəcanlı və narahat görünürsə, uşaq sözlərdən çox həmin emosiyanı qəbul edir. Uşağa verilən mesaj daha sakit və güvənli olmalıdır: “Sənin üçün yeni bir yerdir və həyəcanlanmağın normaldır. Mən səni müəlliminlə qoyacağam və gedib birazdan sənin yanına gələcəyəm”. “Ağlama, qorxulu heç nə yoxdur” əvəzinə “Sənin ayrılmaq istəmədiyini görürəm. Ana ilə qalmaq istəyirsən. Bu hissini başa düşürəm. Amma sən indi müəlliminlə qalacaqsan və mən söz verdiyim vaxt sənin yanına gələcəyəm” demək daha yaxşıdır. Bu cür yanaşma uşağa iki vacib mesaj verir. Birincisi, mənim, yəni uşağın hissləri qəbul olunur. İkincisi isə uşaq düşünür ki, böyüklər vəziyyəti idarə edə bilirlər və o təhlükəsizdir. Vidalaşma da qısa, aydın və sabit olmalıdır. Bir çox valideyn uşağın ağladığını gördükdə uzun müddət qapıda qalır, yenidən qucaqlayır, gedir, sonra geri qayıdır. Bu isə uşağın adaptasiyasını bəzən daha da çətinləşdirə bilər. Ən sağlam yanaşmalardan biri qısa və təkrarlanan vidalaşmadır.

Ən vacib məqamlardan biri isə budur ki, valideyn verdiyi sözə əməl etməlidir. Çünki uşağın emosional təhlükəsizlik hissinin əsaslarından biri böyüklərin onun üçün proqnozlaşdırıla bilən olmasıdır. Bəzən valideynlər fərqinə varmadan bağçanı cəza vasitəsinə çevirirlər. Məsələn “Bağçada ağlasan müəllim səni danlayacaq”, “Yaramazlıq etsən, səni bağçada qoyub gedəcəyəm”, “Bağçada müəllim sənə dərsini verəcək” kimi ifadələr uşağın beynində bağçanı təhlükəli və nəzarət olunan bir məkan kimi formalaşdırır. Bağça haqqında yalançı və həddindən artıq ideal təsvirlər vermək də doğru deyil. Əgər uşaqda iştahın azalması, narahatlıq, əvvəlki dövrlərlə müqayisədə qeyri-adi hərəkətlər müşahdiə olunarsa, o zaman bir müddət bağçaya getmək dayandırmaq və mütəxəssisə müraciət etmək lazımdır. Bu dəyişikliklər uşağın yeni şəraitə uyğunlaşma prosesinin bir hissəsi ola bilər. Lakin bu vəziyyət uzun müddət davam edirsə, getdikcə güclənirsə və uşağın gündəlik həyatına ciddi şəkildə təsir edirsə, valideyn və müəllim birlikdə vəziyyəti müşahidə etməli, ehtiyac olduqda uşaq inkişafı üzrə mütəxəssis və ya psixoloqa müraciət etməlidirlər”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR