Azərbaycanda ölənlərin sayı niyə artıb? - AÇIQLAMA

Bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.
İldən-ilə ölüm hallarının artmasının əsas səbəbləri nələrdir? Bu artım gələcək üçün hansı siqnalları verir?
Sfera.az-a bu haqda açıqlama verən səhiyyə eksperti, həkim-terapevt Rasif Bağırov xəstəliklərlə bağlı ölüm hallarının hansı səbəbdən artıdığını və bunun araşdırılmalı olduğunu deyib:

“Xəstəlik nəticəsində ölənlərin sayının artması məsələsi ortaya çıxanda aydınlaşdırılmalıdır ki, bunun nə qədəri həkim səhvi səbəbindən baş verib, nə qədər insan xəstəxanada, nə qədər insan evdə, nə qədər insan isə evdə həkimin yanında vəfat edib. Hansı tibbi yardımlar göstərilib, nəyə görə lazımi səviyyədə yardım göstərilməyib və bu səbəbdən xəstələrin, eləcə də ölənlərin sayı artıb, yoxsa dərman çatışmazlığından baş verib? Yəni bütün bu səbəblər araşdırılmalıdır. Çünki çoxlu səbəblər ola bilər. İnsanlar var ki, xəstələnir, lakin vaxtında mütəxəssisə müraciət edə bilmir. İndiki dövrlə bağlı müəyyən imkansızlıqlar olur, gedib tibb müəssisəsinə çata bilmirlər, müəyyən həkimlər tərəfindən ləngimələr baş verir və yaxud digər hallar olur. Bütün bu səbəblər araşdırılmalıdır”.
Ekspert yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm hallarının müəyyən qismində də yenə xəstəliklərlə bağlı amillərin ola biləcəyini vurğulayıb:
“Görürsən ki, sürücünün özü xəstədir, vaxtında müalicə olunmur. Guya tibbi müayinədən keçirirlər, amma insanın sadəcə təzyiqini ölçməklə ona “Hə, sağlamsan, get, maşınını sür” demək olmaz. Burada insanın özündə olan xəstəliklərlə bağlı çoxlu səbəblər var. İnsanlar xəstə vəziyyətdə maşın idarə edirlər. Bunlar da ölüm hallarına səbəb ola bilər. Hər 1000 nəfərə düşən ölüm hallarının artmas mənfi yaşam tərzi ilə bağlıdı. Bu, ümumi yaşayış prinsiplərinin nə qədər ağır və çətin olduğunu göstərən göstəricilərdən biridir. Ona görə də bu istiqamətdə belə bir artım varsa, bütün istiqamətlər üzrə ciddi araşdırmalar aparılmalıdır ki, bu prosesin, yəni ölüm hallarının qarşısı alınsın”.
Məsələ ilə bağlı açıqlama verən sosioloq Naib Niftəliyev bu prosesin demoqrafik göstəricilərə necə təsir edəcəyini də açıqlayıb. O bildirib ki, hər min nəfərə düşən ölüm əmsalının 5,8-dən 6-ya çatması müəyyən mənada həyəcanverici göstəricidir və təbii ki, narahatlıq doğurur və bu rəqəmin özü də Azərbaycan kimi əhalisi 10 milyondan bir qədər çox, təxminən 10,2 milyon olan ölkə üçün ciddi göstəricidir:

“Son dövrlərdə diqqəti çəkən əsas məqamlardan biri odur ki, əhalinin sayı nisbətində həm reproduktivlik, həm də ölüm əmsalının artması baxımından əks tendensiya müşahidə olunur. Bu, ümumilikdə əhalinin sayını, reproduktiv artımı, demoqrafik göstəriciləri və sosial-demoqrafik inkişaf potensialını müəyyən mənada riskə atan göstəricidir. Təbii olaraq, bu məsələlər həm demoqrafların, həm sosioloqların, həm də tədqiqatçıların diqqət mərkəzində olmalıdır. İqtisadçılar da bu məsələyə münasibətdə müəyyən mənada həyəcan təbili çalmalıdırlar. Məsələnin kifayət qədər ciddi olduğu hər kəs tərəfindən dərk edilir. Buna təsir göstərən müxtəlif amillər var. Bunları şərti olaraq real, obyektiv və təxmin edilən, qismən də subyektiv amillər kimi fərqləndirə bilərik. Bu obyektivlik, reallıq, təbiilik və subyektivlik arasında müəyyən şərtlər mövcuddur. Həmin şərtlər daxilində demoqrafik göstəricilərin Azərbaycanda tədricən pisləşməsi müşahidə olunur. Son illərin, xüsusilə də son 10 ilin göstəricilərini müqayisə etdikdə bu fərq kifayət qədər kəskin və aşkar görünür. Yəni bu dəyişikliklər kifayət qədər sürətlidir və bir çox məqamda bizim sosial siyasətimizə, sosial-demoqrafik inkişaf siyasətimizə uyğun gəlməyən, milli hədəflər üçün müəyyən təhdidlər yaradan göstəricilərdir”.
Sosioloq ölüm riskinin artmasına təsir edən müxtəlif amillərdən söz açıb:
“Bunların sırasında qidalanma ilə bağlı problemlər, ərzaq təhlükəsizliyi, gündəlik əmək bazarında, ictimai və sosial həyatda yaşanan stresslər, nəqliyyat infrastrukturunun sıxlığı, havalandırma sistemləri, ümumilikdə sosial-gigiyenik və məişət problemləri ilə bağlı sosial-ekoloji riskləri qeyd etmək olar. Sağlamlıq riskləri pandemiya dövründən sonra da dəfələrlə artıb və bu, ölüm sayının və ölüm əmsalının yüksəlməsinə gətirib çıxaran obyektiv səbəblər sırasında qiymətləndirilə bilər. Səbəblər və amillər haqqında kifayət qədər geniş danışmaq mümkündür. Vacib olan isə ümumilikdə ictimai sağlamlıq və sosial səhiyyə istiqamətində səhiyyə modellərinin və proqramlarının dərindən işlənilməsidir.
Əhaliyə mümkün istiqamətlərdə pulsuz və ödənişsiz səhiyyə dəstəyinin artırılması, sağlamlığın qorunması ilə bağlı tədbirlərin və ictimai sağlamlıq proqramlarının gücləndirilməsi çox vacibdir. Ömrün uzunluğunun artırılması üçün qida təhlükəsizliyi, ərzaq təminatı, sağlam qidalanma və sağlam həyat tərzinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Təbii ki, həyatımızda minimum stress hər kəs üçün faydalıdır. Amma bunun maksimum həddə çatmasına imkan verməməliyik. Stress, gərginlik, narahatlıq və rahatlıq həyatın bütün sahələrində müəyyən çərçivə daxilində, balanslı şəkildə olmalıdır. Özünə diqqət, özünə qayğı və özünü düzgün ifadə etmək burada çox vacib şərtlər sırasındadır. Demoqrafik göstəricilərin balanslaşdırılması üçün sosial-iqtisadi təhlükəsizlik istiqamətində konseptual addımlar atılmalıdır. Məşğulluq, əmək bazarı, iqtisadi inkişaf, texnologiya və rəqəmsal texnologiyaların inkişafı istiqamətində, həmçinin əmək bazarında peşə və kvalifikasiyanın artırılması baxımından adekvat tədbirlər görülməlidir. Bu, həm də Azərbaycanın əmək bazarını dünya bazarında daha cəlbedici və əlçatan edə bilər. Bu baxımdan düşünməli və elə addımlar atmalıyıq ki, inkişafı əsas hədəfə çevirək. İnkişaf olduqda təbii ki, iqtisadiyyat da canlanır, vətəndaşların rifahı da yaxşılaşır.
Son dövrlərdə iqtisadiyyatda müəyyən durğunluq və geriləmə müşahidə olunur, artım göstəriciləri sıfırdan bir qədər yuxarıdır. Düzdür, müsbət dinamika var, amma problemlər və risklər də kifayət qədər çoxdur. Bütün bunlar təbii olaraq ölüm əmsalının obyektiv şəkildə artmasına təsir edən amillər sırasındadır. Demoqrafik göstəricilərə gəldikdə isə, əgər ölüm sayı artırsa, əksinə, dünyaya gələn uşaqların sayı azalırsa, burada ilk mərhələdə müəyyən durğunluq vəziyyəti meydana gəlir. Təəssüf ki, biz son iki-üç ildə bu durğunluq mərhələsinə çox böyük sürətlə yaxınlaşırıq. Gələcəkdə bu proses baş verər və daha da dərinləşərsə, yəni ölümlərin sayı dünyaya gələnlərin sayını üstələyərsə, əhalinin sayında tədricən azalma və əhalinin təbii qocalması prosesi qaçılmaz olacaq. Bu, müasir cəmiyyət üçün böyük riskdir və hər halda, fəlakətin bir addımlığında olmaq deməkdir. Çünki zaman keçdikcə insanların nəsil davamlılığı təmin olunmazsa, bu, sosial təminat məsələlərinə, müavinətlərin ödənilməsinə və pensiya təminatına birbaşa təsir göstərəcək. Fərdi hesab sistemi mövcud olsa da, onun davamlı olması, artması və indeksləşdirilməsi üçün əmək bazarının düzgün tənzimlənməsi vacibdir".
Ekspert yaxın 10 illə bağlı gözləntisini də bildirib:
Yeni nəslin dünyaya gəlməsi, böyüməsi, formalaşması və əmək bazarında layiqli yer tutması cəmiyyətin sosial, iqtisadi, mədəni, elmi və intellektual inkişafının mütləq şərtidir. İntellektuallıq heç də yalnız kitab oxumaq, mütaliə etmək və müəyyən dərin bilikləri birtərəfli qaydada mənimsəmək demək deyil. İntellektuallıq həm də dünya bazarında rəqəmsal texnologiyalara ayaq uydurmaq, yenilikləri qəbul etmək, onları qabaqlamaq və yeni keyfiyyətləri, yeni kəşfləri, yeni bacarıqları zamanında tətbiq etmək bacarığıdır. Bu da yeni nəslin üzərinə düşən əsas vəzifələrdən biridir. Ölümlər artırsa və demoqrafik azalma baş verirsə, yəni əhalinin tədricən azalmasından söhbət gedirsə, hazırda dinamika müsbət olsa da, artım nisbəti getdikcə azalır, sürət yavaşıyır. Müəyyən mərhələdə isə geriyə dönüş başlaya bilər. Bu, yaxın 10 ildə gözlənilən proseslərdən biridir. Bunun qarşısını almaq üçün sosial siyasətdə, demoqrafik stimullaşdırmada və əhalinin sosial-iqtisadi motivlərinin artırılmasında müəyyən adekvat addımlar atılmalıdır. Xüsusilə yeni nəsildə uşaqlara qayğı istiqamətində xüsusi uşaq müavinətinin yaradılması, onların təminatı ilə bağlı dövlət qayğısı ilə ictimai qayğının birləşdirilməsi vacibdir”.
Bəsti Rəfizadə
Sfera.az






