19 avqust – Ümumdünya Humanitar Yardım Günüdür

Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür.
Əlamətdar gün böhran, müharibə, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdən zərər çəkən insanlara yardım edən şəxslərin fəaliyyətinə diqqət çəkmək, həmçinin humanitar missiya zamanı həyatını itirənləri yad etmək məqsədi daşıyır.
Sfera.az xəbər verir ki, Ümumdünya Humanitar Yardım Günü 2008-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib. Günün 19 avqustda qeyd olunması 2003-cü ildə İraqın paytaxtı Bağdadda BMT-nin “Canal Hotel”də yerləşən qərargahına qarşı törədilən bombalı hücumla bağlıdır. Həmin hücum nəticəsində BMT-nin İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra de Mellu da daxil olmaqla 22 humanitar yardım əməkdaşı həyatını itirib.
Bu gün dünyada humanitar yardıma ehtiyacın miqyası da getdikcə artır. BMT-nin məlumatına görə, 2026-cı ilin may ayının sonuna 252 milyondan çox insan təcili humanitar yardım və müdafiəyə ehtiyac duyub. Eyni zamanda, 2025-ci ildə 326 humanitar yardım əməkdaşı 21 ölkədə öldürülüb. Humanitar yardım əməkdaşları münaqişə və fəlakət zonalarında insanların həyatını xilas etmək, ərzaq, su, tibbi yardım və digər zəruri ehtiyacları çatdırmaq üçün çalışırlar. Lakin onların özləri də getdikcə daha çox təhlükə ilə üzləşirlər.
BMT bildirib ki, yardım göstərən şəxslər öldürülür, yaralanır, oğurlanır və saxlanılır. 2026-cı ildə Ümumdünya Humanitar Yardımı Gününün əsas mesajı daha sərt mövqe və konkret məsuliyyət tələb edir. BMT humanitar əməkdaşların və münaqişələrdən zərər çəkən mülki şəxslərin qorunmasına, beynəlxalq humanitar hüquqa əməl olunmasına və humanitar fəaliyyətin maliyyələşdirilməsinə çağırır.
Ümumdünya Humanitar Yardım Günü bir daha xatırladır ki, müharibə və böhranların ən ağır nəticələrini yaşayan insanların yanında olmaq yalnız yardım göstərmək deyil, həm də insan ləyaqətini və həyatını qorumaq məsələsidir.
Bəsti Rəfizadə






