İşləyən anaların çətin seçimi: Bağça, dayə, yoxsa nənə-baba?

Qadınların iş həyatında aktivliyinin artması və karyera hədəflərinin genişlənməsi ailədaxili rolların yenidən formalaşmasını zəruri edir. Bu prosesdə işləyən anaların qarşılaşdığı çətinliklər daha çoxdur. Onlar karyera ilə analıq məsuliyyəti arasında balans yaratmalı və körpənin qorunmasını təmin etməlidir.
Uşağın fiziki, psixoloji və sosial inkişafının təməlinin qoyulduğu erkən yaş dövründə onun kimə etibar ediləcəyi seçimi sadəcə gündəlik qayğı məsələsi deyil, həm də ailənin gələcək dincliyini müəyyən edən strateji bir qərardır. Dövlət və ya özəl bağçalar, peşəkar dayə xidməti, yoxsa ailə böyüklərinin (nənə və babaların) dəstəyi — bu alternativlərin hər biri özünəməxsus üstünlüklərə və risklərə sahibdir.
Sfera.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev hesab edir ki, analar uşağa qulluq və onların inkişafı üçün müxtəlif imkanlardan istifadə etməlidirlər. Bununla belə o, özəl və dövlət qurumlarının da anaların işinin asanlaşmasına töhfə verməli olduğunu vurğuladı.
O qeyd etdi ki, əgər ana iri müəssisədə çalışırsa, bu müəssisə daxilində uşaq bağçaları və körpələr evlərinin yaradılması yaxşı olardı. Onun sözlərinə görə, bu, həm işçilər, həm də rəhbərlik üçün əlverişli ola bilər.
Sosioloqun fikrincə, belə imkanlar anaların işdən ayrılmadan uşaqlara nəzarət etməsinə şərait yaradır:
“Əmək Məcəlləsinin tələblərinə əsasən, işləyən analara gün ərzində uşağın qidalandırılması və ona qulluq edilməsi üçün xüsusi vaxtlar ayrılır. Uşağın ananın işlədiyi müəssisəyə yaxın və ya elə həmin yerdə olması isə bu prosesin daha rahat və səmərəli təşkilinə imkan verir”.
Ü.Şəfiyev bildirib ki, işləyən analar üçün dayəlik fəaliyyəti də əlverişli variantlardan biridir. Amma o, dayələrin təsadüfi seçimlərə və yalnız sosial şəbəkələrdə yerləşdirilən elanlara əsaslanmasının tərəfdarı deyil.

Ekspert hesab edir ki, bu cür təsadüfi seçimlər uşaqların təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər. Bu səbəbdən o, dayəlik institutunun peşəkar meyarlar əsasında formalaşdırılmasını təklif edir:
“Dayələr xüsusi təlim və sertifikasiyadan keçməli, müəyyən peşə tələblərinə cavab verməlidirlər. Onların müntəzəm psixoloji testlərdən keçirilməsi də vacibdir. Bu, həm peşəkar hazırlığın, həm də dayələrin psixoloji vəziyyətinin qiymətləndirilməsinə imkan verir. Peşəkar dayələrin üstünlüyü ondan ibarətdir ki, onlar yalnız uşağa nəzarət etməklə kifayətlənmir, eyni zamanda onun yaşına uyğun inkişafına və ilkin təliminə də töhfə verə bilərlər”.
Sosioloq ailələrdə nənə və babaların uşaqların qulluğundakı rolunun böyük olduğunu da qeyd edib. O hesab edir ki, əgər bu imkanlar mövcuddursa, analar və ailələr ondan istifadə etməlidirlər.
Sosioloq hesab edir ki, qadınların əmək bazarında iştirakının artdığı bir dövrdə uşaqlara qayğı məsələsinin yalnız ailə üzərinə qoyulması əvəzinə, müəssisələr, dövlət və peşəkar xidmətlər tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır.
İradə Elsevər






