Nikahlar sürətlə azalır: Gənclər ailə qurmaqdan qorxur?

Azərbaycanda nikahların sayı azalmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayında 19 224 nikah qeydə alınıb ki, bu da ötən ilin eyni dövründən 5 591, 2022-ci ildən isə 9 561 nikah azdır. Son bir ildə nikahların sayı 22 faizdən çox, son 5 ildə 33 faiz azalıb.
Bəs nikahların azalmasının əsas səbəbi nədir və bu, əhalinin təbii artımına necə təsir edir?
Sosioloq Mail Yaqub Sfera.az-a açıqlamasında bildirib ki, nikahların sayının 5 il ərzində 33 faiz azalması ölkədə demoqrafik problemlərin dərinləşməsinə, əhalinin artım tempinin zəifləməsinə və gələcəkdə əhalinin sayının azalmasına səbəb ola bilər.

Sosioloq qeyd edib ki, demoqrafik sabitlik ölkənin təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Əhalinin sayı hərbi, siyasi və strateji baxımdan vacib amillərdən biridir:
“Nikahların azalmasının əsas səbəblərindən biri gənclərin ailə qurmaqla bağlı gözləntilərinin yüksəlməsidir. Əvvəllər, xüsusilə kənd və rayonlarda, daha sadə həyat şəraiti ilə ailə qurulurdu. Hazırda isə gənclər ev, avtomobil və digər maddi imkanların olmasını gözləyirlər. Digər əsas səbəb sosial-iqtisadi çətinliklərdir. Bir çox gənc ailə qurmaq istəsə də, bunun üçün ilkin maddi imkanlara sahib deyil. 600-700 manat maaşla kirayə haqqını ödəmək və ailə saxlamaq gənclər üçün ciddi çətinlik yaradır”.
M.Yaqub boşanmaların çoxalmasının da gənclərin nikaha münasibətinə mənfi təsir etdiyini söyləyib. Onun fikrincə, boşanmaların çox olması gənclərdə gələcək ailələrinin də uğursuz ola biləcəyi ilə bağlı qorxu yaradır.
Sosioloq hesab edir ki, problemin həlli üçün dövlət, cəmiyyət və ailələr birlikdə çalışmalıdır. O, həm qız, həm də oğlan tərəfinin maddi gözləntilərini aşağı salmasının vacibliyini vurğulayıb. Bahalı cehiz və yüksək maddi tələblər ailənin xoşbəxt olacağına zəmanət vermir.
İradə Elsevər






