Bu məhsullar bahalaşacaq - BƏDBİN PROQNOZ

Avropada ekstremal isti hava və quraqlıq ərzaq bazarında ciddi bahalaşmaya səbəb ola bilər.
Sfera.az xəbər verir ki, İsveç Kənd Təsərrüfatı Universitetinin iqtisadiyyat üzrə dosenti Şon Ferqyuson “Aftonbladet”ə açıqlamasında payız aylarında Avropada ərzaq qiymətlərinin kəskin artacağını bildirib.
Onun sözlərinə görə, anomal istilər artıq kənd təsərrüfatına ciddi ziyan vurub və böyük həcmdə ərzaq ehtiyatları məhv olub.
Məlumata görə, İtaliyanın bəzi bölgələrində həftənin əvvəlində temperatur 40 dərəcəni bir qədər keçib. Fransada isə meteoroloji xidmətin məlumatına görə, iyul ayı 1900-cü ildən bəri ölkədə müşahidələrin aparıldığı dövrdə ən isti iyul olub.
“The Guardian”ın hesablamalarına əsasən, iyulun sonuna qədər Avropada anomal istilər səbəbindən ən azı 9 milyon ton kənd təsərrüfatı məhsulu məhv edilib.
Ferqyuson bildirib ki, quraqlığın təsiri təkcə meyvə-tərəvəzlə məhdudlaşmayacaq. Taxılın heyvandarlıqda yem kimi istifadə olunması səbəbindən onun bahalaşması donuz və mal ətinin qiymətlərinə də təsir göstərə bilər.
“Əslində, quraqlıq bütün təchizat zəncirinə zərbə vuracaq. Lakin ilk növbədə meyvə və tərəvəzlərin bahalaşması gözlənilir”, – iqtisadçı deyib.
Ekspertlər hesab edirlər ki, iqlim dəyişiklikləri və ekstremal hava hadisələrinin intensivləşməsi kənd təsərrüfatında məhsuldarlığa təsir göstərməklə yanaşı, yaxın gələcəkdə ərzaq qiymətlərinin qlobal səviyyədə dəyişkənliyini də artıra bilər.
İnci
Sfera.az






