Əmək bazarında uyğunsuzluq: İş var, uyğun kadr yoxdur

Əmək bazarında uyğunsuzluq: İş var, uyğun kadr yoxdur
Kateqoriya məlum deyil
T

Dövlət platformalarında təklif olunan işlərlə iş axtaranların real bacarıqları arasındakı uyğunsuzluq problemi gündəmin maraqlı məsələlərindən biridir. Bəzi iş elanlarında yüksək əməkhaqqı ilə işçi axtarılsa da lazım olan kadrların tapılmaması maraq doğurur.

Azərbaycanda dövlət məşğulluq platformalarında on minlərlə vakansiyanın mövcud olmasına baxmayaraq, bəzi sahələrdə işəgötürənlər uyğun kadr tapmaqda çətinlik çəkirlər.

Bəs nəyə görə yüksək maaş təklif edildiyi halda uyğun işçi tapmaq olmur?

Sfera.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bununla bağlı bildirib ki, vakansiyaların çox olması əmək bazarında iş imkanlarının genişliyini göstərsə də, bu, həmin vəzifələrə uyğun kadrların da kifayət qədər olduğu anlamına gəlmir.

Onun sözlərinə görə, əsas problem əmək bazarında tələb və təklif arasında bacarıq uyğunsuzluğudur:

“Məsələn, müəssisə təcrübəli texnik, mühəndis, proqramçı, mühasib, satış mütəxəssisi və ya peşəkar usta axtarır, lakin bazarda həmin səviyyədə hazırlıqlı mütəxəssis azdır. Digər tərəfdən, iş axtaranların müəyyən hissəsi diplom və ya ümumi təhsil alsa da, konkret vəzifənin tələb etdiyi praktiki bacarıqlara malik olmur. Təhsil sistemi ilə əmək bazarı arasındakı əlaqənin zəifliyi də bu problemin əsas səbəblərindəndir. Universitet və peşə təhsili müəssisələrində hazırlanan kadrların ixtisasları biznesin real ehtiyacları ilə hər zaman üst-üstə düşmür”.

A.Nəsirlinin sözlərinə görə, problemin digər səbəblərindən biri də vakansiyaların coğrafi bölgüsüdür. Vakansiyaların əsasən Bakı və iri şəhərlərdə cəmləşməsi, iş axtaranların isə başqa regionlarda yaşaması əmək bazarında uyğunlaşmanı çətinləşdirir.

İqtisadçı bəzi vakansiyalarda işəgötürənlərin həddindən artıq çox tələb irəli sürdüyünü də diqqətə çatdırıb:

"Namizəddən bir neçə funksiyanı yerinə yetirmək, yüksək təcrübə və müxtəlif sertifikatlara sahib olmaq tələb edilir, lakin təklif olunan əməkhaqqı və iş yükü arasında balans olmur. Bu problemin həlli üçün yalnız yeni vakansiyaların yaradılması kifayət deyil. Hansı peşələrə yaxın illərdə daha çox ehtiyac olacağı əvvəlcədən müəyyənləşdirilməli, peşə və ali təhsil proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. İşsiz və ya ixtisasını dəyişmək istəyən şəxslər üçün praktiki və işəgötürənin real tələblərinə uyğun təlim proqramları genişləndirilməlidir. Dövlət məşğulluq platformalarında vakansiyaların sadəcə yerləşdirilməsi ilə kifayətlənmək olmaz. Sistem iş axtaran şəxsin bacarıqlarını, təcrübəsini və təhsilini qiymətləndirərək ona uyğun vakansiyaları daha dəqiq təqdim etməlidir".

İqtisadçı vurğulayıb ki, on minlərlə aktiv vakansiyanın mövcudluğu ilə yanaşı, işsiz və ya iş axtaran insanların da olması əmək bazarında paradoksal vəziyyət yaradır:

“Bir tərəfdə iş yerləri, digər tərəfdə iş axtaranlar var, amma onlar bir-birini tapa bilmirlər. Bu, əsasən kəmiyyət deyil, keyfiyyət və uyğunluq problemidir. Əmək bazarının əsas məqsədi daha çox vakansiya yaratmaqdan düzgün işçi ilə düzgün iş yerinin uyğunlaşdırılmasına keçmək olmalıdır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR