Çətinlik görməyən uşaqlar - Onlar hansı problemlərlə üzləşir?

Çətinlik görməyən uşaqlar - Onlar hansı problemlərlə üzləşir?
Kateqoriya məlum deyil
T

Hər bir valideyn övladını xoşbəxt görmək istəyir və onun istəklərini yerinə yetirməkdən məmnunluq duyur. Lakin uşağın hər istədiyinin yerinə yetirilməsi onun məsuliyyət, səbir və "yox" cavabını qəbul etmə bacarıqlarının formalaşmasına mane olur.

Psixoloq Gülnar Orucova Sfera.az-a açıqlamasında bildirib ki, valideynin övladı ilə sərhədləri qorumaması gələcəkdə ciddi problemlərə yol aça bilər.

Psixoloqun fikrincə, valideyn övladı ilə dost olmalıdır.

"Lakin valideyn uşağın hər istədiyini həyata keçirməməli, onun tərəfindən manipulyasiya edilməməlidir", - deyən G.Orucova söylədi ki, bu hal gələcəkdə uşağın sosial və psixoloji inkişafına mənfi təsir göstərəcək.

O, deyib ki, uşağın bütün istəklərinin qarşılanması onda zəhmətə qatlanmaq istəyini zəiflədir:

"Biz uşağın istəklərini davamlı şəkildə yerinə yetirdikcə onun yeni istəkləri yaranır. Uşaq "özüm çalışım, əziyyət çəkim və əldə edim" düşüncəsindən uzaqlaşır".

Mütəxəssis bildirib ki, bəzi uşaqlar istəkləri yerinə yetirilmədikdə ictimai yerlərdə ağlayır, qışqırır. Onun sözlərinə görə, bu davranışın formalaşmasında valideynin tutduğu mövqe mühüm rol oynayır.

"Uşağın valideyni manipulyasiya etməsi gələcəkdə hansı problemə yol aça bilər" sualına isə psixoloq belə cavab verib:

"Bəzi valideynlər düşünür ki, uşağın hər istədiyini etsələr, o daha yaxşı oxuyacaq və daha uğurlu olacaq. Amma əksinə, bu yanaşma gələcəkdə mənfi nəticələr doğura bilər. Uşağın bütün istəkləri erkən yaşdan təmin olunduqda o, həyatda hər şeydən tez doyur və daha güclü həzz axtarmağa başlayır. Bəzən bunu zərərli vərdişlərdə – spirtli içki, narkotik və digər asılılıqlarda axtara bilir".

G. Orucova əlavə edib ki, uşağın müəyyən çətinliklərlə üzləşməsi və zəhmətin dəyərini öyrənməsi onun gələcək həyatında daha məsuliyyətli və mübariz şəxs kimi formalaşmasına kömək edir.

İradə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR