Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO

Azərbaycanda sabiq nazir vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
T

Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.

Sfera.az xəbər verir ki, sabiq dövlət xadimi uzun illərdir yaşadığı İsveçrədə, Bazel şəhərində dünyasını dəyişib. O, son illər ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı. Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məlumatlar yayılmışdı.

Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.

1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq Hüseynov, 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə gətirilib. Həmin ilin iyununda isə Qərb bölgəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.

1994-cü ilin mart ayında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən Tofiq Hüseynov 1995-ci ilin yanvarında azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyasında fəaliyyət göstərib, partiyanın Məclis və Divan üzvü, başqan müşaviri olub. Daha sonra partiyadan ayrılıb.

Təxminən 7–8 il əvvəl İsveçrəyə mühacirət edən sabiq nazir ömrünün son illərini Bazel şəhərində keçirirdi. Ailəli idi, iki övladı var.(Musavat.com )

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR