"At onu balkondan" - "TikTok"da viral olan video sahibini hansı cəza gözləyir?

"At onu balkondan" - "TikTok"da viral olan video sahibini hansı cəza gözləyir?
Kateqoriya məlum deyil
T

Son günlər “TikTok” sosial şəbəkəsində yayılmış videoda kişinin həyat yoldaşının saçını qırxaraq nalayiq ifadələrlə təhqir etməsi və bütün bu mənzərəni videoya çəkməsi müzakirələrə səbəb olub.

 

Daha da dəhşətlisi odur ki, hadisə qadının 10 yaşlı uşağının gözü önündə baş verib. İlkin məlumatlara görə, qadının “etik olmayan” videosu sosial şəbəkədə paylaşılandan sonra o, əri ilə mübahisə edib. Qadının sözlərinə əsasən, əvvəlcə əri videonun paylaşılmasından xəbərsiz olduğunu bildirib və “900 manat borcum var, onu vermədiyinə görə paylaşdılar” sözləri ilə məsuliyyətdən yayınmağa çalışıb. Lakin sonradan məlum olub ki, əslində həmin videonu paylaşan elə kişinin özü imiş.

 

Qadın da əsəblərinə hakim ola bilməyib, acıqla ərinin öz videosunu nalayiq ifadələrlə yayıb. Bu hadisədən sonra kişi evə gələrək arvadının saçını zorla qırxıb, onu ağır şəkildə təhqir edib. Qadının sözlərinə görə, hadisə zamanı kişi uşağı da sürüyərək binanın eyvanına aparmağa cəhd edib.

 

Məlumata görə, kişinin anası da telefonda zəng zamanı hadisəyə şahid olub və oğluna “at onu balkondan” deməklə vəziyyəti daha da gərginləşdirib.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, həmin şəxs artıq saxlanılıb və hadisə ilə bağlı araşdırma aparılır.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Babək Umudov bildirib ki, həmin şəxsin əməlləri həm Cinayət Məcəlləsi, həm də İnzibati Xətalar Məcəlləsi çərçivəsində məsuliyyət yaradır:

 

 

“Şəxsin əməllərinə yekun hüquqi qiyməti, əlbəttə, hüquq-mühafizə orqanları verəcəkdir. Lakin məlumatların ilkin təhlilinə əsasən, adı çəkilən şəxsin əməllərində Cinayət Məcəlləsinin 133-cü maddəsində göstərilən “əzab vermə” cinayətinin əlamətləri müşahidə olunur. Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə görə, sağlamlığa zərər vurulmasına səbəb olmayan, lakin mütəmadi olaraq döyməklə və ya digər zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə 2 ilədək müddətə islah işləri, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

 

Vəkil əlavə edib ki, videonun mediada və sosial şəbəkədə paylaşılması da ayrıca cinayət tərkibi yaradır:

 

“Eyni zamanda, bu cür videonun mediada paylaşılması həmin şəxs tərəfindən icra edilibsə, onun tərəfindən təhqir cinayətinin törədilməsindən də söhbət gedə bilər. Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 1000 manatdan 1500 manatadək miqdarda cərimə, 240-480 saat ictimai iş, 1 ilədək islah işi və ya 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

 

Umudov bildirib ki, əməldə həmçinin inzibati xəta tərkibləri də var:

 

“İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədən şəxs nəzərə alınmaqla, 2 ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılığa, yəni digər şəxsə qəsdən psixoloji təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur”.

 

İlahiyyatçı Elşad Miri məsələni əxlaqi və dini baxımdan qiymətləndirərək bildirib ki, bu cür zorakılıq videoları həm ailə institutunu, həm də gənclərin mənəvi dəyərlərini ciddi şəkildə zədələyir:

 

 

“Təəssüflər olsun ki, “TikTok” kimi sosial şəbəkələrdə kontingentin aşağı olması, bu cür məsələlərin daha çox gündəmdə olması gənclərin qısa videolar vasitəsilə dırnaqarası maariflənməsi ilə nəticələnir. Bu isə mənfi çalarlara gətirib çıxarır. Çünki insanlar bu cür hadisələrə baxdıqca, zamanla həmin davranışları adi və qəbul edilən hal kimi görməyə başlayır”.

 

İlahiyyatçı bildirib ki, cəmiyyətdə bu tip hadisələrə qarşı etik və əxlaqi maarifləndirmə aparılmalıdır:

 

“Belə məsələlərdə ya həmin o sosial şəbəkə kontingentinin səviyyəsini yüksəltmək üçün ziyalılarımız, ictimai xadimlərimiz orada iştirak edib maarifləndirmə aparmalıdır, ya da baxışlarımızı elə yönləndirməliyik ki, bizi eyni mövzulu zorakılıq videolarına deyil, daha çox bilgiləndirici və faydalı videolara aparsın. Əks halda, gənclər bu cür davranışlara qarşı laqeyd qalacaq, bəziləri isə eyni davranışları təkrarlamağa başlayacaq. İslamda zorakılıq, xüsusilə də qadına qarşı zorakılıq ağır günah sayılır. İnsan ailə üzvünə qarşı zorakılıq göstərə bilməz, çünki ailə sevgi, mərhəmət və hörmət üzərində qurulmalıdır. Təəssüf ki, bu kimi hallar gənclər arasında əxlaq dəyərlərinin zəifləməsinə, ailə münasibətlərinin təhrif olunmasına gətirib çıxarır”.

 

Psixoloq Nizami Orucov isə hadisənin psixoloji və sosial təsirlərini geniş şəkildə şərh edərək bildirib ki, bu cür zorakılıq görüntüləri insanların beyin fəaliyyətinə və emosional davranışlarına mənfi təsir göstərir:

 

 

“Belə hadisələr, xüsusilə sosial şəbəkələrdə yayıldıqda, cəmiyyətin psixoloji sağlamlığına ciddi mənada zərər vurur. Çünki insanlar, xüsusilə yeniyetmələr və emosional baxımdan sabit olmayan şəxslər gördükləri davranışları norma kimi qəbul etməyə meyllidirlər. Bu cür zorakı görüntülər beyni “desensitizasiya” adlanan hala salır, yəni insan artıq şiddəti təbii bir hadisə kimi qavramağa başlayır. Zamanla empatiya azalır, aqressiyaya dözümlülük artır”.

 

Psixoloq qeyd edib ki, zorakılığa meyilli şəxslərin davranışlarının kökündə çox vaxt nəzarət və güc itkisi qorxusu dayanır:

 

“Şiddətə meyilli şəxslər çox vaxt qarşı tərəfi alçaltmaqla öz dəyər hissini bərpa etməyə çalışırlar. Onlar hakim olmaq, cəzalandırmaq istəyi ilə davranırlar. Bu, sağlam psixoloji funksiya deyil, travmatik və qeyri-yetkin davranış modelidir. Belə insanları “normal” adlandırmaq olmaz, çünki normal psixoloji düşüncə qarşısındakı insana ağrı verməkdən zövq almağa deyil, münasibətləri tənzimləməyə yönəlir. Belə vəziyyətlərdə həm zorakılığa məruz qalan, həm də zorakılığı törədən insanlarla psixoloji iş aparmaq vacibdir. Çünki zorakılığı törədən şəxs də çox vaxt dərin psixoloji travmanın daşıyıcısı olur. Əgər bu travma sağaldılmasa, o, eyni davranışları təkrar edəcək və zorakılıq zənciri davam edəcək”.

 

Cəmiyyətdə geniş rezonans doğuran bu hadisə bir daha göstərdi ki, ailədaxili zorakılıq və sosial mediada zorakılığın nümayişi təkcə fərdi məsələ deyil, bütün ictimaiyyətin mənəvi və psixoloji təhlükəsidir. Mütəxəssislər hesab edir ki, bu cür halların qarşısını almaq üçün həm qanunların sərtləşdirilməsi, həm də maarifləndirmə və psixoloji dəstək proqramlarının gücləndirilməsi vacibdir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR