İsti çay, balıq və...- Bu qidalar xərçəng yaradır - MÜSAHİBƏ

İsti çay, balıq və...- Bu qidalar xərçəng yaradır - MÜSAHİBƏ
Kateqoriya məlum deyil
T

Dünyada hər il xərçəng xəstəliyindən ölənlərin sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xərçəng halında artım tendensiyası davam edərsə, 2050-ci ildə yeni xərçəng hallarının illik sayı 35 milyona çata bilər.

 

Xatırladaq ki, oktyabr ayı dünyada “Süd vəzi xərçəngi ilə mübarizə ayı” kimi qeyd olunur. Bu ay ərzində bir çox ölkələrdə maarifləndirici aksiyalar, pulsuz müayinələr və sosial kampaniyalar təşkil edilir. Məqsəd xüsusilə qadınlar arasında süd vəzi xərçənginə qarşı məlumatlılığı artırmaq, xəstəliyin ilkin mərhələdə aşkarlanmasının həyati əhəmiyyətini vurğulamaqdır.

 

Sfera.az-ın əməkdaşı xərçəng xəstəliyi haqqında tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov ilə həmsöhbət olub.

 

 

-Xəstəliyin cavanlaşmasının səbəbini nədə görürsünüz?

 

-Xərçəng yalnız bizim ölkədə deyil, bütün dünyada artmaqda davam edir. Bu, tək bir səbəblə izah olunmur. Xəstəliyin yaranmasına çoxsaylı amillər təsir göstərir. Son 6 ayda ölkədə aparılan statistik araşdırmalara görə, əvvəllər ürək-damar xəstəlikləri birinci yerdə idisə, indi bu sırada onkoloji xəstəliklər önə keçib.
Xərçəngin yaranma səbəblərinin 40–50 faizi qidalanma ilə bağlıdır. Burada söhbət yalnız düzgün qidalanmamaqdansa, qəbul edilən qidanın tərkibindən gedir. Dünyada əhali sürətlə artır əvvəllər 6–7 milyard olan əhali sayı artıq 10 milyarda yaxınlaşır. Təbii ki, bu qədər insanın qidalanma tələbatı süni və emal olunmuş məhsullara tələbi artırır. Süni ət, palma yağı kimi zərərli tərkibli məhsulların geniş istifadəsi bu mənada ciddi risk yaradır. Digər mühüm faktor isə ətraf mühitin çirklənməsidir. Avtomobillərin sayının artması, sənaye tullantıları, yaşıllıq ərazilərin azalması və sürətli urbanizasiya nəticəsində hava keyfiyyəti pisləşir. Bu da yalnız onkoloji deyil, bir çox digər xəstəliklərin yayılmasına səbəb olur.


Zərərli vərdişlər də unudulmamalıdır. Alkoqol qəbulu, tütün məmulatlarından istifadə və son illərdə populyarlaşan elektron siqaretlər xərçəng riskini artıran əsas amillərdəndir. Əvvəllər bu məhsullardan əsasən kişilər istifadə edirdisə, indi qadınlar arasında da bu vərdiş yayılmaqdadır. Qeyd edim ki, əvvəllər elektron siqaretin daha az zərərli olduğu düşünülürdü, lakin son araşdırmalar bunun tütün məhsullarından da təhlükəli olduğunu sübut edib.

 

"Ana südü verməmək xərçəngə yol aça bilir"

 

-Qadınlar arasında xərçəngin daha çox yayılması nədən irəli gəlir?

 

-Son illərin müşahidələri göstərir ki, qadınlar arasında xərçəng halları, xüsusilə süd vəzi və qadın orqanlarına aid onkoloji xəstəliklər artmaqdadır. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, doğuşdan sonra uşağa ana südü verməmək faktoru mühüm rol oynayır. Süd verməmək süd vəzilərində durğunluğa və sonradan patoloji dəyişikliklərin yaranmasına səbəb ola bilər. Bununla yanaşı, qadınlarda uşaqlıq və uşaqlıq boynu xərçənginin də artdığı müşahidə olunur. Digər ciddi amil abortların çoxluğudur. Abort zamanı orqanizm travmaya məruz qalır və bu da sonradan onkoloji proseslərin yaranmasına zəmin yaradır. Öz təcrübəmdən bir misal deyim. Bir pasiyentim 46 dəfə abort keçirmişdi və nəticədə onda uşaqlıq boynu xərçəngi inkişaf etmişdi. Bu, bir daha sübut edir ki, mexaniki və psixoloji travmalar xəstəliyin yaranmasında mühüm rol oynayır. Stress də xərçəngin əsas səbəblərindən biridir. Mənim praktikamda belə bir hadisə də olub. Bir qadın 10 gün ərzində oğlunun itməsi ilə bağlı dərin stress yaşamışdı. O, bu müddətdə güzgü qarşısında özünü müayinə edərkən süd vəzində bərk bir kütlə hiss etdiyini bildirdi. Yalnız 10 gün davam edən psixoloji gərginlik bu qədər ciddi dəyişikliklərə səbəb olmuşdu. Süd vəzi xərçənginin yaranmasında hormonal balansın pozulması da mühüm rol oynayır. Qadın orqanizmi hormonlara çox həssasdır, buna görə də həyat tərzi, stress, yuxusuzluq və qeyri-düzgün qidalanma kimi amillər hormonal disbalansa və nəticədə xərçəng riskinin artmasına gətirib çıxarır.


Bundan başqa, gec yaşda ana olmaq tendensiyası da risk yaradır. Bəzi qadınlar karyera məqsədilə ailə qurmağı və ana olmağı təxirə salır. Lakin orqanizmdə müəyyən yaşdan sonra baş verən hormonal dəyişikliklər və stress faktoru süd vəzi xərçəngi riskini artırır. Gənc yaşda ana olmaq həm fiziki, həm də psixoloji baxımdan qadın sağlamlığı üçün daha əlverişlidir. Bu səbəbdən qadınlara tövsiyə olunur ki, ayda bir dəfə güzgü qarşısında süd vəzilərini özləri müayinə etsinlər və hər hansı dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etsinlər. Erkən diaqnoz həyat xilas edir.

 

-Süd vəzi xərçənginin səbəbi geyim ola bilərmi?

 

-Müəyyən hallarda geyim seçimi də süd vəzi xərçəngi riskini artıran amillərdən biri ola bilər. Mən bayaq da qeyd etdim ki, travma faktoru bu xəstəliyin yaranmasında mühüm rol oynayır. Qadınlarımız bəzən estetik görünüşə üstünlük verərək çox dar geyimlərdən və ya bədəni sıxan büstqalterlərdən istifadə edirlər. Bu cür geyimlər süd vəzisinə mexaniki təzyiq göstərir, qan və limfa dövranını zəiflədir, nəticədə toxumalarda durğunluq və iltihabi proseslər yarana bilir. Uzunmüddətli təzyiq və dövran pozğunluğu süd vəzisində hüceyrə dəyişikliklərinə və zamanla xərçəngə gətirib çıxara bilər.


Digər tərəfdən, sintetik materiallardan hazırlanan geyimlər də risk yaradır. Belə parçalar dərinin hava almasına mane olur, tərləməni artırır və dərialtı toxumada qıcıqlanma yaradır. Bu da orqanizmdə zərərli proseslərin başlanmasına şərait yarada bilər. Xüsusilə, yay aylarında sintetik büstqalterlər və dar geyimlər taxmaq daha təhlükəlidir. Qadınlara məsləhət görərdim ki, geyim seçərkən rahatlığı və sağlamlığı ön planda saxlasınlar. Süd vəzilərini sıxmayan, təbii pambıq materiallardan hazırlanmış, ölçüsünə uyğun büstqalterlərdən istifadə etmək vacibdir. Gecə yatarkən isə büstqalteri çıxarmaq tövsiyə olunur ki, qan dövranı bərpa olunsun.
Unutmaq olmaz ki, bəzən çox sadə görünən vərdişlər, məsələn, dar geyimlərdən və ya uyğun olmayan alt paltarlardan istifadə uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Süd vəzi sağlamlığının qorunması üçün gigiyenaya, geyim seçiminə və müntəzəm özünümüayinəyə xüsusi diqqət yetirilməlidir.

 

"İsti çay qida borusu xərçəngi yaradır"

 

 

-Hansı qidalardan tamamilə uzaq durmaq lazımdır?

 

- Qidalanma xərçəngin yaranmasında ən vacib amillərdən biridir. Bəzi qidalar orqanizmdə kanserogen maddələrin toplanmasına, hüceyrələrin zədələnməsinə və nəticədə xərçəng proseslərinin başlamasına səbəb olur. Buna görə də bəzi məhsullardan ya tamamilə uzaq durmaq, ya da çox nadir hallarda istifadə etmək lazımdır. Əvvəla, fast-food qidalar yəni dönər, burger, fri kartof və buna bənzər hazır yeməklər çox zərərlidir. Onların tərkibində yüksək miqdarda doymuş yağ, transyağ, duz və müxtəlif kimyəvi əlavələr olur. Bu maddələr orqanizmdə iltihabi prosesləri artırır və hüceyrə mutasiyalarına yol aça bilər. Eyni dərəcədə zərərli olan kolbasa, sosiska və digər emal olunmuş ət məhsullarıdır. Bu qidalar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi olaraq “kanserogen məhsullar” siyahısına daxil edilib. Çünki onların hazırlanmasında nitratlar, konservantlar və rəngvericilərdən istifadə olunur. Belə məhsullar gündəlik qidalanmada olmamalıdır. Ən çoxu ayda bir-iki dəfə qəbul etmək məsləhətdir.


Digər təhlükəli qrup isə energetik və qazlı içkilərdir. Bəzi ailələrdə gündə 2-3 litr qazlı içki istehlakı müşahidə olunur ki, bu da çox zərərlidir. Energetik içkilər təkcə sinir sisteminə deyil, həm də mədə, bağırsaq və qida borusuna mənfi təsir göstərərək bu orqanlarda xərçəng riskini artırır. Qidalanma vərdişlərimizdə bir digər səhv isə çayın çox isti içilməsidir. Biz azərbaycanlılar çayı çox sevən xalqıq, lakin qaynar halda qəbul edilən çay qida borusunun selikli qişasını zədələyir və uzunmüddətli dövrdə qida borusu xərçəngi riskini artırır. Çayı bir qədər soyuduqdan sonra içmək daha sağlam seçimdir. Maraqlı bir fakt da var ki, Yaponiyada qida borusu xərçənginin yayılması daha çox müşahidə olunub. Bunun səbəblərindən biri balıq məhsullarının çoxlu istehlakıdır. Balığın içindəki kiçik sümük parçası borunu zədələyə bilər və bu da zamanla xərçəngə gətirib çıxara bilir. Xərçəng riskini minimuma endirmək üçün düzgün qidalanma qaydalarına riayət etmək vacibdir: təbii və ev şəraitində bişirilmiş yeməklərə üstünlük vermək, emal olunmuş məhsullardan uzaq durmaq, içkiləri isə qaynar və ya qazlı şəkildə deyil, normal temperaturda qəbul etmək lazımdır.

 

-Geyindiyimiz geyimlər dəri xərçənginə səbəb ola bilərmi?

 

-Bəli, geyim seçimi bəzən dəri sağlamlığına, dolayısı ilə də dəri xərçəngi riskinə təsir göstərə bilər. Geyimlərin hazırlanmasında istifadə olunan material və boyalar çox önəmlidir. Təəssüf ki, hazırda bazarda satılan geyimlərin böyük bir qismi sintetik və kimyəvi tərkibli parçalardan hazırlanır. Bu cür geyimlər dərinin hava almasına mane olur, tərləməni artırır və uzunmüddətli təmas zamanı dəridə allergiya, qıcıqlanma və iltihabi proseslər yarada bilir. Sintetik parçalarda istifadə olunan kimyəvi boyalar və rəng sabitləşdirici maddələr də xərçəng riski yaradan faktorlardandır. Bu maddələr bəzən dəri vasitəsilə orqanizmə keçərək toksiki təsir göstərə bilər. Uzunmüddətli dövrdə bu təsir hüceyrə səviyyəsində dəyişikliklərə və dəri xərçənginin yaranmasına zəmin yarada bilər. Günəş altında sintetik geyimlər geyinmək xüsusilə təhlükəlidir. Bu cür parçalar günəş şüalarını udmaq əvəzinə dərinin altına ötürür, nəticədə ultrabənövşəyi şüalanmanın təsiri artır və bu da dəri xərçəngi riskini yüksəldir.

 

-İnsanlar arasında belə bir fikir yayılıb ki, xərçəng xəstələri vitaminli qidalar qəbul etməməlidir. Bu nə dərəcədə doğrudur? Xərçəng xəstələri nələrdən uzaq durmalıdır?

 

-Bu, cəmiyyətdə tez-tez eşidilən, amma çox vaxt yanlış başa düşülən bir yanaşmadır. Qidalanma xərçəngin gedişatına ciddi təsir göstərir, lakin burada əsas məsələ vitaminin mənbəyidir. Xərçəng hüceyrələri sürətlə çoxalan hüceyrələr olduğu üçün, bəzən “vitaminlər şişi də qidalandırır” kimi fikirlər səslənir. Əslində, burada söhbət təbii qidalardan alınan vitaminlərdən deyil, süni, yəni dərman şəklində qəbul edilən yüksək dozalı vitamin preparatlarından gedir. Bu cür sintetik vitaminlər orqanizmdə biokimyəvi balansı poza və bəzi hallarda şiş hüceyrələrinin çoxalmasına şərait yarada bilər. Amma təbii meyvə və tərəvəzlərdəki vitaminlər əksinə, immun sistemini gücləndirir və orqanizmin bərpasına kömək edir. Yəni xərçəng xəstələri təbii qidalarla zəngin pəhriz saxlaya bilərlər, sadəcə hər şeyin miqdarına diqqət etmək lazımdır.

 

-Xərçəngin hansı hissədə yayılması daha təhlükəli hesab edilir?

 

-Əslində, xərçəngin bütün növləri təhlükəli hesab olunur. Amma burada əsas məsələ onun hansı mərhələdə aşkarlandığıdır. Xəstəliyin 1-ci, 2-ci, 3-cü və 4-cü dərəcələri var və hər mərhələ xəstəliyin yayılma səviyyəsini göstərir. Təəssüf ki, bizim təcrübəmizdə pasiyentlərin təxminən 70–80 faizi artıq 3-cü və 4-cü mərhələdə müraciət edir. Bu mərhələlərdə xərçəng artıq süd vəzisinə, mədəyə, qida borusuna, limfa düyünlərinə və sümüklərə yayılmış olur. Bu halda müalicə prosesini tam effektlə aparmaq, xəstəni xilas etmək çox çətinləşir. Hətta müxtəlif üsullar, cərrahi əməliyyat, kimyaterapiya və ya şüa müalicəsi tətbiq olunsa belə, nəticə çox vaxt arzuolunan olmur. Bu həm xəstənin sağlamlığı, həm də ailənin maddi və mənəvi durumu baxımından ağır bir prosesdir. Ona görə də bizim daim vurğuladığımız bir prinsip var: “Erkən müayinə can qurtarır”.


Əgər xəstə 1-ci və ya 2-ci mərhələdə müraciət edərsə, demək olar ki, 100 faiz nəticə əldə etmək mümkündür. Belə hallarda cərrahi və ya digər müalicə üsulları ilə tam sağalma mümkündür. Burada bir vacib məqam da ondan ibarətdir ki, bir çox pasiyentlər “ağrım yoxdur, şikayətim yoxdur, niyə müayinə olunum?” deyə düşünürlər. Halbuki xərçəngin ilkin mərhələsində adətən heç bir ağrı və ya simptom olmur. Ağrı, qanaxma və digər əlamətlər adətən artıq 3-cü və 4-cü mərhələdə özünü göstərir. Bu səbəbdən hər bir insana ildə bir dəfə “check-up” müayinədən keçmək tövsiyə olunur. Əvvəllər bu xəstəlik daha çox müəyyən yaşdan yuxarı şəxslərdə müşahidə edilirdisə, indi artıq yaş fərqi yoxdur. Gənclər, hətta uşaqlar arasında belə xərçəng hallarına rast gəlinir.

 

-Niyə bəzi insanlar eyni mühitdə, eyni qidalanma ilə yaşayır, amma yalnız biri xərçəngə tutulur?

 

-Bunun səbəbləri çoxşaxəlidir və təkcə qidalanma ilə məhdudlaşmır. Əvvəla, hər bir insanın orqanizmi fərqlidir. Genetik quruluş, immun sisteminin gücü, maddələr mübadiləsi və bədən hüceyrələrinin bərpa qabiliyyəti hər kəsdə müxtəlifdir. Buna görə də eyni mühitdə yaşayan iki insanın eyni təsirə fərqli reaksiya verməsi tamamilə normaldır. Bununla yanaşı, qidalanma tərzi və yemək vərdişləri də çox önəmlidir. Təkcə nə yediyimiz deyil, qidanı necə yediyimiz də böyük rol oynayır. Bəzən insanlar çox sürətlə yemək yeyir, halbuki bu, orqanizm üçün zərərlidir. Qeyd edim ki, doyma siqnalı mədədən beyinə təxminən 20 dəqiqəyə çatır. Amma çox vaxt insanlar bu 20 dəqiqə ərzində süfrədə olan hər şeyi yeyib bitirirlər. Nəticədə həzm prosesi pozulur, artıq çəki yaranır və metabolik balans pozulduğu üçün bədəndə toksik yüklənmə baş verir. Bu da xərçəngə zəmin yarada bilər.

 

-Kişilər və qadınlar arasında ən çox bədənin hansı hissəsində xərçəng xəstəliyi tapılır?

 

-Qadınlar arasında süd vəzi xərçəngi ilk sıralarda yer alır. Bu xəstəlik qadınlarda ən çox rast gəlinən onkoloji növdür və vaxtında aşkarlanarsa, müalicə şansı olduqca yüksəkdir. Buna görə də qadınlara mütəmadi olaraq süd vəzilərinin müayinəsindən keçmək, öz-özünə müayinə vərdişini formalaşdırmaq tövsiyə olunur.
Kişilər arasında isə ən çox prostat vəzi və ağciyər xərçəngi halları qeydə alınır. Prostat xərçəngi adətən orta və yaşlı kişilərdə aşkarlanır, lakin çox zaman ilkin mərhələlərdə simptom vermədiyindən gec diaqnoz qoyulur. Ağciyər xərçəngi isə həm kişilərdə, həm də qadınlarda ölümə səbəb olan əsas xərçəng növlərindən biridir və əsas risk amili siqaret çəkmədir.

Təəssüf ki, xərçəng növlərinin birinci və ya ikinci yerdə dayanması onların təhlükəliliyini azaltmır. İstər mədə, istər qida borusu, istərsə də bağırsaq xərçəngi olsun, hamısı ciddi fəsadlara və həyati təhlükəyə səbəb ola bilər. Əvvəllər süd vəzi xərçəngi yalnız qadınlarda müşahidə olunurdu, lakin son illərdə bu xəstəlik kişilərdə də rast gəlinir. Lakin kişilər çox vaxt utanma, etinasızlıq və ya simptomları gec hiss etdiklərinə görə həkimə gec müraciət edirlər. Bu da xəstəliyin artıq irəliləmiş mərhələsində aşkarlanmasına gətirib çıxarır.Həmçinin, kişilər arasında xərçəng hallarının artmasının əsas səbəblərindən biri tütün və alkoqol məhsullarından istifadə amillərdir.

 

"Elektron siqaretlər ənənəvi qədər təhlükəlidir"

 

 

-Elektron siqaretlər hansı halda xərçəng yaradır?

 

-Elektron siqaretlər, çoxları tərəfindən adi siqaretə nisbətən daha zərərsiz hesab edilsə də, əslində xərçəng riskini azaldan deyil, əksinə artıran faktorlardandır. Bu cihazların tərkibində nikotinlə yanaşı, müxtəlif kimyəvi maddələrə rast gəlinir. Bu maddələr uzunmüddətli istifadə zamanı hüceyrələrdə DNT zədələnməsinə, iltihab proseslərinin yaranmasına və nəticədə xərçəng hüceyrələrinin formalaşmasına səbəb ola bilər. Elektron siqaretlər xüsusilə ağciyər, qida borusu və ağız boşluğu xərçəngi riskini artırır. Aerozol (buxar) şəklində ciyərlərə daxil olan kimyəvi birləşmələr tənəffüs yollarının selikli qişasını zədələyir və burada xərçəngönü dəyişikliklərin yaranmasına gətirib çıxarır. Uzunmüddətli bu təsir nəticəsində ağciyər toxumalarında iltihabi proseslər güclənir və hüceyrələrin normal bölünməsi pozulur. Bəzi istifadəçilər düşünür ki, “adi siqaretdən fərqli olaraq, elektron siqaret xərçəng yaratmır” və ya “təhlükə riski daha azdır”. Lakin bu, tamamilə yanlış fikirdir.

 

-Xərçəng irsidirmi? Yəni valideyndə bu problem varsa, övladda da mütləq olacaq deyə bir yanaşma nə dərəcədə düzgündür? Olmaması üçün hansısa önləyici tədbirlər görülməlidirmi?

 

-Xərçəng xəstəliyinin bir hissəsi irsiyyətlə bağlı ola bilər, amma bu, valideyndə varsa, övladda da mütləq olacaq demək deyil. Sadəcə, bəzi genetik mutasiyalar nəsildən-nəslə keçə bilir və bu zaman risk faktoru artır, yəni xəstəliyə meyillilik yaranır. Ancaq bu, o demək deyil ki, həmin şəxs mütləq xərçəngə tutulacaq. Düzgün həyat tərzi, qidalanma və mütəmadi müayinələr vasitəsilə bu risk minimuma endirilə bilər.


Əgər ailədə məsələn, anada süd vəzi xərçəngi, atada ağciyər və ya mədə xərçəngi olubsa, bu zaman övladların erkən yaşlardan profilaktik müayinələrə diqqət etməsi vacibdir. Qadınlarda süd vəzi xərçəngi riski varsa, yetkinlik yaşından etibarən ildə ən azı bir dəfə süd vəziləri müayinə edilməlidir. Bu, həm USM, həm də lazım olduqda mammoqrafiya vasitəsilə aparıla bilər. Əgər ailədə kişi xəttindən yəni atada və ya babada ağciyər və ya mədə xərçəngi olubsa, o zaman oğlan uşaqları 25–30 yaşdan etibarən profilaktik olaraq qastro- və ya endoskopiya müayinəsindən, eləcə də qida borusu və mədə yoxlamasından keçməlidirlər. Ağciyər riski varsa, ən sadə üsul ağciyərin rentgenoqrafiyası və ya KT müayinəsidir. Bütün bu tədbirlər xəstəliyin vaxtında aşkarlanması üçün vacibdir. Çünki xərçəngin erkən mərhələdə aşkarlanması müalicənin 100%-ə qədər uğurlu olmasına imkan yaradır. Nəticə olaraq, xərçəngin irsi faktoru olsa da, müntəzəm həkim müayinəsi, sağlam qidalanma, siqaretdən uzaq durmaq və stressin azaldılması ilə bu riski minimum səviyyəyə endirmək mümkündür.

 

-Genetik faktor burada hansı baxımdan rol oynayır? 

 

-Genetik faktor təkcə onkoloji deyil, bir çox digər xəstəliklərin məsələn, şəkərli diabetin, arterial hipertenziyanın və başqa xəstəliklərin yaranmasında da mühüm rol oynayır. Amma xərçəng xəstəlikləri baxımından genetik faktorun təsiri daha aydın görünür. Yəni orqanizmdəki bəzi genlərdə mutasiyalar nəsildən-nəslə keçə bilər və müəyyən şəraitdə (yanlış qidalanma, stress, siqaret, hərəkətsizlik və s.) həmin genlər aktivləşərək xəstəliyin inkişafına təkan verə bilər. Bu faktoru gözardı etmək olmaz. Bəzən yanıma 40 günlük uşaq belə gətirirlər, yəni çox erkən yaşda belə onkoloji hallara rast gəlinir. Bu cür hallarda artıq genetik faktorun rolu böyük olur. Bundan başqa, artıq çəki də mühüm risk amilidir. Çünki piylənmə hormon balansını pozur, bu da xüsusilə süd vəzi, mədə və bağırsaq xərçənglərinin yaranma ehtimalını artırır.

 

"Kimyaterapiya düzgün dozada verilməsə, orqanizm zəifləyir" 

 

-Bəzən kimyaterapiyanın xərçəngi daha da ağırlaşdırdığı, ölümü tezləşdirdiyi iddiaları ilə rastlaşırıq. Buna münasibətiniz necədir?

 

-Əslində, bu cür fikirlər çox vaxt yanlış anlaşılmadan irəli gəlir. Kimyaterapiya xərçəngin müalicəsində ən çox istifadə olunan üsullardan biridir və doğru şəkildə, düzgün dozada tətbiq olunduqda çox effektiv nəticələr verir. Burada əsas məsələ düzgün dozanın və uyğun dərman kombinasiyasının seçilməsidir. Kimyaterapiya şiş hüceyrələrini məhv edir, lakin eyni zamanda sağlam hüceyrələrə də təsir göstərə bilir. Məhz buna görə də yan təsirlər yaranır. Bu isə kimyaterapiyanın xərçəngi ağırlaşdırması demək deyil. Sadəcə, orqanizmin müalicəyə reaksiyası fərqli olur. Xüsusilə yaşlı pasiyentlərdə kimyaterapiyanın həm müsbət, həm də mənfi tərəfləri ola bilər. Yaş artdıqca insan orqanizmi zəifləyir, immun sistemi əvvəlki kimi güclü olmur. Belə halda kimyaterapiya düzgün dozada verilməsə, orqanizmi daha da zəiflədə bilər. Buna görə də müalicə planı hazırlanarkən pasiyentin yaşı, ümumi sağlamlıq durumu, digər yanaşı xəstəlikləri və laborator göstəriciləri nəzərə alınmalıdır. Məhz bu fərdi yanaşma kimyaterapiyanın həm təsirli, həm də təhlükəsiz olmasını təmin edir. Yəni kimyaterapiya xəstəliyi ağırlaşdırmır. Sadəcə, doğru tətbiq edilmədikdə və ya orqanizm buna hazır olmadıqda arzuolunmaz nəticələr verə bilər. Ona görə də bu proses mütləq təcrübəli onkoloqun nəzarəti altında, individual plan üzrə aparılmalıdır.

 

-Bu xəstəliyə düçar olan şəxslər arasında ən ağır forma üçün yaşam müddəti təqribən nə qədər olur?

 

 

-Əgər pasiyent vaxtında müraciət edirsə, uzun müddət yaşamaq tamamilə mümkündür. Bəzən xəstələr bizə sual verir: “Doktor, mənə qarantiya verin, sağalacağam?” Amma tibbdə, xüsusilə onkologiyada qarantiya anlayışı yoxdur. Çünki hər bir insanın orqanizmi fərqli işləyir. Bəzən eyni diaqnoz, eyni müalicə, eyni dərman bir xəstədə çox yaxşı nəticə verir, digərində isə proses daha çətin gedir. Yaşam müddəti bir çox amildən asılıdır. Xəstəliyin mərhələsindən, xərçəngin yerləşdiyi orqandan, pasiyentin yaşı və immun sistemindən tutmuş yanaşı xəstəliklərin olub-olmamasına qədər. Məsələn, kimyaterapiya çox vaxt yaxşı nəticə verir, amma bəzən elə hallarla rastlaşırıq ki, xəstənin əlavə ürək, qaraciyər və ya böyrək problemi varsa, kimyaterapiya onun vəziyyətini ağırlaşdıra bilər. Mənim təcrübəmdə 20 ilə qədər yaşayan pasiyentlər də olub, elə pasiyentlər də olub ki, çox təəssüf, cəmi bir neçə ay yaşayıb. Bu, bir daha göstərir ki, xəstəliyin gedişi orqanizmdən asılıdır. Əsas məsələ xərçəngin erkən mərhələdə aşkarlanmasıdır. Çünki 1-ci və 2-ci mərhələdə xəstəliyi tam müalicə etmək mümkündür. Bəzən xəstələr illərlə kimyaterapiya alır, amma sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm həkim nəzarəti sayəsində uzun illər aktiv həyatlarını davam etdirirlər.

 

-Texnologiyanın, xüsusən də mobil cihazların və radiasiyanın təsiri barədə də çox danışılır. Bu iddialarda nə qədər həqiqət payı var?

 

-Bəli, bu məsələ son illərdə çox müzakirə olunur və burada müəyyən həqiqət payı da var. Texnologiyanın sürətli inkişafı, xüsusilə mobil cihazlardan, kompüterlərdən və digər şüa yayan avadanlıqlardan uzunmüddətli istifadə insan orqanizminə müəyyən təsir göstərir. Elə insanlar var ki, saatlarla telefonu qulağında saxlayır. Bu, birbaşa baş-beyin nahiyəsinə yönələn elektromaqnit şüalanmanı artırır. Vaxt keçdikcə bu təsirlər beyin və digər orqanlarda hüceyrə mutasiyalarına səbəb ola bilər və bu da öz növbəsində şiş proseslərinin yaranmasına zəmin yaradır. Buna görə də biz pasiyentlərə və ümumilikdə insanlara telefondan uzunmüddətli istifadə etməməyi, xüsusilə gecə vaxtı cihazları baş ucunda saxlamaqdan çəkinməyi tövsiyə edirik. Çünki şüalanma, hətta minimal səviyyədə olsa belə, illərlə davam etdikdə xərçəng riski artmış olur. Digər mühüm məsələ isə iş mühiti ilə bağlıdır. Məsələn, bəzi insanlar zavod, sənaye və ya laboratoriya şəraitində çalışır. Belə yerlərdə radiasiya, kimyəvi maddələr, zərərli tullantılar və çirkli hava ilə daimi təmasda olmaq ağciyər və digər orqan xərçənglərinin yaranmasına səbəb ola bilər. Yəni burada texnologiyanın özü deyil, onun nəzarətsiz və uzunmüddətli istifadəsi təhlükəlidir. Əgər insan texnologiyadan müəyyən məsafə və vaxt qaydalarına riayət etməklə istifadə edirsə, bu halda ciddi təhlükədən söhbət gedə bilməz.

 

Qeyd edək ki, ötən il Azərbaycan üzrə xərçəng xəstəlikləri nəticəsində 9 min 681 nəfər vəfat edib. Onların 5 min 546-sı kişi, 4 min 135-i isə qadın olub. Statistika göstərir ki, kişilər arasında ölüm halları daha yüksəkdir. 


2024-cü ildə ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 min 164 nəfər təşkil edib. Onlardan 7 min 113-ü kişi, 8 min 51-i isə qadındır. Xəstəliyə tutulan şəxslərin yaş bölgüsünə gəlincə, 139 nəfər 13 yaşadək, 70 nəfər 14–17 yaş, 323 nəfər 18–29 yaş, 398 nəfər 30–34 yaş, 608 nəfər 35–39 yaş, 6 min 463 nəfər 40–59 yaş, 7 min 163 nəfər isə 60 və yuxarı yaşda olub.


Belə ki, ötən il 267 nəfərdə ağız boşluğunun və udlağın, 25 nəfərdə dodaqların, 528 nəfərdə qida borusunun, 1 437 nəfərdə mədənin, 854 nəfərdə düz bağırsağın, onunla siqmavari bağırsaq birləşməsinin, anusun, 249 nəfərdə qırtlağın, 1 525 nəfərdə traxeya, bronx, ağciyərin, 2 min 674 nəfərdə süd vəzisinin, 50 nəfərdə isə dərinin melanomasının xərçəngi aşkarlanıb.

 

Fidan Hacızadə 
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR