Cəngəllik ruhlu tanınmış azərbaycanlının tükürpədən dünyası - FOTOLAR

Cəngəllik ruhlu tanınmış azərbaycanlının tükürpədən dünyası - FOTOLAR
Sfera.az dünya şöhrətli azərbaycanlı ovçu Faiq Babanlının milli.az-a müsahibəsini təqdim edir

Dosye: Babanlı Faiq Fuad oğlu 1977-ci il yanvarında 9-da anadan olub. Ali təhsillidir. Uzun müddət güləş və qaydasız döyüşlə məşğul olub və bir sıra ciddi uğurlar qazanıb. Lakin artıq böyük idmandan uzaqlaşıb. İndi əsasən dünyanın müxtəlif ölkələrində ov etməklə məşğuldur. Onun ovladıqlarının arasında balıq və quşlardan tutmuş timsah, pələng, şir, leopard, filə kimi saysız-hesabsız heyvanlar var..


"Ovçuluq kişilik normatividir" 

- Faiq, sizdə ovçuluğa həvəs haradan və necə yaranıb?

- Bir var ovçuluq həvəsdir, bir də var ruhun ona yaxın olması. Özümü tanıyandan məndə bu hiss var. Vaxtilə buna idmanla başladım. O vaxt başa düşmürdüm ki, həyat nədir, adrenalin nədir, risk nədir. Bunların heç birini düşünərək etməmişəm. Sadəcə, bu, mənim həyatım olub. Yolun ortasında isə dünya məni görüb. Nə bacarırdımsa edirdim. Mən həyatın çıxış yolunu keçilməzliklərdə gördüm. Ağılla ona doğru getdim. Çünki bir şansım var idi. Həyatda hər tərəf bağlı olduğu halda müəyyən xətti keçmək üçün düşünərək getmişəm. Deyirdim ki, keçilməzlik nədir? Deyirdilər ki, onlar sənlik deyil. Amma etdim də, keçdim də.
İnsanın cismi ilə ruhu ayrıdır. Mən insana baxanda təkcə onun cismini görmürəm. Mən həm də onun ruhu ilə danışıram. İnsanın ruhu sənə yaxın olanda özü ilə aparır. Qalır, sadəcə, sən oradan necə çıxacaqsan. Onu da mən bacarıram.
İşlərimin çoxuna baxılırsa və yüksək qiymət verilirsə, buna Allahın işi kimi baxıram. Çünki bu, bir dəfə təkrar olunmur.

Əslində, mənim bir həyatım var camaat üçün, bir həyatım da pərdəarxası dünya üçün. O pərdəarxası dünyanın müəyyən şəxsiyyətlərinin qarşısında açılır. Amma stop deyirəm. Bu, bir il, beş il davam eləmir. Bu 15 ildir beləcə dayanmadan davam edir. Hər ay müəyyən yeniliklərlə. Adi nəyisə göstərmək üçün edən insan bunu 1,2,3 dəfə edir, sonra gedir öz işinin-gücünün dalınca. Şərt bu deyil, başqa şeydir. Dünyanın hər ölkəsinin öz qanunları, adət-ənənələri var.

Mən belə görürəm, ovçuluq kişilik normatividir. Bu olmalıdır.

- Sualın cavabına gələk. Deməli, ovçuluğa meyl sizin ruhunuzdan irəli gəlir. Eləmi?


- Birmənalı elədir. Çünki mən bunu özüm elə-belə edə bilməzdim.

- Konkret olaraq neçə yaşından başladınız?


- Nə bilim? Mən uşaq yaşından hər şeyi edirdim.

- Harda?

- Qazax rayonunda. Əslim Şıxlı kəndindəndir. Orada kəpənəklər yığırdım (gülür). Həmin kolleksiyalarım hələ də qalır. Balıq da tuturdum. Mən 11 il orda yaşamışam. Evdən səhər çıxırdım, axşam gəlirdim. Həm də orda idmanla məşğul olurdum. Sonra Bakıya gəlmişəm. Güləş üzrə yığma komandaya düşmüşəm. Atam Fuad Babanlı da idman ustası olub. Amma heç kimə idmana get deməyib. Mənə deyirdilər oxu. Mən həm oxuyurdum, həm idman edirdim. Daha sonra ali təhsil də aldım.

- Bu vaxta kimi neçə ölkədə ov eləmisiz?

- Tam səmimi deyirəm, həqiqətən də, ölkələrin sayı yadımda deyil. Çünki mənim buna marağım yoxdur. Mən saymamışam. Mən bunu neylirəm ki? Mən dünyanı demək olar ki, gəzmişəm. Mən onu bir dəfə gəzməmişəm, dövr edirəm (gülür). Həqiqətən, bilmirəm neçə ölkədə olmuşam. Bəlkə 50-dir, bəlkə 60-dır. Doğrudan, gərək oturub sayam e (gülür).

- Deməli, nə olduğunuz ölkələrin, nə də ovladığınız heyvanların sayını bilmirsiz.

- Nə ovladığımı bilirəm, amma sayını bilmirəm (gülür).

- Yəni elə heyvan var ki, birini, eləsi də var ki, 5-ni vurmusuz...

- Çox da vurmuşam.

- Ən çox yadda qalan ov harada və hansı olub?

- Amazon cəngəlliyində. Mən Amazon cəngəlliyi hövzəsinin hamısını başdan-ayağa keçmişəm - Boliviya, Kolumbiya, Paraqvay, Peru. Daha hansı qaldı? (gülür)

"Mən vəhşinin nəfəsini duyuram, onu hiss edirəm"

- Hansı daha yaddaqalan olub?

- Sizə bir şey deyim. Hər insanın həyatda öz yeri var. Mən bütün dünyanı gəzəndən sonra öz yerimi tapmışam. İndi niyəsini deyəcəm. Mən o çöllərin hamısını gəzmişəm. Cəngəlliyin ab-havası bir başqa olur. İnsan ora düşürsə, hər şey istəyir ki, insanı oradan çıxarsın. Çünki orada tamam başqa bir enerji, başqa mühit var. Orada vəhşilər yaşayır. Sən orada heç kimi görmürsən, amma onlar səni görür. Boliviyada cəngəllikdə heyvan görünür, 6-8 metrdə. Amma Peruda heç bir şey görünmür. İfrat dərəcədə hər şey sıxdır. Bir metrdən, hətta daha az məsafədə güclə görmək olur, buradan (əli ilə sifəti arasında məsafəni göstərir). Mən gecələr yatmıram. Məndə az yatmaq xüsusiyyəti var. Elə olur ki, mən normalda 2-3 sutka yatmıram. Buna baxmayaraq, mən özümü normal hiss edirəm, bu, mənə problem yaratmır. Deyirlər bu riskdir. Amma bu mənim üçün adi həyat normatividir.
Ən çox yaddaqalan ovum isə Amazonda vəhşiləri ovladığım olub. Hansı heyvanı ovladığımın adını çəkmirəm. Bunun öz səbəbi var.
Elə ovlarda həyat riski var. Heyvan balaca tərpənib "şıqq" edir, o, mənim 4 saat vaxtımı alır. Mən həmin an oradan tərpənə bilmərəm. Mən onu görmürəm. Mən onun nəfəsini duyuram, ovu hiss edirəm. Həqiqətən də, onların arasında düşdünsə, artıq başqa dünyadasan. O zaman mənim üçün dünya durur. Bəzən ov vaxtı şəklimi çəkirlər. Sonra baxıram özümü tanımıram. Deyirəm, bu kimdir? Çünki orada cəmi bir atış olur. Mən o heyvanı çağırıb atıram. Onu çağırıram, o hücum edir, gəlir. O elə bilir ki, ərazisində özü kimi başqa biri var.

- Birbaşa ölüm təhlükəsi hansında yaşamısız?

- Belə şey olub. Amma bunu mətbuata deyə bilmərəm. Çünki sonra dünya məndən onun haqq-hesabını sorar.

- Niyə? O heyvanların ovu qadağan olduğuna görə?


- Bilirsiz, əgər məni dövlət özü orada ov etməyə çağırırsa, deməli, bu, elə-belə şey deyil.
Yəni elə yerə gedirəm ki, orada heç kim olmur, yalnız təkcə mən ov edirəm. Orada kim istəsə əlinə tüfəng alıb istədiyi əraziyə girə bilməz. Orada hərənin öz ərazisi var. O biri ərazilərdə də elə-belə insanlar deyil.

- Amma bütün hallarda həyati təhlükə yaşadığınız ov olub...


- Bəli, məsələn leopard ovladığımı deyə bilərəm. Leopardı Afrikada ovlamışam - Namibiyada, Cənubi Afrika Respublikasında. Elə ov paketləri var ki, orada pulunu ödəyib kiçikdən böyüyə hər şeyi ovlaya bilərsən. Özü də bu tam leqaldır, qanunidir və dövlətin nəzarəti altındadır. Məsələn, Konqo və Kamerunda dostlarımın şəxsi zonaları var. Bütün ərazi tək bir adamın olur. Ov edənlər arasında isə müxtəlif millətlərdən ispanlar, almanlar, ingilislər var. Yəni ərazi bir nəfərin olur. Biz ona pul ödəyirik və əraziyə girib istənilən heyvanı ovlayırıq. Elə yer var yalnız bir heyvanı öldürməyə gedirsən. Məsələn, "dangerous game" var, fil vurmağa gedirsən. Bu isə çox böyük pullar deməkdir. Orada, ilk növbədə, insanın şəxsiyyətinə baxırlar. Ora hər adam buraxılmır.
Birini qoyub obirinə keçdim. Əgər leopardı vurub yaralayırsansa, sonra bir neçə nəfər onun üstünə gedir. Amma leopard onu kim vurubsa, hətta gecə də olsa, məhz onun üstünə cumur...

"Ovumu yerimdən tərpənmədən 24 saat gözləmişəm"

- Ovçuluqda əsas şərt nədir?

- Hissiyyat...

- Bəs səbr?

- Səbr də olmalıdır. Amma əsas hissiyyatdır.

- Bir heyvanı ovlamaq üçün maksimum nə qədər vaxt gözləmisiz?

- Elə olub ki, 24 saat gözləmişəm. Bir yerdə dayanaraq, tərpənmədən bütün sutkanı gözləmişəm. Elə leopardın özünü ovlayarkən. Başqa cür mümkün deyil. Həm gecə, həm gündüz oturub səbrlə gözləyirsən. Bir də görürsən ki, qarışqa səni yeyir, masket əlindən tərpənmək olmur, başının üstündə duman var, amma tərpənmədən gözləməlisən. Adətən hava qaralandan işıqlanana qədər gözləyirsən. Amma mütləq gözləyirdim, çünki görməsəm də, bilirdim ki, o oradadır.


"Ov biznes ola bilməz"

- Əyninizdəki gödəkçə hansı heyvanın dərisindəndir?

- Bu ilandır (Əli ilə göstərir).

- Hansı ilan?

- Buna kral piton deyirlər.

- Bəs kəmər və ayaqqabılarınız?

- Onlar da timsah dərisindəndir (gülür).

- Yəqin ki, vurduğunuz heyvanların dərisindəndir...


- Bəli. Dərini verirəm tikirlər. Özü də dünyanın ən məşhur ustaları tikir. Özü də, məsələn, timsah dərisində hər bir naxış fərqlidir. Timsahın elə naxışı var ki, ona nə qədər desən, pul düşür.

- Ovçuluq sizin üçün nədir - həyat eşqi, yoxsa biznes?

- Yox, biznes deyil. Mənim məşğul olduğum biznes sahəsi çoxdur. Ov biznes ola bilməz. Ov biznes deyil, bu bir ruh halıdır. Bu, ruhu qidalandırmaq üçündür.

- Hazırda olduğumuz ov dükanı ilə sizin nə əlaqəniz var?


- Bura dostlarımızın ov dükanıdır və bizim "Safari showroom" burada yerləşir. Bura həm dükandır, yəni ov avadanlıqları satılır, eyni zamanda burada həm də ovladığım heyvanlar sərgilənir.

- Onların satışı da olur?

- Olur, amma xırda-para şeylər.

- Bəs böyüklər? Məsələn, burada şir, ayı var? Onlar da satılır?

- Bəli. Yəni onlar həm sərgilənir, həm də satılır. Amma daha yaxşısı odur ki, sərgilənənlərə baxıb bizə sifariş edirlər. Bizim insanlar heyvanları canlı görməyiblər. İnsanlar görmədiklərini adətən anlaya bilmirlər. İnsan görəndə fikri dəyişir. Dünyanı görməmiş anlamaq olmur. Bu, bilirsiz nəyə oxşayır? Yazıçı oturub evində çölə çıxmır, özündən uydurur və yazır, amma heç nə görməyib. Bu formada o, dəqiqliyi ilə yaza bilməz. O yaxşı fikirləşə bilər, amma dəqiq ifadə edə bilməz.

Çalışın nəyisə görəndən soruşun. Görməyəndən soruşmayın. Təbii, insanın özünün görməsi daha yaxşıdır. İnsan görəndə dəyişir. Görməyəndə isə həmişə sual qarşısında qalır. Bu reallıqdır.


"Başqalarının görmədiyi ovçular elə dünyanın yiyələridir"


- Əgər Faiq Babanlını qandallayıb bağlasalar və bir il ov etməyə qoymasalar, nə olar?


- Ov mənim həyatımdır. Amma ov etmədiyinə görə bundan heç kim ölməyib. Lakin yenə də imkan olan kimi heç olmasa evin içində pəncərədən də olsa, sərçədən-zaddan mütləq vuraram (gülür).

- Yəni ov sizin canınızdadır...

- Bilirsiz mən çölü hiss edirəm. Xüsusən də cəngəlliyi. Həmin anda bütün ərazi mənimdir.

- Siz özünüzü həmin anda orada insan kimi hiss edirsiz, yoxsa pafosla desək, "cəngəllik kralı" kimi?

- Yox, kral bir az gülməli çıxır. Amma ov zamanı ərazi mənim evim olur. Orada məndən başqa heç kim yoxdur. Bunu vəhşilər də hiss edir ki, mən oradayam. Bunu hiss etməyə bilməzlər. Cəngəllik mənim evimdir. Mən orada dincəlirəm. Mən ildə 3-4 dəfə orada oluram. Artıq məni özləri çağırırlar. Bütün dünyada.

- Harada və kim? Bəzi idman növlərində, məsələn, elə məşğul olduğunuz güləşdə idmançıların reytinq siyahısı olur. Ovçuların da belə siyahısı var?

- Bəli. Dünyada üzdə görünən və görünməyən ovçular var. Başqalarının görmədiyi ovçular elə dünyanın yiyələridir. Elə var ki, hər biri 100 fil vurub. Bunu hər adam edə bilməz axı... Onlar dünyanın ov yiyələri yox ha, dünyanın yiyələridir.
Burada maddi imkan mütləq olmalıdır.

- Deməli, onların içində siyasətçilər də var, biznesmenlər də var, idmançılar da var?

- Bəli... Hamı ovda dayanır. Dünyanın bütün böyük şəxsiyyətləri ovda dayanır. Düzdür, pul, şöhrət, vəzifə böyük rol oynayır. Deməli, əsas məsələ şəxsiyyətdədir. Üzr istəyirəm, dünyanın harasına gedirəmsə, mənə hər şeyə icazə verilir. Mən nə dövlət işçisi deyiləm, nə siyasətçi deyiləm. Hansısa ölkəyə gedirəmsə, deyirəm ki, mən filan heyvanın dalınca gəlmişəm. Bilmirəm kimə icazə var, kimə yoxdur. Dəqiq bilirəm ki, hər adama yoxdur.  Amma məni ora buraxırlar.

- Digər məşhur ovçular necə, sizi tanıyırlarmı?

- Bəli, mən onların bütün tədbirlərində iştirak edirəm. Əgər dünyada ov üçün bir böyük heyvan satılırsa, onlar deyirlər ki, Faiqlikdir.

- Deyirlər ki, bəzən ərazilərin sahibləri özləri heyvanların artımının qarşısını almaq üçün ovçuları çağırır. Düzdür?

- Düzdür, bu, demək olar ki, hər gün olur. Bütün qoruqlarda, zonalarda bu, adi bir şeydir. Bir də görürsən ki, kiminsə ərazisində 20 böyük fil var, onlardan 14-15-ni ov üçün satışa çıxarır.

- Bu yaxınlarda məşhur futbolçu Zlatan İbrahimoviç sizin dəvətinizlə Azərbaycana gəlmişdi. Daha hansı məşhurlarla əlaqələriniz var?

- Zlatan yalnız camaatın bildiyidir. Bura mənim dəvətimlə çox məşhurlar gəlir. Onların arasında idmançı da var, müxtəlif ölkələrin tanınmış siyasətçiləri də. Amma bu barədə geniş danışmaq istəmirəm (gülür). Adətən onlar özləri mənimlə maraqlanırlar. Hətta təəccüb edirlər ki, azərbaycanlı hara, belə bir şey hara? O zaman mən onlara Azərbaycanın və əsl azərbaycanlının nə demək olduğunu yaxşıca anladıram. Mən Azərbaycanı sevirəm. Hara getməyimdən də asılı olmayaraq həmişə azərbaycanlı olmağımla fəxr edirəm, orada ölkəmi layiqincə təmsil və təbliğ etməyə çalışıram.


- Bəs Azərbaycanda ov edirsiz?

- Yox! Mən hələ Azərbaycanda bir heyvan da vurmamışam. İndi quşları çıxıram da... (gülür.) Arada dostlarla kampaniya xatirinə quş ovuna gedirəm. Çünki onların da xətrinə dəymək olmur. Amma daha quşları qırıb çatmıram. Sadəcə, nümunəvi atış göstərirəm.
Mən, ümumiyyətlə, ölkə anlayışına çox ciddi yanaşıram. Buna kim necə baxır bilmirəm, amma mən sərhədi keçən kimi bu hisslər oyanır. Çünki mən şəxsiyyətimi göstərməyə gedirəm. Əgər səni bütün dünya tanıyırsa, sən şəxsiyyətsən və özünü ona uyğun aparmalısan.

Buşmen və iki həyat


- Əgər hindusayağı yanaşsaydız, özünüz özünüzə necə ad qoyardız?

- Mən özümü sıfıra qoyuram. Bu yolu aparan Allahdır. Mən də sizin kimi Faiq Babanlıya qıraqdan baxıram, ona qiymət verirəm, azarkeşlik edirəm. Mənim iki həyatım var. Mən də sizin kimi Faiq Babanlıya baxıram, ona əl də çalıb alqışlayıram. Amma şöhrət adlı şey mənim üçün sıfırdadır. Mən ona idmançı vaxtlarımdan doymuşam. Onlar mənim üçün kiçik şeylərdir. Mənim yolum başqadır.

- Sualıma cavab vermədiniz. Özünüzə nə ad qoyardız?

- Buşmen - Meşə adamı. Amma buşmen deyəndə adətən balaca qəbilələr yada düşür və mənim ifadə etmək istədiyim şeyi kiçildir. Özümə kənardan baxsam, belə deyərdim, bu əjdahadır, şir ürəyi yeyib.

- Ov vaxtı risk həddini keçən zaman nə hiss edirsiz? Hiyyatınız necə olur?

- Əgər onun adı riskdirsə, çoxları ondan qorxur, çünki həyat üçün təhlükəlidir. İnsan o təhlükə həddini keçirsə, o, tamam dəyişir.

- Dəyişib kim olur?

- Orada insanın hökmü böyüyür. Hər hansı insan bu həddi keçibsə, sözlərimi göydə tutacaq.

- Amma ola bilər ki, hamı bunu keçməyib. Ona görə də çalışın izah edin. Məsələn, mənə görə, həmin anda insan vəhşi heyvandan daha çox vəhşi olur.

- Bəli. Allah insanı mükəmməl yaradıb. Bax həmin anda onu hiss edirsən və Allahın qarşısında çökürsən. O riski keçəndə dönüb özünə baxır və dəyişir.

- Cəngəlliyi niyə bu qədər sevirsiz?

- Çünki orada mən qorxmaq istəyirəm.

- O qorxunu sizə bu həyatda başqa heç nə yaşatmır?

- Xeyr, yaşatmayıb. Çox şeydən keçmişəm, amma olmayıb. Mən ona təkcə adrenalin kimi baxmıram. O, çox kiçik şey olar. Mən dəli deyiləm. Adrenalin üçün campinqlə məşğul olaraq, rezin iplə yuxarıdan tullanaram, ürəyim ağzıma gələr, bağrım çatlayar, o da olar adrenalin. Amma cəngəllikdəki o deyil. Mən orada həm də ruhumu qidalandırıram. Ora getmək hər adamın işi deyil. Elə adam cəngəlliyə bir dəfə gedər. Bunu edən isə ya zır dəlidir, ya da çox ağıllıdır.

- Heyvanları yalnız güllə ilə vurursuz, yoxsa başqa silahlardan da istifadə edirsiz?

- Ox da atıram.

- Bəs bıçaq?

- Bıçaqla bəzən yaralı heyvanın üstünə gedirsən. Düzdür, o da özünə görə bir adrenalindir. Mən bir dəfə leopardı yaralamışdım. Sahibinə dedim ki, icazə ver bıçaqla onu öldürüm. Mənə qayıdıb ki, problem yoxdur. Amma sizin yaxşı plastik cərrahınız var? (gülür). Mən leopardla yaşamışam. Cürbəcür leopardlarım olub. Mən uzun müddət qara bəbirlə də yaşamışam. Məqsəd nə idi? Özü də onlar heç zaman bizim başa düşdüyümüz mənada əhilləşmir. Onlar insana yalnız o zaman tabe olur ki, onda başçını görürlər. Başqa cür mümkün deyil. Heyvan bilmir ki, qarşısındakı yaxşı oğlandır və ya əzələsi güclüdür.

- Bəs onlar insanı nə vaxt başçı kimi qəbul edir?

- İnsanın gücünü, enerjisini hiss edəndə. Bu güc, qüvvə yerdən Aya qədər olmalıdır. Vəhşilər yalnız insanda bunu hiss edəndə tabe olurlar. Bu da göstərir ki, Allah insanı ali yaradıb. Mən belə vəhşilərlə 3 il yaşamışam. Gecə və gündüz. Bu isə hər an ölüm deməkdir. İnsan atışda səhv edə bilər, amma onlar heç zaman səhv etmirlər. Həyat şirin şeydir. Heç kim onunla vidalaşmaq istəmir.

- Ovçu həmkarlarınızdan belə səhvə yol verib həyatı ilə vidalaşanlar olub?

- Bəli, olub. Çox olub. Öz yanımda da olub. Xaricdə, yerlilərdən. Onu da görəndən sonra başa düşürsən ki, səhv etmək haqqın yoxdur.

Aslanın erkəyi və dişisi fərqli olur

- Bizdə bir məsəl var, deyirlər ki, aslanın erkəyi, dişisi olmaz. Bu, həqiqətən, belədir?

- Yox... Elə deyil. Aslanın erkəyi və dişisi fərqlənir. Erkək aslan doyacaq qədər yeyəndən sonra ovunu qoyub gedir. Özü də o yeyən zaman heç bir heyvan ora yaxın gələ bilməz. Onun duruşu, baxışı, əzəməti fərqlidir. Dişilər isə elə deyil. Dişi yediyini yeyir, qalanını da aparıb basdırır ki, sonra yeyər. Amma, sözsüz ki, nə qədər dişi olsa da, aslan olması bəs edir.

- Onda aslana heyvanların şahı demək düzdür?

- Bəli, həqiqətən də, aslan heyvanların şahıdır. Qarşısındakının hansı heyvan olmasından asılı olmayaraq, aslan özünü ondan güclü hesab edir. Maraqlı da olsa, duruşu, qorxmazlığı, əminliyi ilə bu gücünü o birilərinə də hiss etdirir.

- Bəs heyvanların şahını ovlayana nə ad verək?

- Böyük ruhlu insan...


 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...