Azərbaycanda daşqın olacaq?

Son zamanlar müşahidə olunan küləkli və yağışlı hava şəraiti paytaxt Bakı da daxil olmaqla bir çox rayonlarda ciddi fəsadlara yol açıb. Leysan xarakterli yağışlar bir sıra ərazilərdə sel və subasmalarla nəticələnib, yaşayış evləri və inzibati binalar ziyan çəkib.
Bu hava şəraiti bir çox sakinləri təhlükə ilə üz-üzə qoyaraq həm gündəlik həyata təsir edib, həm də maddi zərərlərə səbəb olub. Hazırda müvafiq qurumlar baş verən fəsadların aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər görür.
Güclü yağışlar davam edərsə, böyük çayların, o cümlədən Kürün 2010-cu ildə olduğu kimi daşma ehtimalı varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən ekoloq Rövşən Abbasov atmosfer yağıntılarının çayların qidalanmasında əsas və demək olar ki, yeganə mənbə olduğunu deyib.
Onun sözlərinə görə, hazırda yağıntıların intensiv və davamlı olması Kür çayının səviyyəsinin artmasına səbəb ola bilər:
“Əgər yağıntılar normadan artıq olarsa, bu, daşqınlara gətirib çıxara bilər. Yəni, yağıntılar daşqınların yaranmasında mühüm rol oynayır və heç kim bu qədər intensiv yağıntıların daşqınlara səbəb olmayacağını qəti şəkildə deyə bilməz”.
Ekoloq 2010-cu ildə belə bir hal baş veribsə və iqlim şəraiti yenə də kifayət qədər rütubətlidirsə, oxşar yağıntılı hava şəraitinin yenidən Kür çayında daşqınlara səbəb ola biləcəyini bildirib.
Fidan Hacızadə
Sfera.az