Bakıda Pençak Silat İcmasının açılışı oldu
Bakıda Azərbaycan Pençak Silat İcmasının (Azerbaijan Pencak Silat Community, APSC) açılışı olub.
Sfera.az xəbər verir ki, mərasimdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi iştirak edib.
Tədbir çərçivəsində müvafiq sənəd imzalanıb və İndoneziya səfirliyi APSC-ni Azərbaycanda İndoneziyanın ənənəvi döyüş sənəti olan pençak silat sahəsində fəaliyyəti təşkil etmək və əlaqələndirmək səlahiyyətinə malik yeganə təşkilat kimi rəsmən tanıyıb.
Bu addımın müvafiq dövlət orqanlarının dəstəyi ilə ölkədə bu idman növünün inkişafına və onun hüquqi statusunun möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir.
"Pençak silat dünyada geniş yayılıb və bir çox ölkələrdə yarışlarda təmsil olunur. Azərbaycan icması dekabrın 5-12-də Daşkənddə keçiriləcək pencak silat üzrə XXI dünya çempionatında iştirak etmək üçün idmançılar hazırlayacaq", - Berlian Helmi bildirib.
APSC Prezidenti Məqami Bayramov İndoneziya səfirliyinə icmanı tanıdığına görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanda pençak silatın populyarlaşmasına və inkişafına əlavə təkan verəcək.
Pençak silat - UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi İndoneziya döyüş sənətidir. Onun Azərbaycanda inkişafına həm də iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi imkanı kimi baxılır.






