"Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, onlar da..." - Osman Gündüz provayderləri sərt TƏNQİD ETDİ

"Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, onlar da..." - Osman Gündüz provayderləri sərt TƏNQİD ETDİ

“Dövlət və özəl provayderlər sanki yarışa girməklə, sövdələşmə etməklə internetin sürətini və qiymərtini gələn aydan birdən-birə 40% qaldırmaq istəyirlər”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Aztelekom” və “Baktelekom” şirkətlərinin internetin qiymətinin artırılması ilə bağlı qərarını şərh edən zaman bildirib.

 

O.Gündüz xatırladıb ki, hazırda abunəçilərə satılan internet xidmətinin minimum qiyməti 18 manat müəyəyn olunub və bu ödənişlə 40 Mbit/s sürət əldə etmək mümkündür.

 

“İndi təklif olunan qiymət isə minimum 100 Mbit/s üçün 25 manat olacaq”, - deyən O.Gündüz provayderləri sərt tənqid edib:

 

“Görünür ki, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq istəyirlər. Baxırlar ki, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər. Bütün bunlar isə doğru bir yanaşma deyil, yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün. Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir”.

 

O.Gündüz qeyd edib ki, Azərbaycan əhalisinin yarısı kəndlərdə yaşayır. Onun sözlərinə görə, belə olan halda hamı üçün sürəti minimum 100Mbit/s etməyə ehtiyac yoxdur:

 

“Qiymət siyasəti elə qurulmalıdır ki, hamının ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik “dövlət provayderidir” ki, məhz hər bir vətəndaşın, tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun”.

 

Qeyd edək ki, “Aztelekom” və “Baktelekom” şirkətlərinin açıqladığı məlumata əsasən, abunəçilərin genişzolaqlı internetə artan tələbatını nəzərə alaraq tarif paketlərində sürəti 2,5 dəfə artıracaq. Şirkətlər GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata.

 

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək. Qeyd edilən qiymət dəyişikliklər xüsusi güzəşt tariflərini, o cümlədən şəhid ailələri və müharibə əlilləri üçün güzəştli “Təşəkkür” tarif paketlərini əhatə etməyəcək. Bu qərar 15 avqust 2024-cü ildən qüvvəyə minəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR