İTV tamaşaçılardan ÜZR İSTƏDİ

İTV tamaşaçılardan ÜZR İSTƏDİ

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) futbol üzrə Avropa Çempionatının final oyununun yayımı zamanı baş verən uyğunsuzluq halları ilə bağlı açıqlama verib.

 

Sfera.az İTV-yə istinadən xəbər verir ki, şirkət yaranmış uyğunsuzluğun texniki səbəblə əlaqəli olduğunu və bu halla bir çox ölkənin yayım şirkətlərinin üzləşdiyini bildirib:

 

“İyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa Çempionatının final oyununu şərhçimiz Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib. Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa Çempionatının final oyununun yayımı zamanı uyğunsuzluq yaranıb. Buna səbəb AVRO-2024-də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub. Sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər”.

 

İTV onu da bildirib ki, efirdən əvvəl test zamanı bu kimi problem qeydə alınmayıb:

 

“Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik”.

 

Altay


OXŞAR XƏBƏRLƏR