Fazil Mustafa Aşura günü zəncir vuranlardan DANIŞDI: "Quranla nə əlaqəsi var?"

Bu il Məhərrəm ayının 10-cu günü, yəni Aşura iyulun 16-na təsadüf edir. Təəssüf ki, belə tarixlərdə özünə fiziki olaraq zərər vuran, xətər yetirən bir sıra insanları hələ də görürük. Bu istiqamətdə fikirlər isə birmənalı deyil. Bəziləri düşünür ki, özünə zərər vuran şəxslər həbs edilməli və ya buna oxşar cəza tədbirləri görülməlidir.
Maraqlıdır, Aşura günündə özünə xələl yetirən insanlar hansısa formada cəzalandırıla bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa deyib ki, burada ən böyük problemlərdən biri Azərbaycanın cəhalət içinə yuvarlanmış, məqsədyönlü şəkildə xaricdən yönəldilən vətəndaşları ilə polislərin üz-üzə qalmalı olmasıdır:
“Halbuki, bununla məşğul olan dövlət qurumları var. Bu istiqamətdə ciddi işlər aparılmalı və dünyəvi dövlətin prinsipləri tətbiq olunmalıdır. İndi sanki tədricən dini, şəriət dövlətinə doğru hansısa qüvvələr Azərbaycanda görüntü yaratmaq istəyirlər. Amma bunun da dünyəvi dövlət immuniteti ortaya çıxmalıdır. Bunu göstərən isə yoxdur. Bir sıra məmurların özlərinə dünyəvi dövlətin nə olduğu, niyə qorunmalı olduğu izah olunmalıdır”.
F.Mustafa bildirib ki, belə olan halda hansısa tədbir görmək xeyli çətinləşir:
“Bu işdə Azərbaycan polisinin fədakarlığı olmasa, bu qüvvələr ölkəmizdə kifayət qədər ciddi şəkildə “at oynadarlar”. Xüsusi xidmət orqanlarımızın səyləri olmasa, Azərbaycan sanki dünyəvi dövlət mahiyyətindən uzaq bir vəziyyətdə görünə bilər. Ona görə də bu məsələyə bütün dövlət qurumları və vətəndaşlar birlikdə reaksiya verməlidirlər. Kimin inancı nə olur olsun, hansısa bir zorakılıq, insan üzərində şiddət tətbiq edən vasitələr varsa, Konstitusiyamız bunu qadağan edir. Ona görə də bu məsələdə prinsipial mövqe tutulsa, belə təşəbbüslərə də kimsə cəsarət etməz. Bu cür hansısa fəaliyyəti gündəmə gətirməyə çalışan adama bir sual verilir: Bunun Quranla əlaqəsi nədir? Bu rituallar, ümumiyyətlə, harada var? Düşünürəm ki, bu kimi məsələlərdə prinsipial mövqedən çox şey asılıdır. Təəssüf ki, bizdə belə bir mövqe arzuolunan şəkildə sərgilənmir. Belə özbaşınalığın baş alıb getməsinə səbəb də budur”.
Günay