Şəhid Xudayar Yusifzadənin DOĞUM GÜNÜDÜR

Şəhid Xudayar Yusifzadənin DOĞUM GÜNÜDÜR

Vətən müharibəsində şəhid olan hərbi qulluqçumuz Xudayar Yusifzadənin doğum günüdür.

 

Sfera.az xatırladır ki, yaşasaydı, 26 yaşı olacaqdı.


 
Xudayar Müslüm oğlu Yusifzadə 1998-ci ilin iyulun 15-də Bərdə şəhərində anadan olub. O, 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb.

 

Xudayar 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və "gizir" hərbi rütbəsi alıb.

 

2020-ci ildə, Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib.Daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.O, Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub.

 

Xudayar Yusifzadə ölümündən iki gün əvvəl səngərdə Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələnmiş mahnını ifa edib. Həmin görüntülər qısa müddət ərzində sosial mediada trendə çevrilib.

 

Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlandırılıb.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR