Nikahların və doğumların sayı sürətlə azalır - Rəqəmlər

2024-cü ildə Azərbaycanda nikahların sayında ciddi azalma müşahidə edilib.
Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-may aylarını əhatə edən beşaylıq dövrdə nikahların sayı 11 faiz azalaraq 17 448 olub. Ötən ilin eyni dövrü ilə müqayisədən görünür ki, nikahların sayında 1933 ədəd azalma var.
2023-cü ilin ilk 5 ayında 19 381 nikah bağlanmışdı. Nikahların azalmasından sonra hər 1000 nəfərə düşən nikahların sayı da azalıb. Ötən ilin eyni dövründə 1000 nəfərə 4,6 nikah düşürdüsə, bu il 4,1 olub.
Pandemiyadan sonra Azərbaycanda nikahların sayında artım müşahidə edilirdi. 2020-ci ildə 35 348 nikah qeydə alındığı halda, 2021-ci ildə 56,3 minə, 2022-ci ildə 62 minə yüksəlmişdi. Belə görünür ki, bu il nikahların sayında yenidən azalma qeydə alınacaq.
Nikahların sayı ilə yanaşı, doğum göstəriciləri də pisləşib. Bu il doğum sayı ötən ilin eyni dövrünə nisbətən 11,7 faiz və ya 4 936 nəfər azalaraq 41 608 nəfər olub. Son illərdə doğum sayında azalma baş verir. Bu prosesin 2024-cü ildə də davam edəcəyi görünür.
Vasif