Gənclər masonluğa niyə maraq göstərir və təşkilata necə qoşulmaq olar? - AÇIQLAMA

Gənclər masonluğa niyə maraq göstərir və təşkilata necə qoşulmaq olar? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyunun 28-də Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisi keçirilib. Dünyanın müxtəlif ölkələrindən olan masonlar Azərbaycana gəlib. Bu hadisədən sonra sosial şəbəkələrdə masonlara maraq artıb. Xüsusən də gənclər bu təşkilata qoşulmaq istəyirlər. 

 

Ötən yazımızda masonluğun tarixi və ideologiyası ilə bağlı kifayət qədər məlumat vermişdik. 

 

Bəs gənclərin masonluğa marağının artmasında əsas səbəb nədir və  bu təşkilata necə qoşulmaq olar? 

 

Sfera.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev bildirib ki, masonlar Azərbaycanda artıq bir müddətdir, fəaliyyət göstərirlər:

 

“Gizlin olmasa da, səssiz şəkildə öz işlərini görürlər. Öz təşkilatının üzvlərini müdafiə edir, onları yaxşı mənada tərbiyə edir, biliyini artırır və kollektiv iş öyrədirlər. Beləliklə müəyyən adamları yavaş-yavaş dövlət qurumlarına işə düzəldərək hakimiyyətin ən yüksək vəzifələrinə gətirib çıxarırlar. Yüksək vəzifəyə sahib olan da öz tanışını gətirir və bir-birilərini müdafiə edirlər”. 

 

R.Əliyev qeyd edib ki, ölkəmizdə gənclər üçün motivasiya yoxdur:

 

“Bu gün Azərbaycanda elə bir ciddi təşkilat yoxdur ki, cavanlar orada özlərinə yer tapsınlar və öz həyatlarını motivləşdirsinlər. Hamı qəbul edir ki, iş yeri kifayət qədər yoxdur. Əgər masonlar burada 10 min gəncdən 3-5 minini öz himayəsinə götürüb, maddi və mənəvi şəkildə təmin etsələr, təbii ki, bu, gənclərin marağına səbəb olar. Buna görə də ölkəmizdə gənclər həmin təşkilata daxil olmağa çalışırlar”. 

 

Onun sözlərinə görə, mason təşkilatına qoşulmaq təxminən kommunist partiyasına qoşulmaq kimidir:

 

“Demək olar ki, eyni prinsipdir. Belə ki, bunun üçün mason lojasından iki nəfər səni tanımalı və 1 il namizədlik üçün zəmanət verməlidir”. 

 

Rafiq Əliyev əlavə edib ki, ölkəmizdə dünya səviyyəsində təşkilatların olmasının gənclərə xeyri var:

 

“Tutaq ki, bir nəfər Azərbaycanda mason lojasına daxil olmuş azərbaycanlı ABŞ-yə getsə, orada olan mason lojasının üzvləri həmin şəxsi qarşılayır, onu yerləşdirir və ona biznes açmaqda kömək edir. Yəni həmin şəxs gedib orada təkbaşına qalmır, mason lojası onu qayğı ilə təmin edir. Masonların “Skal” təşkilatı var ki, onlar gənclərin turizm və idman məsələləri ilə məşğul olurlar. Həmin təşkilat idmançıların başqa ölkələrə gedib, yarışlarda iştirak etmələri üçün şərait yaradır və maliyyəni qarşılayır. Uzun müddətdir, ölkəmizdə də fəaliyyət göstərirlər. Hətta dediklərinə görə, bizim bir qrup idmançını İrana da göndəriblər”. 

 

Qeyd edək ki, 1934-cü ildə Parisdə beynəlxalq assosiasiya kimi yaradılan “Skal İnternational” təşkilatı bütün turizm və səyahət sektorlarını əhatə edir. Turizm üzrə peşəkarların beynəlxalq şəbəkəsi olan «Skal İnternational» turizmdə keyfiyyətin yüksəldilməsini və turizm peşəkarlarının arasında əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub. Beynəlxalq təşkilat həmçinin turizmin digər formalarını da (idman, mədəni, konqres, ekoturizm, davamlı inkişaf və b.) dəstəkləyir.  2009-cu il sentyabrın 9-da Azərbaycan bu təşkilata üzv qəbul olunub. 2024-cü ilin məlumatına görə, təşkilatın 83 ölkədə 304 klubu və 12 mindən çox üzvü var.

 

O, sonda vurğulayıb ki, mason lojası bu ilin sonuna qədər qeydiyyatdan keçə bilər:

 

“Hazırda masonlar Ədliyyə Nazirliyində təşkilatlarını qeydiyyatdan keçirmək üçün sənədlər təqdim ediblər. Nazirlik hələ ki, bu sənədləri təsdiq etməyib. Lojanın nümayəndəsinin dediyinə görə, bu ilin sonuna qədər burada yenə bir iclas keçiriləcək, yüksək səviyyəli masonlar ölkəmizə gələcək. Bu zaman, yəqin ki, nazirlikdən xahiş edəcəklər ki, onları qeydiyyata alsın”. 

 

Məsələ barədə ilahiyyatçı Elşad Miri isə bildirib ki, iclasın keçirilməsi ilə bağlı şübhələri var:

 

“Masonlar dünyanın bir çox yerində qeydiyyatdan keçərək özlərini hazırda dünyanın ən böyük QHT-si kimi təqdim edirlər. Ölkəmizdə də fəaliyyət göstərmələri üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidirlər. O ki qaldı ölkəmizdə mason lojasının iclas keçirməsinə bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Əgər bu gizli məsələdirsə, bundan necə xəbər tutublar? Gənclər isə hər zaman fərqli məsələlərə maraq göstərirlər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR