"Məscidlər Aşura məclislərinə azyaşlıları buraxmamalıdır" - Ceyhun Məmmədov

"Məscidlər Aşura məclislərinə azyaşlıları buraxmamalıdır" - Ceyhun Məmmədov

"Xəbər verdiyimiz kimi, bu il Məhərrəm ayı 7 iyulda başlayıb, Aşura günü isə 16 iyula təsadüf edəcək. Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu barədə vətəndaşlara müraciət etsə də, bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur.

 

Ümumiyyətlə, uşaqların bu cür məclislərdə iştirak etməsi nə dərəcədə düzgündür, bunun qarşısını necə almaq olar? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, azyaşlıların Aşura günü məscidlərə aparılması onların psixoloji sağlamlığına zərbə vurur:

 

“Azərbaycanda hər il Məhərrəmlik ayı və Aşura günü yüksək formada qeyd olunur. Xüsusilə məscidlərdə izdiham yaşanır. İnsanlar ənənələrə sadiqlik nümayiş etdirərək məscidlərə gedirlər. Lakin bir məsələni qeyd etmək lazımdır ki, azyaşlı uşaqların məscidlərə aparılması düzgün deyil. Bu, onların psixoloji vəziyyətinə təsir göstərir, çünki bəzi məscidlərdə hələ də insanların zəncirlə özlərini döydüklərini və xəsarət yetirdiklərini görürük. Bu da birmənalı olaraq onlara ciddi təsir göstərir. Məscidlərdə nəzarət olmalıdır ki, azyaşlılar bu məclislərdə iştirak etməsinlər”. 


Ceyhun Məmmədov bildirib ki, Azərbaycan cəmiyyətində hələ də Məhərrəm ayı və Aşura gününün mahiyyəti barədə insanların kifayət qədər məlumatı yoxdur:


“İnsanlar bu ayın fəlsəfəsini bilməlidir. Məhərrəm ayı haqsızlığa qarşı mübarizə deməkdir. Bu bir şəhadət məktəbidir. Bu, insanlara vətən yolunda canından keçməyi təbliğ edir. İnsanlar özlərinə xəsarət yetirməməlidir. Çalışmalıyıq ki, insanları daha çox məlumatlandıraq, beləliklə onları zərərli davranışlardan qoruyaq”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR