Anşlaqla keçən “Adamın adamı”: Hər kəs ayaqüstə alqışladı - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesi və Xalq artisti Vasif Adıgözəlovun musiqisi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
Sfera.az bildirir ki, tamaşa 6 iyun tarixində baş tutub.
Sözügedən tamaşada Xalq yazıçısı Anar, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, yazıçı Kamal Abdulla, Xalq şairi, deputat Sabir Rüstəmxanlı, Xalq artisti Ramiz Həsənoğlu, Mətbuat Şurasının sədri Rəşad Məcid və digər tanınmış simalar iştirak edib.
“Adamın adamı” adlı tamaşa anşlaqla keçib. Burada Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gültac Əlili, Türkel Tariqpeyma, Şaban Cəfərov, Elxan İsmayılov, Hüseyn Əlili, Nicat Əli, Ruslan Mürsəlov, Cəbrayıl Cəbrayılov, Günay Qasımova, Nigar Qarayeva kimi adlar rollarda olub.
Eyni zamanda, teatrın xor və balet artistləri iştirak ediblər. Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysterləri Kamil Həsənov və Fidan Məmmədova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada cəmiyyətin bır sıra problemləri satirik-yumoristik vəziyyətlərlə ön plana çəkilib, dəbdəbəli həyat tərzi ilə seçilən, vəzifə və pul düşkünlərinin əslində sosial-psixoloji durumlarındakı natamamlıqlar obrazların dili ilə çatdırılıb.
Tamaşa böyük maraqla qarşılanıb, sonda isə yazıçı Anar, rejissor səhnəyə dəvət olunublar. Həmçinin, izləyicilər tamaşada əziyyəti keçən hər kəsi ayaqüstə alqışlayıblar.
Qeyd edək ki, əməkdar incəsənət xadimi Əsgər Əsgərovun yeni quruluşda hazırladığı əsər ilk dəfə 2005-2010-cu illərdə mərhum rejissor Faiq Zöhrabovun “Aldın payını, çağır dayını” adı ilə nümayiş olunub.
Günay