Qadın liderliyinə həsr olunmuş “SHE Congress” keçirilir - FOTO

Qadın liderliyinə həsr olunmuş “SHE Congress” keçirilir - FOTO

Bu gün altıncı “SHE Congress” tədbirinin açılış mərasimi keçirilir.

 

Sfera.az bildirir ki, qadın liderliyinə həsr olunan ən böyük tədbirlərdən biri olan “SHE” Heydər Əliyev Mərkəzində baş tutub.

 

Tədbir öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca “Azerbaijan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova çıxış edib. O, tədbirin keçirilməsində əsas məqsədlərdən danışıb.

 

T.Mikayılova qeyd edib ki, hər kəs “SHE Congress”də qadınlar üçün toplaşıb:

 

“Qadın üçün seçimin var olması çox vacibdir. Qadın ana, bacı, biznesmen, mühəndis, müəllimə və ya astronavt ola bilər. Əsas qadını seçim hüququndan məhrum etməməkdir”.

 

Tədbirdə həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicranə Hüseynova, qurumun sədr müavini Sədaqət Qəhrəmanova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları çıxış ediblər.

 

Burada aktual mövzular, qadınların biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların müzakirəsi aparılıb.

 

Qeyd edək ki, konqresin mövzusu “İndinin gücü: Anı yaşa”dır (The Power of Now: Live the Moment!).

 

Tədbirin tərəfdaşları arasında Heydər Əliyev Mərkəzi, KOBIA, “Yelobank”, “Azercell”, “Mastercard”, “UN Global Compact”, “Crimson Education” və “Baku Media Centre” kimi nüfuzlu qurum və təşkilatlar yer alır.

 

Xatırladaq ki, “SHE (Smart, Happy, Equal) Congress”i ekspertləri, biznes liderlərini və sahibkarları bir araya gətirən unikal platformadır. 2017-ci ildə təsis edildiyi gündən bəri konqres ünsiyyət qurmaq, öyrənmək və təcrübə mübadiləsi aparmaq üçün imkanlar təqdim etməklə qadınların şəxsi və peşəkar inkişafını təşviq edir.

 

Bu gün “SHE Congress” Azərbaycanda və ölkənin hüdudlarından kənarda qadın liderliyini önə çəkən mühüm hadisə hesab olunur.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR