"Bütün bunlar zəhərlənməyə gətirib çıxarır" - Dəm qazından ölüm hallarına görə kim məsuliyyət daşıyır? 

Xəbər verdiyimiz kimi Bakıda iki qardaş dəm qazından boğularaq ölüb. Hadisə Nərimanov rayonunda, evdə qeydə alınıb. Rayon ərazisindəki mənzildə kirayədə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

 

Təəssüf ki, bu, ilk belə hal deyil. Xüsusilə kirayə mənzildə yaşayanlarla bağlı bu istiqamətdə faktlar müşahidə olunur. Elə bir neçə həftə bundan əvvəl də, Bakıda kirayədə yaşayan üç nəfər dəm qazından zəhərlənib ölmüşdü.

 

Maraqlıdır, bu cür hallara görə kim məsuliyyət daşıyır? Kirayə verən sahibkar və ya mənzil kiraləyən vətəndaş?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, həm evi kirayə verən, həm də kirayə mənzil axtaran şəxs bu işdə maraqlı olmalıdır:

 

“Mütləq müqavilə bağlanmalıdır. Əlbəttə, bu olarsa, tərəflərin öhdəlikləri, məsuliyyətləri müəyyənləşir. Kirayə götürən şəxs evdəki əşyalara, qurğulara, onların təhlükəsiz istismarına diqqət etməlidir. Həmin avadanlıqların, xüsusilə qaz, elektrik cihazlarının saz vəziyyətdə olması vacibdir. Hər hansı nasazlıq olarsa, cərəyan vurmasına, qısaqapanma olarsa, yanğına, eləcə də qaz cihazlarında nasazlıq yaranarsa, qaz sızmasına, yanma prosesinin pozulmasına, nəticədə dəm qazından zəhərlənməyə gətirib çıxara bilər”.

 

Müsahibimiz bildirib ki, hər iki tərəf bu məsələyə məsuliyyətli yanaşmalıdır:

 

“Kirayə verən şəxs də, evdəki risk yarada biləcək cihazların normal qaydada işləməsinə, standartlara cavab verməsinə nəzarət etməlidir. Elektrik şəbəkəsinin sazlığı, elektrik müqavimətinin evdəki əşyaların gücünə uyğun olaraq hesablanması ilə bağlı məsələlərə görə kirayə verən şəxs məsuliyyət daşıyır. Bütün bunları təmin edib, daha sonra evi təhvil verməlidir. Kirayə götürənlər isə maksimum diqqətli olmalıdırlar ki, hər hansı bədbəxt hadisə ilə üzləşməsinlər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR