Azərbaycan qeyri-neft ixracında yeni rekorda nail ola bilər

Azərbaycan qeyri-neft ixracında yeni rekorda nail ola bilər
2021-ci ilin ilk 2 ayının nəticələrinə əsasən Azərbaycanın qeyri-neft mallarının ixracında ciddi artım müşahidə edilir. 

Gömrük məlumatlarına əsasən, bu ilin yanvar-fevralında qeyri-neft ixracının dəyəri 331,28 milyon dollar olmaqla 2020-ci ilin eyni dövründən 35,48 milyon dollar (12 faiz), 2019-cu ilin eyni dövründən 49,7 milyon dollar (17,65 faiz) çox olub. Qeyri-neft mallarının ixrac dəyəri 2019-cu ilin ilk 2 ayında 281,58 milyon dollar, 2020-ci ilin ilk 2 ayında 295,8 milyon dollar idi. 

Sfera.az bildirir ki, Azərbaycan indiyə qədər qeyri-neft mallarının ixracında ən yüksək göstəriciyə 2019-cu ildə nail olub. Həmin ildə ixracın illik dəyəri 1,954 milyard dollar təşkil etmişdi. 2020-ci ildə qeyri-neft mallarının ixracında yeni rekord göstəricinin əldə ediləcəyi gözlənilirdi. İlk ayların nəticələri bu gözləntini gücləndirmişdi. Lakin 2020-ci ilin martından dünyada COVID-19 pandemiyasının yayılması xarici ticarət əlaqələrinə mənfi təsir göstərdi və nəticədə qeyri-neft mallarının ixrac həcmi azaldı. İlin əvvəlində mövcud olan əlverişli şəraitin sonrakı aylarda qeyri-münasib şəraitlə əvəzlənməsi nəticəsində qeyri-neft mallarının ixrac dəyəri artmadı, əksinə bir qədər azaldı. Ötən ilin yekununda qeyri-neft mallarının ixracı 1,851 milyard dollara düşdü. 

2021-ci ildə pandemiyanın davam etməsinə baxmayaraq xarici iqtisadi əlaqələrin intensivliyinin artması, iqtisadi fəallığın yüksəlməsi, eyni zamanda ümumi qiymət səviyyəsinin artması qeyri-neft məhsullarının ixrac həcminə müsbət təsir göstərir. Digər tərəfdən yeni müəssisələrin işə düşməsi, Türkiyə ilə ticarət əlaqələrinin genişləndirilməsi, Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması istiqamətində atılan addımlar və sair amillər də qeyri-neft mallarının ixracının artımını dəstəkləyib.   

Gözləmək olar ki, ilin yekununda qeyri-neft mallarının ixrac həcmi bir qədər də artaraq 2 milyard dolları keçəcək. Bu proqnoz özünü doğruldarsa, Azərbaycan qeyri-neft mallarının ixracında yeni rekorda nail olacaq. 

Yeni rekordun əldə edilməsi üçün aylıq ixrac həcminin 170 milyon dollardan aşağı düşməməsi lazımdır. 2021-ci ilin yanvarında ixracın həcmi 146 milyon dollar, fevralda 185,28 milyon dollar olub. 
Qeyri-neft malları arasında ixracı daha çox artan plastmas və ondan hazırlanan məmulatlardır. Ötən ilin yanvar-fevralında bu mal qrupu üzrə ixrac 29,93 milyon dollar olduğu halda bu ilin eyni dövründə 51,3 milyon dollar təşkil edib. Plastmas və ondan hazırlanan məmulatlar ixracı dəyər ifadəsində 21,37 milyon dollar artıb. 

Alüminium ixracında ciddi artıma nail olunub. Bir il əvvəlki dövrlə müqayisədə ixrac 12,2 milyon dollar artaraq 27,73 milyon dollara yüksəlib. 

Qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50 faizdən çox artıb. Ötən ilin ilk 2 ayında 8,3 milyon dollar olan qara matel ixracı bu ilin yanvar-fevralında 14,64 milyon dolları keçib. İxracda artım 6,34 milyon dollar təşkil edib. 

Pambıq ixracında da nəzərəçarpacaq artım var. Ötən ilin müqayisə edilən dövründə 36,6 milyon dollarlıq pambıq ixrac edildiyi halda bu il 44 milyon dollardan artıq ixrac həyata keçirilib. Fərq təxminən 7,6 milyon dollar olub.
Şəkər ixracında müsbət dinamika var, təxminən 2,8 milyon dollar artım əldə edilib. 

Əgər bütün il boyu ixracda artım dinamikası qorunarsa, Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac göstəriciləri xeyli yaxşılaşacaq. 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

Zob xəstəliyi qalxanabənzər vəzinin xəstəliyidir.   Sfera.az bildirir ki, bu barədə TƏBİB məlumat bölüşüb. Qeyd olunub ki, vəzin ifraz etdiyi hormonl...