“Məxfi” qrifi altında - sevgi hekayəti

“Məxfi” qrifi altında - sevgi hekayəti
Məhərrəm Abdulla

Bu cütlük və onların sevgi hekayəti  demək olar ki, bütün dövrlərin ən məşhur, beynəlxalq miqyaslı nikahlarından biri hesab edilir. Kristin Onassis və Sergey Kauzovun eşq macərası 37 il əvvəl  bütün dünyanın diqqət mərkəzində idi. Hadisənin  belə məşhurlaşmasına səbəb isə, XX əsrin maliyyə oliqarxlarından biri-Yunanıstanlı gəmiçilik maqnatı və milliyarderi  Aristotel Onassisin 26 yaşlı qızı Kristin Onassisin bu olayda əsas rol oynaması və o zamanki sovetlər  paytaxtına  işgüzar  səbəblərdən deyil, sovet vətəndaşı Sergey Kauzovla  ailə qurmaq məqsədilə təşrif  buyurması idi. Onların sevgi hekayəti isə belə başlamışdı:

Məsələ burasındadır ki, taleyin hökmü ilə vaxtilə Kristin Onassis və Sergey Kauzov eyni  sahə üzrə fəaliyyət  göstəriblər: belə ki, 1975-ci ildə Aristotel Onassisin ölümündən sonra, onun  bütün  işgüzar dairəsi və varidatı qızına –Kristinə  miras qalmışdı. Sergey Kauzov isə SSRİ Dəniz Donanması Nazirliyinin əməkdaşı adı altında fəaliyyət  göstərən, əslində isə ....SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB-nin) yüksək  rütbəli zabiti olan bir şəxs idi.  Onların ilk tanışlığı 1977-ci ildə Parisdə baş tutmuşdu:  o vaxt Kristin neft  tankerlərilə bağlı, SSRİ şirkətləri ilə icarə məsələlərini həll etmək üçün danışıqlar aparırdı. 

Danışıqlar zamanı, dinləmə xəttinin  sonunda  tərcüməçinin valehedici  səsi və mükəmməl ingilis tələffüzü  Kristinin diqqətini cəlb edir və o, bu səs sahibi ilə şəxsən tanış olmaq  arzusunda olduğunu bildirir. Səsin sahibi isə, xüsusi görünüşü ilə heç bir diqqəti cəlb etməyən, 40 yaşlı DTK zabiti Sergey Kauzov idi. İlk baxışdan bu şəxs , 26 yaşlı milyonçu xanımda elə də xoş  təəssürat oyatmır.  Sövdələşmə  Kristin üçün müvəffəqiyyətlə yekunlaşır və o bunun  müqabilində rəğbət  bəslədiyi  tərcüməçiyə -Kauzova böyük məbləğdə pul mükafatı  təklif edir.  Lakin Sergey gözlənilmədən bu təklifdən.... imtina edir. Onun bu centelmensayağı jesti, ehtiraslı yunan xanımını  heyran edir və Kauzovla daha da yaxından tanış olmasına bir zəmin yaradır. 

Bu görüşdən bir müddət sonra isə, Sergey yenidən Parisə-Kristinin  yanına  gəlir və beləcə sevgi macərasının əsası qoyulur. Bu, son dərəcə ağılasığmaz  görünürdü və onların daxili çevrəsindəki insanlardan heç kimin bu qəribə roman haqqında təsəvvürü belə yox idi. Görüşün yeri və detalları məxfi saxlanılırdı. Bundan başqa, Sergey evli idi, Kristin ilə evlənməsi üçün birinci həyat yoldaşından təcili boşanmaq və  buna görə  onun razılığını almaq tələb olunurdu. Belə şayiələr yayılmışdı  ki, guya bu razılığı əldə etmək üçün, maqnat xanım sevgilisinin həyat yoldaşına  yaxşı  məbləğdə  pul  ödəyibmiş. 

Nəhayət ki, 1978-ci iln yayında Qriboyedov rayonundakı nigah sarayında,  yalnız  DTK zabitinə sırf yaxın olan adamların iştirakı ilə toy mərasimi keçirilir. Kristinin  dostları  və tanışları isə bu mərasimə qatılmamışdılar, lakin toy zalının qapıları  Qərb jurnalistləri tərəfindən demək olar ki, zəbt olunmuşdu. Milliyarder qərb xanımının sovet vətəndaşı  ilə evlənməsi xəbəri, hər kəs üçün gözlənilməz sürprizə çevrilmişdi.  SSRİ rəhbərliyi bu sevgi romanının gizli qalmasına çalışırdı, eyni zamanda müəyyən dairələr öz maraqları üçün bu vəziyyətdən yararlanmağa can atırdılar.  Maqnat xanımın Moskva həyatı həddindən artıq məxfiləşdirilmişdi: o daim mühafizə altında, ətraf aləmdən  təcrid olunaraq, "İnturist" mehmanxanasındakı  xüsusi təchiz olunmuş otağında qalırdı. Bəzən isə o, Sergeyin  Mosfilm küçəsində yerləşən  sadə,  ikiotaqlı mənzilinə də baş çəkirdi. Burada onun həyat yoldaşının anası-onların nigahını dəstəkləyən  yeganə şəxs olan Mariya Sergeyevna yaşayırdı. Yeni evlənənlər şəhərdə ancaq, qara "Volqa" avtomobilində  gəzmək imkanına malik idilər.
 Rəsmi  nigahdan  bir qədər sonra Kristin Moskvada şəxsi mülkiyyətə sahib olmaq niyyətində olduğunu bildirir və bu istəyinə nail olur.  Belə ki, o, şəhərdəki hündür mərtəbəli binanın iki mərtəbəsini  satın almışdı və binanın yaxınlığından keçən tramvay xəttinin səs-küyü onu çox narahat etdiyinə görə, hərəkət istiqamətinin dəyişdirilməsinə dair şəhər hakimiyyət orqanları ilə danışıqlara başlamışdı. Maqnat xanım Moskvadakı ailə həyatını bütünlüklə özü təmin edirdi. Bir müddət sonra Sergey kommunist partiyası sıralarından xaric olunur. Lakin belə bir fikir mövcud idi ki, şəxsən Sov.İKP-nin keçmiş baş katibi  Leonid Brejnev onların nigahına xeyir-dua vermişdi və hətta 1978-ci ilin yayında onların Baykal gölü ətrafında bal ayı keçirməsinə də şərait yaratmışdı.
 
Buna baxmayaraq, bir çox problemlər hələ də mövcud  idi və bütün bu bürokratik əngəllərdən yorulan Kristin, sonda acı reallığa təslim olur. O, bir neçə ay birgə yaşayışdan sonra, tanımadığı bu ölkədən geriyə -Avropaya üz tutur. Kauzov isə ondan əl çəkmək fikrində deyildi və onun ardınca qərbə yollanır. Sergeydən  ayrılması münasibətləri  bir qədər gərginləşdirmişdi, lakin buna baxmayaraq, onlar yenidən bir müddət xaricdə yerləşən otellərdə görüşürlər. Beləcə bu qeyri-adi  "ailə həyatı”  təxminən iki il ərzində davam edir.

Nəhayət ki, hər tarixçənin bir sonu olduğu kimi, bu sevgi hekayəti də beləcə sona çatır və onlar 1980-ci ildə boşanmağa dair qərar verirlər. Vidalaşarkən Kristin keçmiş həyat yoldaşı Sergeyə  bir neçə gəmi-tanker, Londonun mərkəzi hissəsində çoxotaqlı mənzil bağışlayır, həmçinin İngiltərədə yerləşən və Onassis imperiyasına daxil olan bir şirkətdə rəhbər işlə təmin edir. Beləcə, keçmiş DTK zabiti milyonçuya çevrilir və üçüncü dəfə ingilis bir qadınla evlənir. Sergeyin anası da Moskvadakı mənzillərini sataraq, oğlunun yanına xaricə köçür. Milliyarder xanım-Kristina Onassis  də  fransalı bir şəxslə yenidən ailə həyatı qurur və bu nigahdan bir övladı dünyaya gəlir. O,1988-ci ildə isə Buenos-Ayresdə yerləşən otellərdən birində 37 yaşında müəmmalı şəkildə dünyasını dəyişir, ekspertizanın rəyinə əsasən, ölümün səbəbləri kimi narkotik maddənin dozasının həddindən artıq istifadə edilməsi göstərilirdi. 
Beləliklə, "məxfi” qrifi altında başlanan bu sevgi hekayəti, gözlənilməz bir sonluqla yekunlaşır, Kristinə  "mənəvi” miras qalan taleyin qəribə oyunu, sonda  onun həyatına öz həlledici təsirini göstərir. 



OXŞAR XƏBƏRLƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.    Sfera.az-ın məlumatına görə, avtomobi...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəh...

Yeməklərə duz əlavə edənlərə mədə xərçəngi XƏBƏRDARLIĞI

Qidaya əlavə duz tökmək mədə xərçəngi riskini 41 faiz artırır.   Sfera.az xəbər verir ki, əvvəlki tədqiqatlarda duz istehlakı demans və tip 2 diabet ...

Ancelina Coli övladları ilə atalarının arasını pozmaqda ittiham edildi

Bred Pitt və Ancelina Colinin keçmiş cangüdəni Toni Uebb Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən, aktrisanın övladlarını atalarından qaçırmaq...

Meriyanın pəncərəsindən atılan qab qadının başına düşdü: Xəstəxanalıq oldu

Korfu adasının (Yunanıstan) sakinləri Pasxanı bayramdan əvvəlki şənbə günündə eyvanlarından gil qablar ataraq qeyd edirlər. Bu “botides” adlanan adə...

Ana və qızı üç aydır “McDonald's”da yaşayır: "İşçi heyət bizə yaxşı münasibət göstərir"

Braziliyada 64 yaşlı Suzanne Paula Muratori Jeremiah və qızı 31 yaşlı Bruna borca ​​görə evlərindən qovulub. Artıq üç aydır ki, onlar “McDonald's&rdqu...