"Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıb"
Xalq artisti,
görkəmli aktyor Rasim Balayev "Yeni Müsavat”a müsahibə verib.
R.Balayev müsahibədə "Nəsimi” filmi haqda tənqidlərdən,
kinonun bu günündən, telekanalların vəziyyətindən, rejissor Rüstəm İbrahimbəyovun
sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) fəaliyyətindən və
digər aktual mövzulardan danışıb. Müsahibəni təqdim edirik:
- Rasim müəllim, Şeyx
Əbdül deyir ki, "Nəsimi” filmi dünyanın 138 ölkəsində nümayiş olunub. Bu,
həqiqətdirmi?
- Mənim bundan xəbərim yoxdur. İlk dəfə eşidirəm.
Şeyx Əbdül statistikanı haradan əldə edib bilmirəm. Amma sovet vaxtı "Daşkənd”
film festivalı varıydı. Bu festivala 80 ölkə gəlirdi.
Mən orada olanda eşitmişdim ki, 40-a yaxın ölkə
"Nəsimi” filmini alıb. Sovet vaxtı "Eksport” film şirkəti varıydı,
onlar filmləri alırdılar.
- "Nəsimi”nin
satışına görə sizə qonorar və ya mükafat ödənilirdi?
- Bir qəpik də verilmirdi. Düzü, buna görə səlahiyyətimiz
yox idi.
- Bu film şairin şəxsiyyətinə
yoxsa yaxşı kino işinə görə belə şöhrət qazanmışdı?
- Vallah, nə deyim... Görünür, baxımlı film alındı
ki, indi də baxırlar. Yaxşı aktyor və rejissor işi var idi. İlk növbədə filmin
uğuru rejissor işindən asılıdır. "Nəsimi” filmində də böyük rejissor
ustalığı və gözəl aktyor heyəti yer almışdı. Bu gün də baxılırsa, deməli,
ortalığa nümunəvi sənət işi qoyulub.
- Amma "Nizami”
haqda da film çəkilib, belə baxımlı olmayıb.
- Bunun səbəbləri çoxdur, gərək oturub bütün incəliklərini
xırdalayasan. Təhlil edəsən ki, nə üçün uğur qazanmadı, günah aktyor, rejissor
işindəydi, yoxsa ssenarisi zəif idi, təbliği olmadı, yəni hamısı müzakirə edilməlidir.
Yəni uzun söhbətin mövzusudur ki, niyə o film baxımlı alınmadı.
- Firudin Qurbansoy isə
sizin yaratdığınız Nəsimi obrazını bəyənmir, edam səhnəsində "Məndə sığar
iki cahan” qəzəlinin yeri olmadığını düşünür, həm də guya əruz ritmini
pozmusunuz...
- Əşi, bu film 50 il qabaq çəkilib, uğur qazanıb,
bu gün də sevə-sevə baxılır. Firudin Qurbansoyun hünəri varsa, getsin bundan
daha yaxşı "Nəsimi” filmi çəksin. Biz nə deyirik ki? Danışır ki, guya Nəsiminin
şeirləri filmdə düzgün oxunmayıb.
Mənim müəllimim Əli Fəhmi olub, onun dırnağı
Firudin Qurbansoydan min qat istedadlı idi. O, getsin Əli Fəhmidən öyrənsin,
sonra gəlsin. Bu gün tamaşaçı "Nəsimi” filmini sevə-sevə izləyir. Bu da
"çevir tatı, vur tatı” danışır, özünün guya intellektini, ağıllı olmasını
göstərir. Belə oğulsan, get yaxşı ssenari yaz, ortaya qoy, biz də deyək ki, afərin!
Məsələ bəyənməmək deyil axı?! Gərək ortaya iş
qoyasan, sonra danışasan. Bir tənqidçi və yaxud Nəsimişünas ortaya daha yaxşı əsər
qoysun, çəkilsin, sübut eləsin ki, indiki daha yaxşıdır, nəinki bizim
oynadığımız. Bəyənmirsən, cəhənnəmə bəyən...
- Bəziləri deyir ki, Nəsimi
dinə qarşı olub. Sizcə, Nəsimi din adamıydı?
- Bu sualların cavabını mən verə bilmərəm. Biz Nəsimini
görməmişik, onun haqqında gəlib çatan məlumatlar da azdır. Biz onun əsərlərindən
çıxış edərək şəxsiyyətini xarakterizə eləmişik. Heç vaxt bilməmişik ki, Nəsiminin
boy-buxunu necə olub, ibadət edib-etməyib.
Amma Əli Fəhmi onun şeirlərini mənə öyrədəndə
deyirdi ki, Nəsimi ən dindar şair olub. Məsələn, onun şeirlərini oxuyurdu, mənə
deyirdi ki, bax, bu yerdə Quranda filan ayəyə istinad edib.
Nəsiminin Allaha, peyğəmbərə mədhiyyələri var.
Amma insana çox qiymət verirdi, bütün canlılardan Allaha ən yaxın insanı
görürdü. Deyirdi ki, insan ən böyük xaliqdir.
Təsəvvür edin ki, bu gün də mövhumatçılıq var,
onda daha dəhşətli bir xurafat olub. Ona görə Nəsiminin insana təriflərini,
verdiyi qiyməti qəbul etməyiblər, xoşlarına gəlmirdi, insana belə qiymət bəyənilmirdi,
kafir adlandırırdılar ki, ənəlhəqq demək olmaz.
- Siz özünüz necə,
inanclı birisinizmi, ibadət edirsinizmi?
- Bəli, Qurandan ayələr oxuyuram. Quranı 3 dəfə
oxumuşam. Namaz qılmağa hazırlaşıram. Hər gün Allaha dualar edirəm, hədislər
oxuyuram, yəni inanan adamam. Mən Allahın yeri-göyü yaradan qüvvə olduğuna
inanıram.
- Bəs bu gün elə bir
filmimiz varmı "Nəsimi” kimi dünyanın 138 ölkəsinə nümayiş olunsun?
- Onu kim sayıb e, vallah nə deyim...
- Rasim müəllim,
80-90-cı illərdə teletamaşalar varıydı, vaxtaşırı AzTV yenə göstərir, bu gün
teletamaşa çəkməyə ehtiyac varmı? Sizcə, internet dövründə insanlar təzədən
baxarmı?
- Bunu zaman göstərər. Amma əsas məsələ budur ki,
bu gün camaatın zövqü korlanıb. Telekanallar bərbad vəziyyətdədir, insanların
zövqünü korlamaqla məşğuldurlar. Artıq hiss edirəm ki, az adam televiziyaya
baxır. Bu televiziyalara elə gəlir ki, alçaq dağları yaradıblar. Problem bundan
ibarətdir, efirdə səviyyəsiz verilişlər var. Ümumiyyətlə, dünyanın çox yerində
televiziya hörmətdən düşüb, bizdə isə lap çox düşüb. O da həmin bayağılığa, səviyyəsizliyə,
şitliyə görədir. Əgər insanların çoxu televiziyaya baxmırlarsa, deməli iyrəniblər,
beziblər.
- Bu gün Fərda, Elməddin,
Müşviq kimi cavanlar filmlər təqdim edirlər, müəyyən auditoriya da izləyir. Heç
baxırsınızmı?
- Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu
antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar.
- Bəlkə günah elə sizdədir,
yəni vaxtında Rasim Balayev, Yaşar Nuri, digər sənətkarlar özləri yaxşı cavan
aktyorlar yetişdirməliydilər?!
- Bizim nə günahımız var? Mən televiziyaya
tapşırıq vermirəm ki, bunu elə edin, onu belə edin. Səbəblər çoxdur. Amma bu
gün yaxşı əsərlər var, çəkilmir. Telekanallar tamaşaçı zövqünü korlayıb. Mən
bunu hamıya şamil eləmirəm. Ziyalısı da var, yaxşı ilə pisi ayırd edən də...
Sadəcə, kütlə zövqü korlanıb.
Bu gün düşük, yüngül, hır-hır, axmaq, mənasız sözlərlə,
hətta söyüşlə insanlarda maraq yaratmağa çalışırlar. Lakin inanıram ki, çox çəkməyəcək,
bu da keçib gedəcək. Əgər ortada sənət yoxdursa, "sabun köpüyü”dür, yoxa
çıxacaq.
- Yeri gəlmişkən, artıq
Ədliyyə Nazirliyi AKİ-də rəhbər orqanlara səlahiyyətləri təsdiqlədi. Rüstəm müəllimin
başçılığı ilə kinomuzun dirçəlişi mümkün olacaq?
- Bu bir ictimai təşkilatdır, elə səlahiyyəti
yoxdur. Biz yalnız tövsiyə edə bilərik. Bir söz var, pulu verən sifarişi verir.
Pul Mədəniyyət Nazirliyindədir. Onlar kiməsə istəsə filmi sifariş edirlər. Biz
ancaq ictimai təşkilat kimi rəy yarada bilərik. Amma bunu çəkmə, onu çək deyə
bilmərik.
- Ancaq Ayaz Salayev,
Şeyx Əbdül heç cür Rüstəm İbrahimbəyovun kino ittifaqını qəbul eləmir. Üstəlik,
ətrafında olanları qınayırlar ki, "Qafqaz triosu” filmini çəkən birinin
yanında olmamalıydınız...
- Özləri bilərlər, şəxsi düşüncələridir.
"Qafqaz üçlüyü”nə gəldikdə, o filmə baxmışam. O filmdə nə var ki?! Sən deyən
heç nə yoxdur.
- Sizcə, iki kino
ittifaqı bir arada mümkün olacaq?
- İki kino təşkilatı ola bilməz. Azərbaycan balaca
respublikadır, iki kino ittifaqı var. Dünyada belə şey yoxdur. Rusiya kimi
böyük ölkədə bir kino ittifaqı var. İndi zaman göstərəcək ki, bu iki ittifaqdan
hansı qalacaq. Bu gün əsas məsələmiz odur ki, tamaşaçıları razı salan filmlər çəkilməlidir.
Yaxşı əsərlər olmalıdır...