"Maaş artsa, kişi müəllimlər də çoxalar"
Azərbaycanda müəllimlik peşəsində qadınların üstünlük təşkil etməsi uzun illərdir müşahidə olunur.
Dövlət Statistika Komitəsinin 2025/2026-cı tədris ili üzrə məlumatlarına əsasən, məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan 160 min 846 müəllimin yalnız 24 min 884 nəfəri kişidir.
Bu isə ümumi müəllim heyətinin 15,5 faizini təşkil edir.
Bəs Azərbaycanda kişilər niyə müəllim olmaq istəmirlər? Kişi müəllimlərin sayının artırılması üçün hansı addımlar atılmalıdır?
Təhsil eksperti Elçin Əfəndiyev Sfera.az-a açıqlamasında bildirib ki, tam orta təhsil müəssisələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir:

“Xüsusilə də tam orta təhsil müəssisələrində bunu daha çox müşahidə edirik. İstər rəhbər, istərsə də pedaqoji heyətin əksəriyyəti qadınlardan ibarətdir. Bu isə özlüyündə müəyyən problemlərə yol açır. Qadınlar məsələlərə bir qədər analıq instinkti ilə yanaşırlar. Müşahidə edirik ki, hər hansı bir situasiyada problemin həlli ilə bağlı qərar qəbul edərkən müəyyən qədər tərəddüd yaşayırlar. Bu baxımdan kişilərin də təhsil prosesinə cəlb olunmasının tərəfdarıyıq”.
Ekspertin sözlərinə görə, kişilərin müəllimlik peşəsindən uzaqlaşmasının əsas səbəbi maliyyə məsələsidir:
“Əməkhaqqının az olması kişilərin təhsil prosesindən və pedaqoji fəaliyyətdən uzaqlaşmasına gətirib çıxarıb. Düşünürəm ki, bu problemin aradan qaldırılması üçün müəllimlərin əməkhaqqını ən azı 1500-2000 manat və daha yüksək səviyyədə müəyyən edə bilsək, tədricən kişi müəllimlərin sayının artdığını müşahidə edəcəyik. Bu isə öz növbəsində, əvvəlki dövrlərdə olduğu kimi, təhsil prosesində nizam-intizamın qaydaya düşməsinə təkan verən amillərdən biri olacaq”.
Elçin Əfəndiyev qeyd edib ki, kişi müəllimlərin sayının artırılması üçün cəmiyyətin bu peşəyə münasibəti də dəyişməlidir:
“Əvvəlki dövrlərdə ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan və bu istiqamətdə fəaliyyət göstərən kişilərin daha çox olduğunu görürdüksə, son illərdə bu ixtisası seçən kişilərə çox nadir hallarda rast gəlinir. Məktəbəqədər təhsil istiqamətində isə, demək olar ki, bir nəfər də olsun kişi təhsil almır. Eyni vəziyyəti ingilis dili müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarında da müşahidə edirik. Cəmiyyətdə sanki müəllimlik peşəsinin yalnız qadınlara uyğun olduğu barədə yanaşma formalaşıb. Bu düşüncə tərzi bəzən qəbul edilən qərarlara da çox mənfi təsir göstərir. Ona görə də hesab edirəm ki, cəmiyyətin bu məsələyə münasibəti dəyişməli və kişilərin də məhz bu ixtisasları seçməsinə müsbət yanaşılmalıdır”.
Şahanə Ziyad






