Kiçik ölkənin nəhəng universitetləri: Belçika səfirindən çağırış

Kiçik ölkənin nəhəng universitetləri: Belçika səfirindən çağırış
Kateqoriya məlum deyil
T

"Belçika kiçik ölkə olsa da, Avropanın ən güclü universitet sistemlərindən birinə malikdir və beynəlxalq tələbələr üçün geniş təhsil imkanları təqdim edir".

Sfera.az xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon 10-11 oktyabr tarixlərində Hilton Bakı mehmanxanasında keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisinə həsr olunan media brifinqində deyib.

Diplomat Belçikada ali təhsilin imkanlarından danışarkən ölkənin güclü universitet sisteminə malik olduğunu vurğulayıb:

“Belçika kiçik ölkədir, lakin Avropanın ən yüksək reytinqli universitetlərindən bəzilərinin yerləşdiyi çox güclü universitet sisteminə malikdir. Leuven Katolik Universiteti, Gent Universiteti, Antverpen Universiteti və Brüssel Universiteti geniş ixtisas seçimi təqdim edir. Onların hamısı tamhüquqlu tədris və tədqiqat universitetləridir və hər il çoxsaylı beynəlxalq tələbələri qəbul edirlər”.

Julyen de Frepon qeyd edib ki, Belçikada təhsil yalnız akademik imkanlarla məhdudlaşmır. Onun sözlərinə görə, ölkə çoxdilli və beynəlxalq mühitə malik olması ilə də xarici tələbələr üçün cəlbedicidir.

“Belçikada təhsil alarkən Avropa İttifaqının institutlarına, NATO-ya, beynəlxalq şirkətlərin və təşkilatların böyük konsentrasiyasına çox yaxın olursunuz. Düşünürəm ki, bu da tələbələrin təhsil təcrübəsini zənginləşdirir”, - deyə diplomat vurğulayıb.

Səfir Belçikanın Avropanın mərkəzində yerləşməsinin də tələbələr üçün üstünlük yaratdığını bildirib. O qeyd edib ki, ölkə digər Avropa dövlətləri ilə yaxşı nəqliyyat əlaqələrinə malikdir:

“Belçika nisbətən kiçik, lakin çox yaxşı əlaqələndirilmiş ölkədir. Litvada, Macarıstanda, Latviyada və ya Avropanın digər ölkələrində təhsil alan dostlarınız varsa, onları çox asanlıqla ziyarət edə bilərsiniz. Belçika Avropanın mərkəzində yerləşir və demək olar ki, bütün Avropa paytaxtlarından bir neçə saatlıq məsafədədir”.

Julyen de Frepon “Study in Europe” sərgisində Belçikanın da təhsil imkanlarının təqdim olunacağını qeyd edib. O bildirib ki, sərgidə səfirliyin nümayəndələri iştirak edərək Belçikada müxtəlif təhsil seçimləri barədə məlumat verəcəklər.

Diplomat əlavə edib ki, Belçikadakı UCLL Tətbiqi Elmlər Universiteti də sərgidə öz nümayəndəsi ilə təmsil olunacaq.

Səfir azərbaycanlı tələbələri sərgidə iştirak etməyə çağırıb:

“Bütün azərbaycanlı gələcək tələbələri bizi ziyarət etməyə və bu şənbə günü "Study in Europe" sərgisinə gəlməyə dəvət edirik”.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR