Litvada təhsil alan tələbələrin sayı açıqlandı
Litvada hazırda 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır.
Sfera.az xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelevisius 10-11 oktyabr tarixlərində Hilton Bakı mehmanxanasında keçiriləcək “Study in Europe – Avropada Təhsil” sərgisinə həsr olunan media brifinqində deyib.
Səfir bildirib ki, builki sərgidə səkkiz universitet və kollec təmsil olunacaq. Təhsil müəssisələri tələbələrə informasiya texnologiyaları, biotexnologiya, lazer texnologiyaları, humanitar və sosial elmlər, eləcə də idman sahələri üzrə geniş imkanlar təqdim edəcək.
Onun sözlərinə görə, Litva ilə Azərbaycan arasında coğrafi məsafə uzun olsa da, xüsusilə rəqəmsallaşma və informasiya texnologiyaları sahəsi iki ölkəni birləşdirən istiqamətlərdəndir.
“Hazırda Litvada təxminən 400 azərbaycanlı təhsil alır. Ümumilikdə isə ali təhsil müəssisələrimizdə 1600-dən çox əcnəbi tələbə var və bu rəqəm artır. Təhsil Litvanın transformasiyasında əsas elementlərdən biri olub. Son üç onillik ərzində təhsil iqtisadiyyatımızın əhəmiyyətli dərəcədə dəyişməsinə kömək edib. Hazırda iqtisadiyyatımız innovativ həllər, məlumatlar və fintech üzərində qurulub”, - deyə səfir qeyd edib.
Kęstutis Vaskelevisius bildirib ki, Litva bu təcrübəni Azərbaycanla bölüşmək, tələbə və universitet mübadilələri, eləcə də hökumətlərarası anlaşmalar və beynəlxalq əməkdaşlıq vasitəsilə əlaqələri genişləndirmək istəyir.
Diplomat Litva universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın olduğunu da diqqətə çatdırıb. O, Vilnüs Gediminas Texniki Universitetinin Avrasiya Azərbaycan Universiteti ilə əməkdaşlıq etdiyini bildirib.
Səfir qeyd edib ki, Litvada əcnəbi tələbələr üçün ingilis dilində bakalavr, magistratura və doktorantura səviyyələrində 500-dən çox təhsil proqramı mövcuddur.
“Bu, xarici tələbələr üçün geniş seçim imkanları yaradır. Litva universitetləri həmçinin təhsil və şəxsi həyat arasında balans, eləcə də müasir laboratoriyalar təklif edir. Bir çox laboratoriyalar universitetlər tərəfindən sıfırdan yaradılıb”, - deyə o vurğulayıb.
Kęstutis Vaskelevisius azərbaycanlı tələbələri, onların valideynlərini, universitet və müəllimləri “Study in Europe” sərgisində iştirak etməyə çağırıb:
“Azərbaycanlı tələbələrin əksəriyyəti təhsildən sonra ölkəyə qayıdır və iqtisadiyyatın inkişafına töhfə verir. Bəziləri isə Litvada qalaraq təhsil aldıqları müddətdə əldə etdikləri innovativ ideyaların inkişafına töhfə verirlər”.
Firuzə Əliyeva






