Siçovulun şagirdi dişlədiyi məktəbdə vəziyyət dəyişmir - Nazirin vədi niyə reallaşmır?

Siçovulun şagirdi dişlədiyi məktəbdə vəziyyət dəyişmir - Nazirin vədi niyə reallaşmır?
Kateqoriya məlum deyil
T

2023-cü ilin noyabrında Göyçay şəhər 9 nömrəli tam orta məktəbinin vəziyyəti ilə bağlı hazırladığımız reportajdan artıq üç ilə yaxın vaxt keçir.

Həmin vaxt məktəbin binası ilə bağlı üzə çıxardığımız problemlər ciddi narahatlıq doğurmuşdu. 2024-cü ilin yanvarında isə elm və təhsil naziri Emin Əmrullayev məktəbə baxış keçirdi və bundan sonra binanın təmiri ilə bağlı konkret plan açıqlanmışdı.

Lakin 2026-cı ilin sentyabrında həmin məktəbin təmir məsələsi yenidən gündəmə gəlir.

Sfera.az xəbər verir ki, 2023-cü ilin noyabrında Göyçayda 4 illik fasilədən sonra yenidən təşkil edilən nar festivalında iştirak etmək üçün səfərdə olarkən Heydər Əliyev prospektində yerləşən 9 nömrəli tam orta məktəbin binası diqqətimizi cəlb etmişdi.

Məktəbin üzərindəki lövhə olmasaydı, binanın təhsil müəssisəsi olduğunu müəyyən etmək belə çətin olardı. Məktəbin vəziyyəti ilə yerində tanış olduqda isə problemin miqyası daha aydın görünmüşdü.

Məlum olmuşdu ki, məktəb 1964-cü ilin sentyabrında Göyçay şəhər 1 nömrəli tam orta məktəb kimi fəaliyyətə başlayıb. 1991-ci ildə məktəbin adı dəyişdirilərək Göyçay şəhər 9 nömrəli tam orta məktəb adlandırılıb. Fəaliyyətə başladığı dövrdə 1200 şagird üçün nəzərdə tutulan məktəbdə həmin vaxt təxminən 400 şagird təhsil alırdı. Bununla yanaşı, məktəbin təxminən 80 nəfərlik pedaqoji kollektivi də fəaliyyətini olduqca ağır şəraitdə davam etdirirdi.

2023-cü ildə apardığımız müşahidələr zamanı məktəbin sinif otaqlarının və dam örtüyünün yararsız vəziyyətdə olduğu, yağış sularının otaqlara axdığı, binada siçovul və həşəratların olduğu məlum olmuşdu. Hətta məktəbdə siçovulun şagirdlərdən birinin paltarına daxil olaraq ona xəsarət yetirməsi barədə məlumat verilmişdi.

Binanın üçüncü mərtəbəsi isə tamamilə istifadəyə yararsız vəziyyətdə idi – burada dərs keçirilmirdi və mərtəbədən anbar kimi istifadə olunurdu. Qırıq pəncərələrin sellofanla örtülməsi, taxta qapı və döşəmələrdə təhlükə yaradan mismarların olması da məktəbin ümumi vəziyyətini xarakterizə edən detallardan idi.

Məktəbin problemi yalnız binanın fiziki vəziyyəti ilə məhdudlaşmırdı. İsitmə sistemi işləmədiyindən sinif otaqlarının odunla qızdırıldığı, dəhlizlərdə işıqlandırmanın olmadığı, idman zalından isə təyinatı üzrə istifadə edilmədiyi bildirilmişdi.

Mövcud şərait valideynlərin də seçiminə təsir edirdi. Bir sıra valideynlər övladlarını yaşadıqları ərazidən kənarda yerləşən digər məktəblərə göndərməyə məcbur olduqlarını deyirdilər. Bu isə həm ailələr üçün əlavə xərc, həm də şagirdlər üçün əlavə vaxt itkisi yaradırdı.

Həmin vaxt məktəb rəhbərliyinin və valideynlərin təmir məsələsi ilə bağlı Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etdiyi bildirilirdi. Rayon sakinləri Göyçay şəhər 6 nömrəli tam orta məktəbinin əsaslı təmirindən sonra növbənin 9 nömrəli məktəbə çatacağına ümid edirdilər.

Nəhayət, məsələ ilə bağlı 2024-cü ilin yanvarında mühüm addım atıldı. Elm və təhsil naziri Emin Əmrullayev Göyçaya səfəri çərçivəsində məktəbə baxış keçirdi.

Nazirliyin həmin vaxt yaydığı rəsmi məlumatda məktəbdə aparılacaq təmir işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verildiyi bildirildi.

Daha sonra isə ictimaiyyətə konkret plan təqdim edildi. Məlumatda qeyd olunurdu ki, 2024-cü il ərzində məktəbin layihələndirilməsi başa çatdırılacaq və dərhal sonra təmir işlərinə başlanılacaq. Bu açıqlamadan sonra isə 2024-cü il başa çatdı. Ardınca 2025-ci il də geridə qaldı. Hazırda isə 2026-cı ilin sentyabrıdır.

Məktəbdə təmir və ya yenidənqurma işlərinin başladığını göstərən nəzərəçarpacaq fəaliyyət isə görünmür. Ərazidə söküntü, əsaslı tikinti və ya genişmiqyaslı təmir prosesinin həyata keçirildiyini göstərən mənzərə müşahidə olunmur.

Burada diqqət çəkən əsas məqam isə rəsmi açıqlamada işlədilən “dərhal sonra” ifadəsidir.

Layihələndirmə 2024-cü ildə başa çatdırılmalı, ondan dərhal sonra isə təmirə start verilməli idi. Lakin artıq 2026-cı ilin sentyabrıdır və “dərhal sonra” mərhələsinin nə vaxt başa çatacağı hələ də məlum deyil.

Əlbəttə, məktəb binasının təmiri və ya yenidən qurulması layihələndirmə, maliyyələşmə, satınalma və digər prosedurların həyata keçirilməsini tələb edir. Bu proseslərin vaxt aparması mümkündür. Lakin iki ildən artıq müddət əvvəl konkret icra ardıcıllığının vəd edildiyi bir vəziyyətdə layihənin hazırkı statusunun ictimaiyyət üçün aydın olmaması suallar doğurur.

Əsas sual da məhz budur: 2024-cü ildə təmirə “dərhal sonra” başlanacağı bildirilən məktəbin layihəsi hazırda hansı mərhələdədir?

Sfera.az olaraq məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərmişik.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni binaların tikilməsi və mövcud məktəblərin təmiri əsas prioritetlərdəndir:

“Hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 40-dan çox ümumtəhsil müəssisəsində cari təmir, 1 təhsil müəssisəsində əsaslı təmir işləri aparılır, ötən tədris ilində isə 2 təhsil müəssisəsi isə sökülərək yenidən tikilib. Yeni tədris ilində də İdarənin tabeliyində fəaliyyət göstərən
baxımsız vəziyyətdə olan məktəb binalarının sökülərək yenidən tikilməsi, eləcə də çoxsaylı təhsil müəssisələrində təmir işlərinin aparılması nəzərdə tutulur. Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Göyçay şəhəri Ə.Q. Qantəmir adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən xəbərdarıq. Məktəbin təmir olunması ilə bağlı layihə sənədləri aidiyyəti üzrə təqdim edilib. Məktəbdə cari təmir işlərinin aparılması nəzərdə tutulur. Qeyd edirik ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipləri əsasında həyata keçirilir”.

Beləliklə, hazırkı cavabdan məlum olur ki, məktəbin təmiri ilə bağlı layihə sənədləri aidiyyəti üzrə təqdim edilib. Ancaq təmirin nə vaxt başlayacağı və nə zaman başa çatacağı barədə konkret tarix açıqlanmayıb.

Bu isə 2024-cü ildə verilən vədə qayıtmağı zəruri edir. Həmin vaxt layihələndirmənin il ərzində başa çatdırılacağı, ardınca isə təmirə başlanacağı bildirilmişdi. İndi isə 2026-cı ilin sentyabrında məktəbin təmiri hələ də “nəzərdə tutulur”.

Başqa sözlə, üç il əvvəl məktəbdə siçovulların, yağış suyunun və yararsız siniflərin yaratdığı problemləri gündəmə gətirirdik. Bu günün cavabı isə layihə sənədlərinin “aidiyyəti üzrə təqdim edilməsi”dir.

Əslində burada söhbət binanın bir az rənglənməsindən, bir neçə pəncərənin dəyişdirilməsindən və ya məktəbin fasadının daha səliqəli görünməsindən getmir. Üç il əvvəlki vəziyyət elə idi ki, həmin binada normal dərs prosesinin təşkili belə ciddi sual doğururdu. Belə şəraitdə təmirin vacibliyi onsuz da aydın idi və bunun üçün ayrıca izahata ehtiyac qalmırdı.

İndi isə əsas məsələ “məktəb təmir olunacaqmı?” sualı deyil. Əsas sual “nə vaxt?” sualıdır.

Çünki 2024-cü ildə “dərhal sonra” deyilən mərhələ artıq 2026-cı ilin sentyabrına gəlib çıxıb. Görünür, təmirin təqvimi bir qədər fərqli işləyir: bizim üçün üç il, məktəb üçün isə hələ “növbəlilik və prioritetlik prinsipi”dir.

Ümid edək ki, növbəti reportajımızda məktəbin layihə sənədlərindən yox, təmir olunan sinif otaqlarından danışacağıq. Çünki şagirdlərin dərs keçməsi üçün ən vacib material, nəhayət, kağız üzərindəki layihə yox, normal məktəb binasıdır.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR