2032-ci ildə birinci sinfə 80 min uşaq gedəcək - Demoqrafik vəziyyət dəyişir

2026/2027-ci il tədris mövsümündə birinci sinifə gedən şagirdlərin sayı təxminən 125 min olacaq. Bu haqda məlumatı elm və təhsil naziri Emin Əmrullayev açıqlayıb.
Sfera.az bildirir ki, bu məlumat cari ildə ümumi təhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayında azalmanın davam etdiyini göstərir.
Dövlət Statistika Komitəsinin məlumatlarının müqayisəsinə əsasən, bu il 1-ci sinif şagirdlərinin sayında azalma təxminən 5 min nəfər və ya 3,8 faiz olacaq. Çünki 2025/2026-cı tədris ilində birinci sinfə 130 min şagird getmişdi.
Dinamika göstərir ki, 1-ci sinfə gedən şagirdlərin sayında azalma 2020-ci ildən sonra davamlı hal alıb. Həmin ildə 1-ci sinfə 158 min şagird gedib. Bu göstərici 2024-cü ildə 132,2 minə, növbəti ildə 129,9 minə düşüb.
Bəs ilk sinfə gedən şagird sayının azalması nə ilə bağlıdır?
İlk sinfə gedən şagird sayının azalması birmənalı olaraq doğum göstəricilərinin pisləşməsi ilə bağlıdır.
Öncə qeyd etdiyimiz kimi, 1-ci sinfə gedənlərin sayında azalma 2020-ci ildən müşahidə edilir. Həmin ildə məktəbə ilk dəfə gedənlər 2014-cü ildə anadan olan uşaqlar olub. 2014-cü ildə 170,5 min uşaq doğulmuşdu. Amma bu göstərici 2015-ci ildə 166,2 minə, 2018-ci ildə 139 minə, 2019-cu ildə 141,1 minə geriləyib.
2026-cı ildə 1-ci sinifə gedənlər 2020-ci ildə anadan olan uşaqlardır. 2020-ci ildə 126,6 min uşaq dünyaya gəlib.
2020-ci ildən sonrakı doğum göstəricilərinə baxdıqda görürük ki, doğulanların sayında azalma dinamikası davam edib. Belə ki, doğum sayı 2024-cü ildə 102,3 minə, 2025-ci ildə 95,9 minə düşüb.
2024-cü il məlumatlarından belə görünür ki, 2030-cu ildə 1-ci sinfə gedən şagird sayı 100 minə, 2031-ci ildə isə 94-95 minə geriləyəcək.
2026-cı ilin ilk yarısının doğum məlumatı azalma dinamikasının davam edəcəyindən xəbər verir. Cari ilin ilk yarısında doğulan uşaq sayı 40,8 minə düşüb. Böyük ehtimalla ilin sonunda doğulan uşaq sayı 80-82 min olacaq. Bu isə o deməkdir ki, 2032-ci ildə 1-ci sinfə gedən uşaq sayı 80 minə enəcək.
Vasif






