Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artır – RƏQƏMLƏR

Özəl məktəblərdə şagirdlərin sayı sürətlə artır – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Azərbaycanda özəl məktəblərin sayında sürətli artım olmasa da, burada təhsil alanların sayında kəskin artım müşahidə edilir.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin əvvəlinə aid olan məlumata əsasən, ölkəmizdə 35 özəl məktəb var.

2025-ci il ərzində özəl məktəblərin sayı 2 ədəd artıb. Özəl məktəblərin sayında artım son 5 ildə 1 ədəd, son 10 ildə isə 12 ədəd təşkil edib.

Məktəblərin sayında artım böyük olmasa da, şagird sayında ciddi artımın olduğu görünür. Şagird sayındakı artım 2025-ci ildə 1895 nəfər olub və ümumi şagird sayı 25 875 nəfərə yüksəlib.

Şagirdlərin sayı son 5 ildə 9 908 nəfər, son 10 ildə isə 17 527 nəfər artıb.

Müqayisə göstərir ki, şagird sayındakı artım son bir ildə 8 faiz, son beş ildə 1,62 dəfə, son on ildə isə 3,1 dəfə olub.

Son göstəricilərə əsasən, orta məktəbdə oxuyan şagirdlərin 1,54 faizi özəl məktəblərdə təhsil alıb.

Göründüyü kimi, özəl məktəblərdə oxuyan şagirdlərin sayı çox sürətlə artır. Hazırda bir özəl məktəbə orta hesabla 739 şagird düşdüyü halda, beş il əvvəl bu göstərici 470, on il əvvəl isə 363 olub.

Bəs özəl məktəblərə tələbin bu qədər artmasının səbəbi nədir?

Bunun ilk səbəbi, əlbəttə ki, əhalinin gəlirinin artmasıdır. Gəlir imkan verməsəydi, illik təhsil haqqı 8–26 min manat olan özəl məktəblərə maraq bu qədər yüksək ola bilməzdi.

Lakin digər səbəblər də var. Ekspertlərin qiymətləndirməsinə görə, valideynlərdə bu məktəblərə marağı artıran digər səbəblər burada beynəlxalq proqramlardan istifadə edilməsi, hətta bəzilərində yekunda beynəlxalq diplomların verilməsidir. Özəl məktəblərin əksəriyyəti IB (International Baccalaureate), "Cambridge" və ya SAT kimi beynəlxalq təhsil sistemləri ilə işləyir. Bu proqramlar şagirdlərin gələcəkdə xarici universitetlərə imtahansız və ya birbaşa qəbul olunmasını asanlaşdırır.

Özəl məktəblərə maraq yaradan digər səbəblər arasında siniflərdə şagird sayının az olması, xarici dil mühitinin mövcudluğu, dərsdənkənar fəaliyyət və dərnəklərin təşkil olunması, maddi-texniki baza və təhlükəsizlik kimi amillər də var.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR