Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - FOTO

Bu ilin ən gənc və ən yaşlı tələbəsi bəlli oldu - FOTO
Kateqoriya məlum deyil
T

Ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən, bu il Azərbaycanda tələbə adını qazanan ən gənc şəxsin 16, ən yaşlı şəxsin isə 58 yaşı var.

Sfera.az xəbər verir ki, bu ilin ən gənc tələbəsi 2010-cu il təvəllüdlü Gülşən Rəşad qızı Məmmədlidir.

O, qəbul imtahanında 621,2 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.

Gülşən Məmmədli Trend-ə açıqlamasında ölkənin ən gənc tələbəsi olmasının onda böyük qürur hissi yaratdığını bildirib.

“Çox qürurlu və gözəl hissdir. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm”, – deyə o bildirib.

G.Məmmədli universitetə qəbul üçün əsasən 10-cu və 11-ci siniflərdə ciddi hazırlaşdığını qeyd edib. Onun sözlərinə görə, hazırlıq prosesində repetitorlarla məşğul olmaqla yanaşı, müstəqil şəkildə də çalışıb.

“Babam riyaziyyatçıdır və məktəb illərində mənə çox kömək edib. Riyaziyyatla yanaşı, digər fənlərdə də dəstəyini əsirgəməyib. Hazırlığa getdiyim müddətdə də çətinlik çəkdiyim məsələləri mənə izah edirdi”, – deyə o əlavə edib.

16 yaşlı tələbə stomatologiya ixtisasını təsadüfən seçmədiyini, uşaqlıqdan tibb sahəsinə maraq göstərdiyini vurğulayıb.

“Uşaqlıqdan tibb sahəsini istəyirdim. Əvvəllər uşaq həkimi olacağımı düşünürdüm. Böyüdükcə araşdırdım və tibbin müxtəlif sahələrinin olduğunu, hər birinin özünəməxsus xüsusiyyətlərini gördüm. Stomatologiya qismət oldu”, – G.Məmmədli deyib.

Bakıda yaşayan Gülşən Məmmədli ixtisas seçimində ilk sırada Azərbaycan Tibb Universitetini qeyd etdiyini, lakin nəticədə Naxçıvan Dövlət Universitetinə qəbul olunduğunu bildirib.

Onun sözlərinə görə, təhsil almaq üçün Naxçıvana getməsi ciddi problem yaratmayacaq:

“Əsas odur ki, sonda istədiyim peşəyə sahib olacağam. Naxçıvana oxumaq üçün gedirəm. Valideynlərim də mənə dəstək olurlar".

G.Məmmədli bildirib ki, stomatologiya üzrə təhsilini başa vurduqda 21 yaşı olacaq və bundan sonra da peşəkar inkişafını davam etdirmək niyyətindədir.

“Gələcəkdə tibb sahəsində başqa istiqamətə yönəlmək istəsəm, həmin sahədə də təhsil ala bilərəm. Əks halda, stomatologiya üzrə özümü inkişaf etdirəcəyəm. Məsələn, çənə cərrahiyyəsi üzrə ixtisaslaşa bilərəm. Hansı istiqaməti seçməyimdən asılı olmayaraq, özümü inkişaf etdirməkdən geri qalmayacağam”.

Ən gənc tələbə gələcəkdə təhsilini Almaniyada davam etdirmək istədiyini də açıqlayıb.

“Burada təhsilimi başa vurduqdan sonra Almaniyada rezidentura təhsili almaq istəyirəm. Daha sonra yenidən ölkəmə qayıdacağam. Xaricə getməkdə məqsədim yalnız özümü inkişaf etdirməkdir”, – deyə o əlavə edib.

Gülşən Məmmədli gələcək abituriyentlərə də səslənərək imtahana hazırlıq dövründə motivasiyanı itirməməyi tövsiyə edib:

“İmtahana hazırlıq asan proses deyil. İnsan həm fiziki, həm də psixoloji cəhətdən yorulur. Amma düşünmək lazımdır ki, bu, sadəcə iki illik bir dövrdür. Bunun sonunda isə bütün ömür boyu məşğul olacağınız peşə dayanır. Ona görə də motivasiyanı itirmək olmaz. Həvəsdən düşdüyünüz vaxtlar ola bilər, amma unutmayın ki, bu iki ildən sonra həyatınızda yeni bir səhifə açılacaq”.

Bu il tələbə adını qazanan ən yaşlı şəxs isə 1968-ci il təvəllüdlü Elbrus İsmayıl oğlu Hüseynovdur.

58 yaşlı Elbrus Hüseynov subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olunub.

E.Hüseynov Trend-ə açıqlamasında tələbə olmağın uşaqlıqdan ən böyük arzularından biri olduğunu deyib.

“Çox gözəl hissdir. Tələbə olmaq uşaqlıqdan ən böyük arzum idi. Bu arzumun reallaşması da bu ilə təsadüf etdi”, – deyə o bildirib.

58 yaşlı tələbənin sözlərinə görə, əvvəlki illərdə ali təhsil ala bilməməsinin əsas səbəbləri maddi imkanların məhdudluğu və həyat şəraiti ilə bağlı olub.

“Əvvəllər imkan olmadı. Şərait, əsgərlik, maddi məsələlər buna imkan vermədi”, – E.Hüseynov qeyd edib.

O bildirib ki, ali məktəbə qəbul olunmazdan əvvəl Bakıda kollecdə mühəndislik istiqaməti üzrə təhsil alıb. Kolleci iki il əvvəl bitirdikdən sonra isə uşaqlıq arzusunu həyata keçirmək və ali təhsil almaq qərarına gəlib.

“Kolleci Bakıda bitirmişəm. İki il bundan əvvəl məzun oldum. Bundan sonra düşündüm ki, tələbə olmaq uşaqlıq arzumdur və universitetə qəbul olunmağa qərar verdim. Şükür ki, istəyimə nail oldum”, – deyə o bildirib.

E.Hüseynov yaşının təhsil prosesində ona hər hansı çətinlik yaradacağını düşünmür. Onun fikrincə, insan qarşısına məqsəd qoyduqda yaş maneə deyil.

“Heç bir çətinlik ola bilməz. İnsan hər şeyə qadirdir”, – deyə 58 yaşlı tələbə vurğulayıb.

Yeni tələbə həyatına və özündən xeyli gənc tələbələrlə eyni auditoriyada təhsil almağa hazır olduğunu bildirən E.Hüseynov dərslərin öhdəsindən gələcəyinə əminliyini ifadə edib.

“Dərslərlə bağlı heç bir narahatlığım yoxdur. Hər şey öz əlimdədir. Düşünürəm ki, hər şey rahat olacaq. Gələcəkdə də hər şey yaxşı olacaq, inşallah”, – deyə o qeyd edib.

E.Hüseynov qəbul olunduğu kommunikasiya sistemləri mühəndisliyi ixtisasından razı qaldığını da bildirib. Onun sözlərinə görə, subbakalavr kimi qəbul zamanı kollecdəki göstəriciləri nəzərə alınıb.

O, Azərbaycan Memarlıq və İnşaat Universitetində dövlət sifarişi əsasında təhsil alacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR