Tələbə təqaüdündə seçicilik lazımdırmı? - AÇIQLAMA

Tələbə təqaüdündə seçicilik lazımdırmı? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Bakı Slavyan Universiteti (BSU) öz tələbələrinə həvəsləndirici təqaüdlər veriləcək.

ADPU-nun Quba filialında 400-dən çox balla qəbul olunan tələbələr arasından ən yüksək nəticə göstərən 2 tələbəyə hər ay 100 manat məbləğində adlı təqaüd veriləcək. Bakı Slavyan Universitetinin İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına 450 baldan yuxarı nəticə göstərərək qəbul olacaq oğlan tələbələr üçün isə xüsusi təqaüd ayrılacaq.

Təqaüdlərin yalnız müəyyən ixtisaslara və ya tələbə qruplarına verilməsi nə dərəcədə doğru yanaşmadır? Belə proqramların bütün universitetlərdə tətbiqi üçün vahid model hazırlanmasına ehtiyac varmı?

Sfera.az-a bu haqda açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, builki qəbulla bağlı universitetlərin, xüsusilə pedaqoji kadrlar hazırlayan universitetlərin xüsusi fəallığı müşahidə olunur. O, universitetlərin həvəsləndirici təqaüdlərini çox yaxşı qiymətləndirib:

“Bu artıq tələbələr arasında müəyyən motivasiya yaradıb. Müəllim ixtisasını daha prestijli etmək və daha savadlı gəncləri məhz müəllim peşəsinə cəlb etmək üçün müəyyən, belə deyək, həvəsləndirici addımlar atılır. Bu da xüsusilə indiki mərhələdə, ixtisas seçimi ərəfəsində təqdirəlayiqdir. Mənim bildiyim qədərilə, Pedaqoji Universitet bir neçə adlı təqaüd təsis edib və xüsusi yüksək bal toplayanlar üçün də ayrıca bir təqaüd müəyyənləşdirib. O cümlədən, Pedaqoji Universitetin Quba filialı da bu məsələdə müəyyən fəallıq göstərib, artıq təqaüdün məbləğini də elan edib. Bu baxımdan mən düşünürəm ki, digər pedaqoji kadrlar hazırlayan universitetlərdən, o cümlədən Slavyan Universitetinin də təşəbbüsü var”.

Ekspertin sözlərinə əsasən, bu təşəbbüs məktəblərdə müəllimlərin sayının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır:

“Bildiyim qədərilə, Slavyan Universitetində ibtidai sinif müəllimliyini seçən oğlanlar üçün xüsusi təqaüd proqramı müəyyən olunub. Bütün bunların hamısı bizim gələcəyimiz olan təhsilə və məktəbə hesablanmış addımlardır və mən düşünürəm ki, bunun müəyyən mənada effekti, təsiri olacaq. Bütün hallarda universitetlərin belə təşəbbüsləri təqdirəlayiqdir. Ona görə ki, artıq universitetlər abituriyentləri cəlb etmək üçün müəyyən təşəbbüslər göstərirlər. Çox təəssüflər olsun ki, indiyə qədər belə təşəbbüslər yox idi və bu artıq bir diqqətsizlik kimi qəbul olunurdu. Tələbələr, daha doğrusu, abituriyentlər gələcəkdə nə edəcəklərini də bilmirdilər.

Ona görə mən hesab edirəm ki, belə təşviqedici təşəbbüsləri hər bir universitet həyata keçirsə, yaxşı olar. Həm universitetin prestijini, həm də nüfuzunu qaldırmaq üçün mütləq şəkildə onun uğurlu tələbələri olmalıdır. Ona görə də mən hesab edirəm ki, bu tip təşəbbüslər və təbliğatlar universitetə müəyyən mənada fayda verəcək. Onu da xüsusi xatırladım ki, universitetlər bu cür təşəbbüslərdə azaddırlar. Xüsusilə Azərbaycanda artıq publik universitetlər var ki, bu məsələdə daha sərbəstdirlər. İstədikləri halda öz büdcələrindən təqaüd təsis edə bilərlər – adlı təqaüd və yaxud adi təqaüd. Bu təqaüdlər hesabına tələbələrin həm rifahı, həm də gələcək perspektivi üçün müəyyən addımlar ata bilərlər. Bunun üçün azaddırlar”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR