Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu
Kateqoriya məlum deyil
T

"Oxbridge Academy" məktəbini ən yüksək akademik nəticə ilə başa vuran, beynəlxalq olimpiadalarda uğur qazanan Nuray Hüseynli dünyanın aparıcı texnologiya universitetlərindən biri olan Tsinghua Universitetinə təqaüdlə qəbul olunub.

Azərbaycanın gələcəyi yalnız iqtisadi göstəricilər və təbii sərvətlərlə deyil, yetişdirdiyi savadlı, yaradıcı və qlobal rəqabətə hazır gənclərlə formalaşır. Bugün dünyanın aparıcı universitetlərinə qəbul olunan hər bir azərbaycanlı gənc təkcə şəxsi uğur qazanmır, həm də ölkənin elmi, texnoloji və intellektual potensialının inkişafına töhfə verəcək yeni nəslin formalaşdığını nümayiş etdirir.

Bu uğur hekayəsinin növbəti müəllifi isə Nuray Hüseynlidir.

"Oxbridge Academy" məktəbinin məzunu olan Nuray Hüseynli dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab edilən Tsinghua Universitetinə universitet tərəfindən təqdim olunan təqaüd proqramı ilə qəbul olunub. Bu qəbul onun uzun illər davam edən məqsədyönlü hazırlığının, beynəlxalq akademik uğurlarının və texnologiya sahəsinə olan marağının məntiqi davamıdır.

Dünyanın aparıcı texnologiya universitetlərindən biri

1911-ci ildə təsis edilmiş Tsinghua Universiteti bu gün süni intellekt, kompüter elmləri, mühəndislik və yüksək texnologiyalar sahəsində dünyanın aparıcı tədqiqat universitetlərindən biri kimi tanınır. Asiyanın ən prestijli təhsil müəssisəsi sayılan Tsinghua Universiteti 2026-2027-ci akademik ili üzrə U.S. News & World Report Best Global Universities reytinqində dünyanın top 10 ən yaxşı ali təhsil müəssisələri sırasında yer alır, Kompüter Elmləri və Mühəndislik istiqamətləri üzrə isə dünyanın aparıcı universitetlər arasında 1-ci göstərilir.

Universitet qlobal texnologiya ekosisteminə verdiyi töhfələr, elmi tədqiqatları və innovasiya mərkəzləri ilə seçilir. Burada əldə olunan bilik və tədqiqatlar süni intellekt, kvant hesablamaları, kompüter elmləri və digər strateji texnologiyaların inkişafında mühüm rol oynayır.

İctimaiyyət üçün açıq olan məlumatlara əsasən, Azərbaycandan Tsinghua Universitetinə qəbul halları olduqca nadir hesab olunur. Bu baxımdan Nuray Hüseynlinin qazandığı nəticə ölkəmizin beynəlxalq akademik mühitdə təmsilçiliyinin genişlənməsi baxımından diqqətçəkən hadisələrdən biridir.

Uzun illərin zəhməti

Nurayın uğuru məktəb illəri ərzində davamlı zəhmətin, sistemli hazırlığın və müxtəlif istiqamətlərdə əldə olunan nailiyyətlərin məntiqi yekunudur. O, "Oxbridge Academy" məktəbinin buraxılış sinfinin ən yüksək akademik nəticə göstərən Valedictorian məzunu kimi bitirib və Honors Red Diploma ilə təltif olunub.

Məktəb illərində Nuray müxtəlif ölkələrdə keçirilən beynəlxalq riyaziyyat olimpiadalarında və STEM müsabiqələrində Azərbaycanı uğurla təmsil edərək aşağıdakı nəticələri əldə edib.

Beynəlxalq olimpiada nailiyyətləri

• World Mathematics Team Championship (WMTC) – Komanda üzrə dünya üçüncüsü

• Math Olympiad USA – Qızıl medal

• STEM Math Olympiad – Global Final – Qızıl medal

• Neo Science Olympiad – Qızıl medal

• Constructor Spring Challenge (Mathematics & Programming) – I yer

• International Math Challenge (IMC) – Gümüş medal

• American Mathematics Olympiad (AMO) – Bürünc medal

• Future Intelligence Students Olympiad (FISO) – Bürünc medal

Riyaziyyat sahəsində qazandığı uğurlar onun gələcək akademik istiqamətini də müəyyənləşdirib. Məktəb illərindən etibarən süni intellekt və informasiya texnologiyalarına xüsusi maraq göstərən Nuray bu istiqamətdə də mühüm nailiyyətlər əldə edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Constructor University tərəfindən həyata keçirilən Digital Azerbaijan Talent School – Girls in IT proqramında 1-ci yerə layiq görülüb.

Sonradan Almaniyanın Constructor University tərəfindən təşkil olunan "Neural Networks & Predictive Modeling" beynəlxalq yay proqramına qəbul olunaraq süni intellekt və maşın öyrənməsi istiqamətində beynəlxalq akademik təcrübə qazanıb.

Bununla yanaşı, Nuray "Oxbridge Academy" Tələbə Şurasının sədri kimi ChangeMakers AI Hackathon layihəsinin təşkilinə rəhbərlik edib, Tələbə Şurasının işinin rəqəmsallaşdırılması məqsədilə Şuranın yeni veb-saytını tək başına yığaraq istifadəyə buraxıb və Daun sindromlu insanlar üçün mobil tətbiq hazırlayıb. Elmi fəaliyyətə marağını məktəb illərindən formalaşdıran Nuray elmi tədqiqat layihəsində də iştirak edib. O, həmçinin INMerge Innovation Summit kimi Azərbaycanın bir neçə innovasiya və texnologiya ekosisteminin mühüm tədbirlərində könüllü kimi fəaliyyət göstərib.

Nurayın maraq dairəsi elm və texnologiya ilə məhdudlaşmır. O, piano, skripka və gitara ifa edir, musiqi bəstələyir və beynəlxalq musiqi müsabiqələrində uğurlar qazanıb. Şeirlər yazır, rəssamlıqla məşğul olur və 300-dən çox əsərin yer aldığı şəxsi rəsm qalereyasına malikdir. Nuray eyni zamanda FIDE reytinqli şahmatçıdır və OCAQ Sport Club-da fiqurlu konkisürmə ilə məşğul olaraq yarışlarda iştirak edib. Yüksək IELTS və SAT nəticələri isə onun akademik göstəricilərini tamamlayır.

Gələcəyə baxış

Tsinghua Universitetinə qəbul Nurayın əldə etdiyi yeganə beynəlxalq təhsil təklifi olmayıb. Nuray, Edinburgh və Shanghai Jiao Tong kimi Böyük Britaniya, ABŞ və Asiyanın bir sıra universitetlərindən qəbul təklifləri alıb. Lakin gələcək akademik və elmi maraqlarını nəzərə alaraq, xüsusilə Kvant Hesablamaları (Quantum Computing) və Süni İntellekt sahəsində tədqiqat imkanlarına görə təhsilini Tsinghua Universitetində davam etdirməyi seçib. Onun əsas məqsədi bu istiqamətlərdə elmi tədqiqatlar aparmaq, yeni texnologiyaların inkişafına töhfə vermək və əldə etdiyi bilikləri cəmiyyət üçün faydalı həllərə çevirməkdir.

Nuray bildirib:

"Bu uğur mənim üçün yeni başlanğıcdır. Məqsədim Kvant Hesablamaları və Süni İntellekt sahəsində ixtisaslaşaraq elmi tədqiqatlarla məşğul olmaq və gələcəyin texnologiyalarının inkişafına töhfə verməkdir. İnanıram ki, böyük hədəflər seçməkdən çəkinməyən və əzmlə çalışan hər bir gənc öz arzularına çata bilər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR