Azərbaycanda repetitorluq aradan qalxmayacaq: "Bu, artıq dəbə çevrilib"

Azərbaycanda repetitorluq aradan qalxmayacaq: "Bu, artıq dəbə çevrilib"
Kateqoriya məlum deyil
T

Elm və Təhsil Nazirliyinin 10 və 11-ci siniflərdə tətbiq etdiyi yeni təmayül tədris modelinin repetitorların və hazırlıq kurslarının işinə təsir edəcəyi gözlənilir. Əsəs gözləntilərdən biri hazırlıq üçün cəlb edilən uşaqların sayı ilə bağlıdır. Kurs və repetitor yanına hazırlıq üçün gedən uşaqların sayının azalacağı proqnozlaşdırılır.

Sfera.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, təmayüllü siniflərin əsas məqsədlərindən biri yuxarı sinif şagirdlərinin hazırlıq prosesini məktəbdə təşkil etməklə repetitorluğa olan ehtiyacı azaltmaqdır:

“Azərbaycanda repetitorluq artıq geniş yayılıb və bir növ dəbə çevrilib. Valideynlər hətta uşaqlarını birinci sinifdən, bəzi hallarda isə hazırlıq mərhələsindən repetitor yanına göndərirlər”.

M.Məmmədli qeyd edib ki, Elm və Təhsil Nazirliyinin tətbiq etdiyi təmayüllü tədris modeli bu baxımdan müəyyən nəticələr verib:

“Pilot layihə çərçivəsində fəaliyyət göstərən məktəblərdə uğurlu nəticələr əldə olunub. Modelin əsas məqsədi yuxarı sinif şagirdlərinin müəyyən istiqamətlər üzrə qruplaşdırılaraq ali məktəbə hazırlığının məktəbdə təşkil edilməsidir”.

M.Məmmədli söyləyib ki, 2026–2027-ci tədris ili üçün Bakı şəhərində 30-dan çox məktəb layihəyə cəlb olunub:

“Böyük şəhərlərdə və regionlarda da bu istiqamətdə işlər aparılır və gələcəkdə təmayüllü siniflərin sayının kütləvi şəkildə artırılması nəzərdə tutulur. Əlbəttə ki, bu, repetitorluğu tam aradan qaldıra bilməyəcək. Çünki repetitorluq Azərbaycanda artıq bir növ dəbə çevrilib. Valideynlər ibtidai sinifdən belə övladlarını xüsusi hazırlığa cəlb edirlər ki, gələcəkdə onların arzuları reallaşsın. Ümumi təhsil məktəblərinin proqramını mənimsəyən abituriyentlərin böyük hissəsi də yüksək nəticələr göstərə bilir. Bu baxımdan, xüsusilə 10–11-ci sinif şagirdlərinin təmayüllü siniflərə cəlb olunması müəyyən effekt verə bilər”.

Ekspert deyib ki, təmayüllü siniflərə cəlb olunan müəllimlər arasında xüsusi hazırlıq keçmiş və repetitorluq təcrübəsi olan şəxslər də var:

“Onlar hazırlıq fəaliyyətini evlərdə deyil, məktəblərdə həyata keçirəcəklər. Həmin müəllimlərin əməkhaqqısının artırılması və gələcəkdə ştatlı müəllim statusuna keçirilməsi məsələləri də müzakirə olunur. O, daha əvvəl gündəmə gətirilən 20 min müəllim məsələsinin də məhz təmayüllü siniflərə cəlb olunan müəllimlərlə bağlı olduğunu bildirib”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR