Xarici dil imtahanı ilə açıqlama: Hansı halda dili dəyişmək olar?

XI sinif buraxılış imtahanında abituriyentlərin hansı xarici dildən imtahan verəcəyi ilə bağlı suallara aydınlıq gətirilib.
Sfera.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bununla bağlı vətəndaş müraciətinə cavab olaraq bildirib ki, əgər məktəbdə şagirdlərə iki və ya daha çox xarici dil tədris olunursa, buraxılış imtahanında əsas xarici dil fənni üzrə imtahan verilir.
Qeyd olunub ki, əsas xarici dil həftə ərzində daha çox dərs saatı tədris olunan xarici dil hesab edilir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı da məhz həmin xarici dil fənnindən buraxılış imtahanında toplanan bal nəzərə alınır.
Bununla yanaşı, DİM vurğulayıb ki, XI sinfi cari ildə bitirən və ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər istədikləri təqdirdə digər xarici dil fənnindən də əlavə imtahan verə bilərlər.
Mərkəzin açıqlamasına əsasən, buraxılış imtahanında əsas xarici dil üzrə toplanan bal məzunun təhsil sənədinə yazılır. Əlavə olaraq seçilən digər xarici dil üzrə imtahanın nəticəsi isə attestata deyil, yalnız ali və orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsində nəzərə alınır. Beləliklə, XI sinif buraxılış imtahanında əsas xarici dili dəyişmək mümkün olmasa da, qəbul müsabiqəsində istifadə etmək üçün digər xarici dildən əlavə imtahan vermək imkanı yaradılır.
Firuzə Əliyeva






