Logo

"Bu yenilik gəncləri maddi çətinliyə görə təhsildən yayındırmayacaq" - RƏY

"Bu yenilik gəncləri maddi çətinliyə görə təhsildən yayındırmayacaq" - RƏY
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı boşanmış valideynlərin ali təhsil alan övladlarına universiteti bitirənədək aliment ödəməsi məsələsini gündəmə gətirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə məsələ ilə bağlı müvafiq parlament komitələrinin sədrlərinə arayış hazırlamağı tapşırıb.

Bəs sözügedən təklifin qəbul edilməsi gənclərin sosial müdafiəsinə necə təsir göstərə bilər? Bu zaman valideynlərin maddi imkanları necə nəzərə alınmalıdır?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, bu təklif gənclərin təhsil hüququnun və sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm addım ola bilər:

"Bu yenilik gəncləri maddi çətinliyə görə təhsildən yayındırmayacaq" - RƏY

“Bu gün ali təhsil alan gənclərin qarşılaşdığı problemlər yalnız təhsil haqqı ilə məhdudlaşmır. Kirayə, qidalanma, nəqliyyat, dərs vəsaitləri və digər gündəlik xərclər tələbələrin üzərinə ciddi maliyyə yükü qoyur. Xüsusilə valideynləri ayrı yaşayan ailələrdə böyüyən gənclər üçün bu çətinliklər daha qabarıq hiss olunur. Bəzən valideynlər arasında münasibətlərin pozulması övladın təhsil və gələcək inkişaf imkanlarına da mənfi təsir göstərir”.

İqtisadçının sözlərinə görə, valideynlərin övladları qarşısındakı məsuliyyəti onların 18 yaşına çatması ilə tamamilə başa çatmamalıdır:

“Əgər gənc ali təhsil alırsa, hələ əmək bazarında müstəqil gəlir əldə etmək imkanına malik deyilsə və valideynlərinin maddi dəstəyinə ehtiyac duyursa, onun təhsil müddətində təminatına dəstək göstərilməsi sosial ədalət baxımından əsaslandırılmış yanaşmadır. Xüsusilə boşanmış valideynlərin övladları bu baxımdan diqqətdə saxlanılmalıdır. Valideynlərin ailə münasibətlərinin sona çatması uşağın gələcək təhsil imkanlarını məhdudlaşdırmamalıdır. Ata və ananın şəxsi münasibətlərindən asılı olmayaraq, övladın təhsil və inkişaf maraqları qorunmalıdır”.

A.İbrahimov qeyd edib ki, bu təşəbbüs maddi çətinliklər səbəbindən gənclərin təhsildən yayınmasının qarşısını almağa da kömək edə bilər:

“Tələbə bütün vaxtını dolanışıq üçün işləməyə sərf etmək məcburiyyətində qalmamalı, diqqətini təhsilinə və peşəkar inkişafına yönəldə bilməlidir. Təbii ki, qanunvericilikdə tətbiq mexanizmi hazırlanarkən alimentin məbləği, valideynlərin gəlirləri, təhsilin davamlılığı və normal təhsil müddəti kimi məsələlər dəqiq müəyyənləşdirilməlidir. Valideynlərin iqtisadi imkanları nəzərə alınmalı, aliment öhdəliyinin icrası üçün ədalətli mexanizm yaradılmalıdır”. İqtisadçı təşəbbüsün insan kapitalının inkişafı baxımından da əhəmiyyətli olduğunu vurğulayıb: “Mən bu təşəbbüsü yalnız ailə hüququ ilə bağlı dəyişiklik kimi qiymətləndirmirəm. Bu, eyni zamanda insan kapitalına, gənclərin gələcəyinə və təhsilli cəmiyyətin formalaşmasına yönəlmiş sosial investisiyadır. Unutmamalıyıq ki, ali təhsil alan gəncin maddi çətinliklər səbəbindən təhsilini yarımçıq qoyması təkcə həmin ailənin itkisi deyil, bütövlükdə cəmiyyətin insan kapitalına dəyən ziyandır. Valideynlərin övladlarının təhsil müddətində maddi məsuliyyət daşımasını təmin edən belə bir təşəbbüsün qanunvericilikdə öz əksini tapmasını müsbət hesab edirəm”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR