İxtisas seçimləri başlayır: Hansı məqamlara diqqət yetirməlidir? - AÇIQLAMA

Ali məktəblərə qəbul prosesinin növbəti mərhələsi olan ixtisas seçimi avqustun 12-19 tarixlərində aparılacaq. İxtisas seçiminin düzgün aparılması çox önəmlidir. Abituriyentlərin topladığı ballarla yanaşı, onların ixtisas seçimi ilə bağlı qərarı qəbul şanslarına birbaşa təsir edəcək.
Bəs abituriyentlər bu mərhələdə seçimlərini düzgün etmək üçün hansı məqamları nəzərə almalıdır?
Sfera.az xəbər verir ki, təhsil eksperti Əmrah Həsənli ixtisas seçimi zamanı abituriyentlərin diqqət etməli olduğu əsas məqamları açıqlayıb.
Ekspert bildirib ki, ixtisas seçimi qəbul prosesinin ən vacib mərhələlərindən biridir və düzgün strategiya ilə daha aşağı bal toplayan abituriyentlər belə uğurlu nəticə əldə edə bilərlər. Onun sözlərinə görə, seçimlər yalnız ötən ilin keçid ballarına əsaslanmamalıdır, çünki bu göstəricilər plan yerləri və rəqabətə uyğun olaraq dəyişə bilər.
Ə.Həsənli qeyd edib ki, abituriyentlər ixtisas seçərkən həmin sahənin əmək bazarındakı vəziyyətini, şəxsi maraq və bacarıqlarını da nəzərə almalıdırlar.

Ekspert həmçinin abituriyentlərə qərar verərkən tələsməməyi, universitet və ixtisaslar barədə ətraflı araşdırma aparmağı tövsiyə edib. O qeyd edib ki, ixtisas seçimi qısa müddət davam etsə də, verilən qərar gələcək peşə fəaliyyətinə uzunmüddətli təsir göstərə bilər:
"Abituriyentlər seçim siyahısını hazırlayarkən risk balansını da nəzərə almalıdırlar. Siyahıda həm topladıqları bala uyğun, həm daha aşağı, həm də iddialı ixtisaslara yer vermək məqsədəuyğundur. Onun sözlərinə görə, seçim ardıcıllığı abituriyentin şəxsi istəyinə uyğun qurulmalıdır, çünki yerləşdirmə zamanı sistem ilk uyğun gələn seçim əsasında qərar verir".
Ə.Həsənli onu da vurğulayıb ki, abituriyentlər seçim zamanı yalnız yüksək keçid ballı ixtisaslara üstünlük verməməli, siyahıda müxtəlif ehtimallara uyğun seçimlərə yer verməlidirlər.
İradə






