Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olundu - FOTO

Türkiyə-Azərbaycan Universitetinin (TAU) yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə təqdim edilib.
Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafında Nəcibə Nəsibovanın rolunu vurğulayaraq onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə-Azərbaycan Universitetinin iki ölkənin strateji tərəfdaşlığının təhsil sahəsində ən mühüm layihələrindən biri olduğunu qeyd edən nazir müavini əlavə edib ki, universitetin Himayəçilər Şurası qarşıdakı dövr üçün ali təhsil müəssisəsinin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirib.
Rektor Nəcibə Nəsibova öz növbəsində universitetin akademik və inzibati heyətini salamlayaraq bildirib ki, Türkiyə-Azərbaycan Universiteti sadəcə yeni nəsil universitet modeli deyil, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında qardaşlığın, ortaq dəyərlərin təcəssümüdür.Rektor göstərilən etimada görə təşəkkürünü ifadə edərək qarşıya qoyulan hədəflərə nail olmaq üçün çalışacağını bildirib.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024–2025-ci tədris ilindən həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsində "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.
"Kompüter mühəndisliyi" ixtisası üzrə tədris Orta Doğu Texniki Universiteti, "Qida mühəndisliyi" üzrə Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" üzrə isə İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində Azərbaycan Texniki Universiteti prosesdə iştirak edir. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında və ingilis dilində aparılır. Hazırda 174 tələbənin təhsil aldığı universitetə bu il üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Onlardan 60 yer "Kompüter mühəndisliyi", 30 yer "Sənaye mühəndisliyi", 30 yer isə "Qida mühəndisliyi" ixtisası üçün nəzərdə tutulub.








