Azərbaycanlı tələbəmizdən rekord uğur - 13 ölkə, 32 universitet və 9 təqaüd

Azərbaycanlı abituriyent Bahar Mustafazadə beynəlxalq ali təhsil sahəsində diqqətçəkən uğura imza atıb. O, 13 fərqli ölkənin 32 universitetindən qəbul alıb, eyni zamanda 9 ali təhsil müəssisəsindən müxtəlif həcmli təqaüdlər qazanıb.
Sfera.az xəbər verir ki, Bahar Mustafazadənin qəbul aldığı universitetlər arasında ABŞ-nin nüfuzlu ali məktəbləri - Pensilvaniya Universiteti, Şimali Karolina Universiteti (Çapel-Hill), Pensilvaniya Dövlət Universiteti, Pittsburq Universiteti, Arizona Universiteti, Miçiqan Dövlət Universiteti, Arizona Dövlət Universiteti və Oklahoma Universiteti yer alır. Bundan başqa, o, Böyük Britaniyanın Mançester Universiteti, Lankaster Universiteti, Ekseter Universiteti, Liverpul Universiteti və Derbi Universitetindən də qəbul məktubu alıb.
Avropanın aparıcı ali təhsil müəssisələri sırasında isə Finlandiyanın Aalto Universiteti (25 faiz təqaüd), Niderlandın Erazmus Rotterdam Universiteti, Türkiyənin Koç Universiteti (50 faiz təqaüd), Sabancı Universiteti (75 faiz təqaüd), Bilkent Universiteti (80 faiz təqaüd), İspaniyanın IE Biznes Məktəbi və Fransanın EM Normandie Biznes Məktəbi də yer alır. Bahar Mustafazadə Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan ADA Universitetinə də qəbul olmağı bacarıb. Onun qazandığı təqaüdlər arasında Arizona Dövlət Universiteti tərəfindən təqdim olunan 56 min ABŞ dolları məbləğində təqaüd xüsusilə diqqət çəkir.
Beləliklə, Bahar Mustafazadə ümumilikdə 13 ölkənin 32 universitetindən qəbul, 9 universitetdən isə təqaüd qazanaraq beynəlxalq ali təhsil sahəsində əlamətdar nəticəyə imza atıb. Məlumata görə, bu uğurun əsasında illər ərzində iştirak etdiyi layihə əsaslı təhsil proqramları, beynəlxalq olimpiada və yarışlarda qazandığı nailiyyətlər, müxtəlif ölkələrdə əldə etdiyi təcrübə, eləcə də analitik düşüncə, liderlik, kommunikasiya və problem həll etmə bacarıqlarının inkişafı dayanır. Beynəlxalq Təhsil Mərkəzi və “Marsol Academy” Bahar Mustafazadəni bu uğuru münasibətilə təbrik edib, ona gələcək təhsil və karyera həyatında yeni nailiyyətlər arzulayıb. Bildirilib ki, onun əldə etdiyi nəticələr xaricdə təhsil almağı hədəfləyən minlərlə gənc üçün ilham mənbəyi ola bilər.
https://www.instagram.com/beynelxalqtehsil.az?igsh=OHQ1ZDhybzB6NzMz
https://www.instagram.com/marsolacademy?igsh=eXI2OWl2NWloYXo%3D









