Subbakalavrların universitetlərə qəbul şansı aşağı olacaq? - AÇIQLAMA

Bu il II ixtisas qrupu üzrə subbakalavrların ali təhsil müəssisələrinə qəbul imkanlarının əvvəlki illərlə müqayisədə azalacağı ilə bağlı iddialar gündəmdədir.
Müzakirələrə səbəb olan əsas məsələlərdən biri də Dövlət İmtahan Mərkəzinin (DİM) bəzi ixtisasları 150 balla qəbul aparılan ixtisaslar siyahısına daxil etməsidir. İddia olunur ki, bu dəyişiklik nəticəsində əvvəllər subbakalavrların qəbul ola bildiyi bəzi ixtisaslarda boş yerlər azalacaq və onların universitetə qəbul şansları zəifləyəcək.
Digər tərəfdən, bəzi ali təhsil müəssisələrinin subbakalavr qəbul etməyəcəyi ilə bağlı yayılan məlumatlar da narahatlıq yaradıb.
Bəs bu narahatlıqlar nə dərəcədə əsaslıdır? II ixtisas qrupu üzrə subbakalavrların qəbul imkanları həqiqətən azalıbmı? Plan yerlərinin sayında dəyişiklik gözlənilirmi və bu, qəbul nəticələrinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin I və II ixtisas qruplarında 150 balla qəbul aparılan ixtisasların sayının artırılması ilə bağlı açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Ekspert bildirib ki, I ixtisas qrupu üzrə kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, logistika, nəqliyyatda logistika, II ixtisas qrupu üzrə isə maliyyə, iqtisadiyyat, beynəlxalq logistika, beynəlxalq ticarət və logistika kimi ixtisasların 150 ballıq siyahıya daxil edilməsi düzgün qərar deyil:
"Bu ixtisaslar onsuz da kifayət qədər rəqabətli idi və keçid balları yüksək olurdu. Onların 150 ballıq ixtisaslar sırasına salınması aşağı bal toplayan abituriyentlərdə qəbul ola biləcəkləri ilə bağlı yanlış gözlənti yarada bilər. Halbuki həmin ixtisaslarda rəqabət yenə də yüksək olacaq və bir çox universitetlərdə qəbul olmaq çətinləşəcək. Bu isə abituriyentlərin seçim imkanlarını məhdudlaşdıra bilər".
R.Nurəliyevin sözlərinə görə, bu dəyişiklik subbakalavrların qəbul imkanlarına da təsir göstərəcək:
"Əvvəllər II ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat kimi ixtisaslarda boş qalan plan yerlərinə subbakalavrlar qəbul ola bilirdilər. Lakin bu ixtisaslar 150 ballıq siyahıya salındıqdan sonra həmin boş yerlərin də abituriyentlər tərəfindən doldurulacağı ehtimalı artır. Nəticədə subbakalavrlar üçün yer qalmaya bilər. Hazırda III ixtisas qrupunda da eyni vəziyyət müşahidə olunur. Orada plan yerləri tam dolduğu üçün subbakalavrların qəbul imkanı faktiki olaraq yoxdur".
Ekspert bildirib ki, plan yerlərinin sayında ciddi dəyişiklik gözlənilmir:
"Hələ plan yerləri açıqlanmayıb və bu məlumat "Abituriyent 4" jurnalında dərc olunacaq. Lakin indiyədək verilən məlumatlara əsasən, ötən illə müqayisədə plan yerlərində ciddi azalma və ya artım gözlənilmir. Yalnız cüzi artım ola bilər".
Ramin Nurəliyev hesab edir ki, 150 ballıq ixtisasların sayı artırılacaqdısa, bu, daha çox boş qalan ixtisasları əhatə etməli idi:
"Hər il dövlət sifarişli minlərlə plan yeri boş qalır. Məhz həmin ixtisaslar və region universitetlərindəki ixtisaslar 150 ballıq siyahıya daxil edilsəydi, daha məqsədəuyğun olardı. Bu həm boş qalan plan yerlərinin dolmasına, həm də region universitetlərinə marağın artmasına səbəb olardı".
Ekspert əlavə edib ki, hazırkı dəyişiklik abituriyentlərə dəstəkdən daha çox subbakalavrların qəbul imkanlarını məhdudlaşdırır:
"Mən bu addımı abituriyentlərə dəstək kimi qiymətləndirmirəm. Əksinə, hesab edirəm ki, bu qərar daha çox subbakalavrların qəbul imkanlarına mənfi təsir göstərəcək. Əgər məqsəd həqiqətən də abituriyentlərə dəstək vermək idisə, bu dəyişiklik bütün ixtisas qruplarını və xüsusilə region universitetlərini də əhatə etməli idi".
Firuzə Əliyeva
Sfera.az






