"Ballara məktəb performansı da əlavə olunsun" – Qəbulla bağlı yeni TƏKLİF

Universitetlərə qəbul qaydaları ilə bağlı yeni təklif irəli sürülüb.
Sfera.az xəbər verir ki, təhsil eksperti Ramin Nurəliyevin fikrincə, mövcud modeldə yalnız imtahan nəticələrinin əsas götürülməsi şagirdin illər ərzində göstərdiyi performansı tam əks etdirmir.
Ekspert hesab edir ki, ümumi 700 yekun balın üzərinə məktəb performans balı da əlavə olunmalıdır.
“Məktəb performans balı şagirdin orta ümumtəhsil məktəbində tədris ili boyu nümayiş etdirdiyi təlim-tərbiyə səviyyəsini əks etdirən və yekunda Pedaqoji Şura tərəfindən 100 ballıq şkala üzrə verilən qiymətləndirmədir. Pedaqoji Şura buraxılış sinfinin sonunda hər şagird üçün performans balı müəyyən edəcək. Bu, şagirdin təhsil müddətindəki ümumi fəaliyyətini ortaya çıxaracaq və qəbul imtahanında topladığı bala əlavə olunacaq. Qiymətləndirmə zamanı attestat qiymətləri, şagirdin nailiyyətləri və Pedaqoji Şuranın rəyi ümumiləşdirilmiş şəkildə nəzərə alınacaq”, – deyə o bildirib.

Ekspert təklifin müsbət və mənfi tərəflərinə də toxunub:
“Bu model tətbiq edilərsə, məktəblərdə şagirdlərin nizam-intizamı artacaq, məktəbin və müəllimin nüfuzu yüksələcək. Şagird məktəbə və müəllimlərinə daha çox etimad göstərəcək. Nizam-intizamın məktəb performans balına təsir edəcəyini bilən şagirdlər təhsil müəssisəsinə və pedaqoqlara qarşı daha məsuliyyətli olacaqlar. Lakin risklər də yox deyil: ciddi nəzarət olmadığı təqdirdə obyektivlik prinsipləri pozula və ayrı-seçkilik yarana bilər”.
Ramin Nurəliyev beynəlxalq təcrübəyə də diqqət çəkib. Onun sözlərinə görə, hazırda bir çox inkişaf etmiş ölkələrdə məktəb göstəriciləri universitetə qəbulda mühüm rol oynayır. Hətta bəzi ali təhsil müəssisələri qəbul zamanı müəllim rəyini və tövsiyə məktubunu (referans) daha üstün tutur.
“Amerika Birləşmiş Ştatları, Almaniya, Finlandiya, İtaliya və Kanada kimi ölkələrdə məktəb performansı yüksək qiymətləndirilir. Azərbaycanın mövcud qəbul sistemində isə məktəb performansının rolu, demək olar ki, yox dərəcəsindədir”, – deyə o vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az
